Xərçəngə qalib gələn jurnalist: “Özümüzü aldatmasaq, yaşaya bilmərik”
Ötən il dünyada 18.1 milyon şəxsə ilk dəfə olaraq xərçəng xəstəsi diaqnozu qoyulub. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, bu şəxslərdən isə yalnız 9.6 milyonu dünyasını dəyişib. Rəsmi statistikaya əsasən, bu gün dünyada hər 5 kişidən və hər 6 qadından 1-i xərçəng xəstəsidir. Lakin xərçəng heç də həmişə ona tutulanları öldürmür. Bu gün dünyada xərçəng xəstəsi ola-ola uzun müddət yaşayan xeyli sayda insan var.
Azərbaycanda xərçəngdən dünyasını dəyişən məşhurlar da az deyil. Eyni zamanda bu gün ictimaiyyət arasında tanınan şəxslər sırasında xərçəngdən əziyyət çəkənlər də var. Sputnik Azərbaycan-ın “XərçəngSiz” rubrikasının bu dəfəki qonağı sözügedən xəstəliyə qalib gəlmiş tele-aparıcı Tahirə Məmmədqızıdır.
– Deyirlər ki, xərçəng xəstəliyində ən çətin mərhələ onunla ilkin tanışlıqdır. Siz bu mərhələni necə keçmisiz?
– Bu xəstəliyin adını eşidəndə anidən susqunlaşırsan, bir qədər dayanırsan. Mən də digərləri kimi bu xəstəliyə hazır deyildim. Tək qadının qayğıları, problemlər, iş, efir bəzən adamın ağrılarını da unutdurur. Amma evə gedib istirahət etmək istəyəndə, ağrılar özünü hiss etirməyə başlayır. Oğlum əsgər idi deyə hər həftəsonu Lənkərana gedib ona baş çəkirdim. Bu müddətdə qanaxmalarım həddindən artıq çoxalmışdı. İynələr alaraq özümü müalicə edirdim ki, qan kəsilsin, işə gedib-gələ bilim. Oğlum 21 günlük müalicə üçün Bakıya hospitala göndəriləndə anladım ki, səhhətimdə ciddi problemlər var. Tolikin verilişinə çıxandan sonra isə “faytonçu” Nazimin həkimi Elman Əzimov mənimlə əlaqə saxlayıb kömək etmək istədiyini dedi. Təxminən iki il öncə Nazimlə məhz bu həkimə görə aramda mübahisə yaranmışdı. Həmin həkimin vəkili Elvin Səlimov mənə izahlı şəkildə bütün sübutları vermişdi. Onunla söhbət edəndə düşündüm ki, mən vəkillə yox, eyni zamanda həm də həkimlə danışıram. Sadəcə olaraq onu deyirdim ki, məhkəmə qərarı yoxsa, kimisə cinayətkar adlandırmaq, savadsız demək düzgün deyil. Peşəkar jurnalist olduğum üçün kimisə cinayətkar adlandıra bilməzdim. Orada dedilər ki, mən tərəfkeşlik edirəm, hətta Nazim buna görə mənə qarğış da etdi. Deməzdim ki, bu qarğış məni tutdu. Çünki heç birimiz kiminsə alqışı ilə yoğrulmamışıq ki, qarğışı ilə də nəyəsə düçar olaq. Düşünürəm ki, səhhətimə məsuliyyətsiz yanaşdım deyə, bu xəstəlik baş qaldırdı.
– Eşitdiyimizə görə, sizdə başqa bir onkoloji xəstəlik də olub…
– 6 il əvvəl sinəmdə xoşxassəli şiş aşkarlanmışdı. Əməliyyatdan 3 gün sonra atamı itirdim. Bu çətinlikləri, ağrıları yaşayan biriyəm. Kiminsə, “başına gəlsin” – deyib məni günahlandırması düzgün deyildi. Bu ağır gündə həmin həkim mənə təmənnasız dəstək göstərdi. Həkimin baxışlarından hiss etdim ki, artıq nəsə var. O, mənə müayinələr üçün pul verdi və dedi ki, vəziyyət gözlədiyimdən pisdir. Diaqnoz təyin olundu ki, bədənimdəki 7 şiş bədxassəlidir. Əməliyyata girməyə hazırlaşırdım. Lakin ağzımdan qan gəldiyindən, yeriməyə belə taqətim olmadığından 2 ay əməliyyata hazırlıq mərhələsi keçdim. Martın 4-də mənim doğum günüm idi. Amma bundan sonra martın 2-si tarixini də doğum günü kimi qeyd edəcəyəm. Yenidən həyata qayıtdığım üçün…
Teleaparıcı Tahirə Məmmədqızı
– Həmin anlarda kimi görmək istəyirdiz?
– Oğlumu. Əməliyyata girəndə də onun səsini eşitmək istədim. Onunla danışanda əməliyyata girəcəyimi bilmirdi. Çünki telefon və internetdən uzaq olduğu üçün xəstəliyimdən də xəbərsiz idi.
– Nədənsə, bu müddətdə daha çox özünüzə qapandız…
– Xəstəliyim haqda yalnız jurnalist dostum Könül İbrahim bilirdi. Mən istəməsəm də, o artıq bu məlumatı ictimailəşdirmişdi. Sadəcə olaraq, qalmaqallı jurnalist kimi tanındığım üçün düşündüm ki, bu məlumat birmənalı qarşılanmayacaq. Kimsə şou yaratmaq üçün belə etdiyimi deyəcək. Bu günlərdə 19 illik yol yoldaşım olan, məni böyüdən, güclü qadın imicimi yaradan “Şərq” ailəsi mənim yanımda oldu. Yadımdadır, o qəzetə gedəndə oğlumun 1 yaşı vardı.
– Nəsə bir şey baş verəndə həyatda möhkəm olmaq, davam etmək üçün bir səbəbimiz, daha dəqiq desək, bir dayağımız olur. Sizin bu dayağınız nə, yaxud da kim idi?
– Pafosa qatılmadan deyirəm, artıq xəstəliyimi biləndə, əlimi özümdən üzmüşdüm. Bu elə bir xəstəlikdir ki, ya mübarizə aparıb davam etməli, ya da əlini çəkib təslim olmalısan. Mən isə ölümdən yox, övladımın yıxıla biləcəyindən qorxurdum. Çünki onu həyata öyrətməmişdim. Nədəsə gözü qalmasın deyə, bəzən gücüm çatmayanı da ona rahatlıqla verdiyimi göstərmişəm. İstəmişəm ki, kənardan əzgin görünməsin, atasızlığını hiss eləməsin. Yanılmışam, düşünürəm ki, əslində onu daha sərt böyütməli idim. O atasızlığını hiss etməsin deyə, hər dəfə başqa bir səhvə yol vermişəm. Elşən ehtiyacı olan vaxtlarda yanında atasını yox, yalnız anasını görüb. O, məni zəif görsəydi, yıxılardı. “Bir gün o, mənsiz qalsa nə edəcək?” – deyə düşünmüşəm, amma heç nə etməmişəm. Əməliyyata girəndə bir onu düşündüm ki, kaş oğlumun toyunu görə biləydim. Ətrafımda olan başqa doğmalarım mənim üçün maraqlı deyildi. Çünki ölənlə ölmürlər, onlar ayaq üstdə dura biləcəklər. Bu gün ayaqda olmağımın bir səbəbi həkimin şəfalı əlləridirsə, digər səbəbi də oğlumun varlığıdır. Bu elə bir xəstəlikdir ki, onunla mübarizə aparıb qalib olmaq istəyirsənsə, mütləq bir səbəbin olmalıdır. Fuad Poladov dünyasını dəyişməzdən öncə onunla telefonla danışdıq. Bir sözü heç zaman yadımdan çıxmır. Fuad Poladov dedi ki, “xərçəngi sevməyə başlamışam”, “xəstəliyimə vurulub onun nazını çəkməyə başlamışam”. Bu söz məndə şüuraltı qalmışdı. Xəstəliklə mübarizə aparanda onun bu sözündən böyük motivasiya aldım. Bilmirəm mən bu xəstəliyə düşmən kəsildim, yoxsa dost oldum, amma deyəsən, biz hər şeyi yola verdik.
Teleaparıcı Tahirə Məmmədqızı
© SPUTNİK / NİGAR MAHARRAM.
Teleaparıcı Tahirə Məmmədqızı
– Bəzi valideynlərdən fərqli olaraq, deyəsən siz övladınızla dostsunuz…
– Nəinki oğlum, elə onun dostları ilə də dostam. Hərdən Elşənin dostları mənə “dayı” deyirlər. Oğluma demişəm ki, bəlkə nə vaxtsa çox böyük səhvin ola bilər, amma onu məndən gizlətmə. Demişəm ki, hətta başqası üçün cinayətkar olarsansa belə, mənim oğlumsan, ananam. Bu dostluğu mən əldə etmişəm. Biz bəzən mənasız abır pərdəsi, mental dəyərlər üzərində nəsə yaratmağa çalışırıq. Oğlumu məndən uzaqlaşdırcaq şeylər mənə lazım deyil.
– Xəstəliyin yenidən yaranma ehtimalı necə, varmı?
– Deyilənə görə, xəstəliyin yenidən yaranma ehtimalı ola bilər. Çünki qadınlıq orqanları götürüldüyü üçün hormonlarda dəyişiklik yaranır. Nəticədə isə döş nahiyəsində də şişlər yarana bilər.
– Qalib gəlmək üçün başqa nə etmək lazımdır?
– Sadəcə, təslim olmamaq lazımdır. Bu, həyatdır, heç birimiz ölümdən sığortalanmamışıq. Sap-sağlam adam yol keçəndə başına kərpic düşür, dünyasını dəyişir. Hər gün nə qədər insan avtomobil qəzasında ölür. Ona görə də, “xərçəngəm” deyə düşünüb dünyanızı qaraltmayın. Bundan başqa, xərçəng xəstələrinə güzgüyə baxmamağı tövsiyə edirəm. Əməliyyata qədər simamı tamamilə itirmişdim. Göz nahiyəm çökmüşdü, özümü canlı ölü kimi hiss edirdim. Hər səhər durub özümə baxanda çox pis olurdum. Belə xəstələr çalışsınlar ki, daha çox ruhlarına yaxın insanlarla, ruh əkizləri ilə təmasda olsunlar. Mən də bu müddətdə rəfiqələrimlə, “Şərq”çi İlahə, Nailə və digərləri ilə dərdləşirdim.
– Bu xəstəlik sizə nə öyrətdi?
– Xəstəlik mənə həm laqeyd, həm də canıyanan insanları göstərdi. Ruhi, Elnarə Abdullayeva, Nazənin, İzzət Bağırov, Şəbnəm Tovuzlu, Vüsalə Əlizadə, Vüsalə Səid, Fəxriyyə Lilpar və jurnalist dostlarım mənə dəstək oldular. Amma hər zaman yanında olduğum, problemlərini həll etdiyim insanların da laqeydliyini gördüm və anladım ki, bundan sonra özümə və oğluma ayırmalı olduğum zamandan onlara sərf etməyəcəyəm. Çünki övladım əsgər olanda da kimsə onunla maraqlanmadı.
– Xəstə olduğunuz müddətdə qınaqlar necə, eşitdizmi?
– O qədər…. Bəziləri dedi ki, kül başına, pəhriz saxlayıb özünü bu günə salmısan. Amma mən bir dəfə də olsa, dieta saxlamamışam.
– Kənardan isə çox güclü qadın imici yaratmısız…
– Mənə güclü qadın deyirlər, amma bu sözlə razılaşmıram. Çünki təkliyin nə olduğunu görən qadınam. 19 ildir oğluma həm ata, həm də ana olmağa çalışmışam. Bu illərdə bir çox çətin qapıları tək döymüşəm. Xəstəlik dönəmində bir də onu başa düşdüm ki, güclü qadın yoxdur, zərif qadın var. Biz özümüzü güclü olmaqla aldatmağa çalışırıq. Çünki özümüzü aldatmasaq, yaşaya bilmərik. Özümüzü zəif göstərsək, daha çox vurulacaq, əziləcəyik. Bunun üçün də, belə desək, artistik etmişəm, yalandan gülmüşəm. Hansısa tənha qadınla həmsöhbət olsaz, görərsiz ki, o, zamanla yalnız 4 divarla sirdaş olub. Mən də elə olmuşam. Dörd divarı o qədər çox sevmişəm ki, ona şeir də yazmışam. Bəzən kimlərləsə bölüşmədiyimi o dörd divarla bölüşmüşəm, ona od püskürmüşəm. Bilirsiniz necədir, ağlayanda göz yaşını siləcək adam yoxdursa, heç onu kiməsə göstərməyə də ehtiyac yoxdur. Bəzən ən yaxın qohumlar da ağırının harada başlayıb, harada qurtaracağını bilmir. Bəzi doğmalarım üçün o qədər güclü görünmüşəm ki, onlar da mənim qadınlığımı yaddan çıxardıblar.