Professor: “İnsana meymundan yox, donuzdan orqan köçürülməsi daha əlverişlidir” – MÜSAHİBƏ
Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramovun E-tibb.az-a müsahibəsini azia.az təqdim edir.
– Azərbaycanda hansı orqanların transplantasiyası həyata keçirilir?
– Bu gün Azərbaycanda böyrək, qaraciyər, sümük iliyi transplantasiyası və kök hüceyrələrinin köçürülməsi həyata keçirilir.
– Kök Hüceyrə Mərkəzinin yaradılması barədə təkliflər verilir. Sizcə, buna nə dərəcədə ehtiyac var?
– Azərbaycanda Kök Hüceyrə Mərkəzinin yaradılmasına böyük ehtiyac var. İnkişaf etmiş ölkələrdə, hətta az inkişaf etmiş ölkələrdə belə mərkəzlər var. O cümlədən postsovet ölkələrin əksəriyyətinə, Rusiyada, Ukraynada, Gürcüstanda kök hüceyrə mərkəzləri var. Yaxın Türkiyə bu sahədə çox irəliyə gedib. Avropa ölkələrinin hamısında Kök Hüceyrə Mərkəzi var. Çin bu sahədə çox böyük işlər görməkdədir. Tailand və Koreya da bu istiqamətdə böyük irəliləyişlər əldə ediblər. Təbabətin gələcəkdə əsas istiqamətlərindən biri regerativ təbabət dediyimi sahədir. El dili ilə desək. Artıq kök hüceyrələr vasitəsi ilə müəyyən orqanları, toxumaları əldə etmək və onların vasitəsi ilə sıradan çıxmış, fəaliyyət göstərməyən orqanları əvəz etmək mümkündür. Ölkəmizdə də buna çox böyük ehtiyac var. Kök Hüceyrə Mərkəzi olmadan təbabətin müasir səviyyəsinə çatmaq mümkün deyil.
– Belə bir Mərkəzin yaradılması nə dərəcədə asandır?
– Bunun üçün elə bir çətinlik yoxdur. İlk başlanğıcda maliyyə vəsaiti lazımdır. Dünyada Kök Hüceyrə Mərkəzinin yaradılması üçün böyük təcrübə var. Kök Hüceyrə Mərkəzini yaradan, quran şirkətlər də var. Sadəcə, sifarişini verirsən, gəlib Kök Hüceyrə Mərkəzini qururlar. Kök Hüceyrə Mərkəzi nədən ibarətdir? Mərkəzdə kök hüceyrə yetişdirmə laboratoriyası, tədqiqat laboratoriyası, klinik tətbiq bölməsi olur. Yəni standartları, yolu, qaydası məlumdur. Əvvəllər Kök Hüceyrə Mərkəzini yaratmaq çox baha idi, 20-30 milyon dollar tələb olunurdu. Bu gün Kök Hüceyrə Mərkəzi yaratmağın xərcləri də azalıb, 10-15 milyon dollara ən müasir səviyyəli Kök Hüceyrə Mərkəzi qurmaq olar. Hətta başlanğıc üçün 5-7 milyonla da Kök Hüceyrə Mərkəzi yaratmaq olar.
– Azərbaycanda hansı orqanlara, toxumalara daha çox ehtiyac duyulur?
– Dünyanın və Azərbaycanın da təcrübəsi göstərir ki, ehtiyaca görə ilk pillədə böyrək transplantasiyası qərarlaşıb. İkinci yerdə qaraciyər, üçüncü yerdə mədəaltı vəzi, dördüncü yerdə ürək transplantasiyası, daha sonra digər orqanlar gəlir. Sümük iliyi transplantasiyası da ilk sıralarda durur.
– Ölkəmizdə orqan köçürülməsi ehtiyacı hansı səviyyədə təmin olunur?
– Dövlət Proqramında böyrək transplantasiyası üçün müəyyən məbləğ ayrılıb və bu məqsədlə istifadə edilir. Amma qaraciyər transplantasiyası ilə əlaqədar dövlətin belə bir proqramı yoxdur.
– Donor problemi hansı səviyyədədir?
– Bu, hazırda bütün dünyanın problemidir. Hazırda dünyada iki mənbə var. Birincisi, canlı, sağlam adamlardan, ikincisi, beyin ölümü keçirmiş şəxslərdən orqanlar götürmək olar. Beyin ölümü keçirmiş insanlardan orqan alınması proseduru hələ Azərbaycanda yoxdur. Düşünürük ki, Milli Məclisdə transplantasiya haqqında yeni qanunun qəbulundan sonra bu işlərə başlanacaq. Bu gün Azərbaycanda yeganə mənbə canlı donorlardır. Məsələn, canlı insandan böyrəyin birini, yaxud qaraciyərin bir parçasını alıb, xəstələrə köçürürük. Amma bu, çox böyük bir mənbə deyil, tələbatın çox hissəsini ödəyə bilmir. Hər zaman da sağlam insan tapmaq çox çətin olur. Qaraciyəri sağlam insan axtarırsan, bəzən 10-15 nəfər yoxlayırsan, yalnız birini donor kimi müəyyənləşdirə bilirik. Canlı donordan orqan alınması hər zaman problem olur. İkincisi, istər-istəməz canlı donoru əlavə əməliyyat edirsən. Ona görə də dünyada da meyitdən orqan götürülməsini artırırlar. Bu belə ehtiyacı ödəmir. Ona görə də hazırda dünya regenerativ təbabət süni orqanların yetişdirilməsinə daha çox diqqət ayırır. O cümlədən heyvanlarda müəyyən modifikasiya apararaq, onlardan insanlara orqan köçürülməsi dünyada əsas istiqamətdir. Heyvanlarla bağlı ilkin nəticələr var, amma hələ klinik tətbiq həyata keçirilməyib. Düşünürük ki, yaxın gələcəkdə ya heyvanlardan orqan alınması, ya yetişdirilmiş orqanların insanlara köçürülməsi həyata keçiriləcək.
– Heyvanlardan orqanların insanlara köçürülməsi ilə bağlı sualımız olacaq. Ancaq öncə ölkəmizdə yalnız qohumlardan canlı donor kimi yararlanılması məsələsinə toxunmağınızı istəyirik. Bu, əlavə problem yaratmır ki?
– Əvvəlki qanunumuzda yalnız qohumun donor ola bilməsi məsələsi əksini tapmamışdı, könüllülük prinsipi əsas götürülmüşdü. Ancaq orqanların alqı-satqısı, ticari məqsədlər olmamalı idi. Hazırkı yeni qanun layihəsində də donorun yalnız qohum olması şərti qoyulmayıb. Qanunda donorluqla bağlı könüllülük prinsipi, ticari məqsədin olmaması və sağlamlıq əsas şərtdir. Amma bəzən belə hallarda ticari, digər məqsədlər olduğu üçün hazırkı qanuna müəyyən dəyişikliklər edilib, əlavələr olunub. Qohumdurlarsa, qohumluqlarını təsdiq edən sənəd varsa, həmin şəxslərdən birbaşa orqan alıb, köçürtmək olar. Əgər qohum deyillərsə, yeni qanunda yeni bir qurumun – Etik Komissiyanın yaradılması nəzərdə tutulub. Belə komissiyalar qonşu ölkələrdə də var. Etika Komissiyasında donorlar yoxlanır, əgər onlar arasında ticari məqsədlərin olmadığı, könüllülük prinsipinin olduğu əsas götürülübsə, belə halda da transplantasiya həyata keçirmək mümkün olacaq.
– Meyitlərdən orqan götürülməsi üçün hansı mexanizmin yaradılmasına ehtiyac var? Yeni qanun bunu tənzimləyə biləcəkmi?
– Bəli, yeni qanunda dünyanın təcrübəsi də nəzərə alınıb. Birincisi, sağlığında insanın vəsiyyəti ön plana çəkilir. Əgər insan sağlığında vəsiyyət edibsə ki, orqanlarından istifadə edilsin, bunun qarşısını heç kim ala bilməz. Əgər belə vəsiyyəti yoxdursa, yaxın qohumlarının birinin, ikisinin razılığı ilə bu, həyata keçirilə bilər. Digər tərəfdən, insanların buna razı olması üçün ölkəmizdə maarifləndirmə işinin aparılmasına geniş ehtiyac var. Bu sahədə də media çox önəmli rol oynayır. Zatən, insan öləndən sonra orqanlar da çürüyüb gedir. Amma bir insan ölümündən sonra ən azı 7 nəfərə şəfa verə bilər. Mediada belə təbliğatın aparılmasına ehtiyac var. Şagirdlərdən başlayaraq cəmiyyətin bütün təbəqələrində, dini icmalarda bu məsələ müzakirə, təbliğ olunmalıdır. Çünki dünyanın bu sahədə çox yaxşı təcrübəsi var. Məsələn, qonşu Türkiyənin, İranın çox yaxşı təcrübəsi var. Belarusda da bu sahədə yaxşı təcrübə formalaşıb. İspaniya bu sahədə çox irəlidədir.
– Transplantasiyanın gələcəyini heyvanlardan insanlara orqan köçürülməsində – zenotransplantasiyada görənlər də çoxdur. Siz necə düşünürsünüz?
– Bu, əslində yeni deyil, əvvəllər də belə cəhdlər olub, ancaq uğursuzluqla nəticələnib. Daha çox meymunlardan insanlara qaraciyər köçürülüb. O insanların içərisində bir nəfər ən çox 72 gün yaşayıb. O insanlar həyatlarını itiriblər. Amma dünya yenidən bu sahənin üzərinə başqa formatda qayıdıb. Çünki əvvəlki orqan köçürmələrində insan heyvanın genetikasını dəyişdirə bilmirdi. Heyvan orqanı insana köçürüləndə çox təhlükəli rəddetmə olurdu. Amma bu gün heyvanların genetikasında ciddi dəyişikliyə nail olub, heyvanlardakı antigenlərə müəyyən dəyişiklik etməklə insanın ona reaksiyasını aradan qaldırmaq imkanı yaranıb. Açığı, bu sahəyə böyük ümidimiz var.
Dünyada orqan köçürülməsində bu gün iki mənbə – canlı və meyit var. Amma bunların heç bir mövcud tələbatı ödəyə bilmir, yalnız 30 faizini ödəyə bilir. Heç bir ölkədə də bu iki mənbəni artırmaq da mümkün deyil. Ona görə də qarşımızda iki mənbə qalır. Birincisi, genetikasını dəyişərək, modifikasiya edərək heyvanlardan insanlara orqanlar köçürmək, ikinci variant isə kök hüceyrələr vasitəsi ilə orqan yetişdirərək istifadə etməkdir.
– Hazırda dünyada bu məsələ ilə əlaqədar heyvanlar içərisində diqqət daha çox donuza yönəlib. Buna necə baxırsınız?
– Donuzlar bir çox cəhətdən insanlara yaxın heyvanlardan biridir. Meymun insana yaxındır, amma bəzi cəhətlərinə görə donuz insana daha yaxındır. Donuzları yetişdirmək, onların üzərində manipulyasiya aparmaq da meymunlardan daha asandır. Bu gün meymun yetişdirmək çox çətindir. Meymunların çoxu da balaca olur, onun orqanı kiçik olur. Bir insana 1 kq qaraciyər köçürmək üçün belə meymun tapmaq və yetişdirmək çətin məsələdir. Amma donuzları yetişdirmək hər cəhətdən asandır. Donuz 12 bala doğur.
Bizim orqan köçürərkən əsas məqsədimiz həmin böyrəyin, qaraciyərin funksiyasını yerinə yetirməsidir. İnsan qaraciyəri ilə müqayisə etdikdə, donuzun qaraciyəri insanın qaraciyərindən geri qalmır, ümumi yaxın cəhətləri çoxdur. O da unudulmamalıdır ki, hər il dünyada 200 min insan qaraciyər köçürülmədiyi üçün dünyasını dəyişir. Dünyada bu sahədə görülən işlər 5 il sonra donuzlardan orqan köçürülməsinin mümkün ola biləcəyini göstərir. Heyvanlardan insana orqan köçürülməsi canlı insanlardan orqan köçürülməsinə son qoya bilər.
– Dini baxımdan bu, Azərbaycan üçün problemli olmayacaq ki?
– Bu, təbabətdir, dini amil buna mane ola bilməz. Bu gün bir çox dərmanların tərkibində spirt var. Dinimizdəki hədislərdə də var ki, əgər dərmandırsa, sağlamlıq üçün lazımdırsa, onu qəbul etmək olar. Digər tərəfdən, donuzlardan orqan köçürməsi deyirik, onun genetikası dəyişdiriləndən sonra bu tam da donuz olmur ki?! Bu, artıq donuz deyil, insana yaxın varlıq olur. Məsələnin bu tərəfi də var.
– Sizcə, dünyada neçə ildən sonra istənilən şəxs mağazadan alırmış kimi orqan ala biləcək?
– Təbabət bu sürətlə inkişaf edərsə, dünyada fəlakətli bir şey olmasa, dünya da bu templə irəliləyərsə, 10 il içərisində bu, mümkün olacaq. Hətta 5 il sonra da dünya buna nail ola bilər.