azia.az
azia.az

Multikulturallığın ənənəvi nümunəsi: Novruz bayramı

16-03-2016, 09:38

Multikulturallığın ənənəvi nümunəsi: Novruz bayramı Şakir Əlifoğlu,
AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent


Novruz bayramı və onun ayrılmaz tərkib hissəsi olan ilaxır çərşənbələr hər il ölkəmizdə böyük coşqu ilə qeyd olunur. Novruzqabağı nəğmələrin ikinci qrupunu çərşənbələrlə bağlı ritual və mərasim nəğmələri təşkil etdiyini bildirən mərhum folklorşünas Azad Nəbiyev ilaxır çərşənbələrdən söz açarkən göstərirdi ki, “ilaxır çərşənbələrlə bağlı görüşlər ulu əcdadın ilkin insanın yaranmasında iştirak edən Su, Od, Yel və Torpaq mifizmi ilə bilavasitə bağlıdır. Törəniş düşüncəsi təsəvvürünü formalaşdıran bu ünsürlər mərasim folklorunda müxtəlif kult və mif sistemləri şəklində öz əksini tapdı. Onların hər biri ilə bağlı silsilə nəğmə və miflər yarandı, çərşənbələrin hər biri milli yaddaşda insana uğur və xoşbəxtlik gətirən rəmzlər kimi geniş məna, məzmun mündəricəsinə yiyələndi.
Mərasim folklorunda çərşənbələrin sayı və sıra düzümü ilə bağlı müxtəlif mülahizələr vardır. Bir sıra hallarda çərşənbələr 5-7-12 arasında göstərilir. Bu isə ümumilikdə Novruz mərasimi, onun keçirilməsi vaxtı və ölçülərinə uyğun gəlmir. Mərasim sistemində Novruza hazırlıq dekabrın 21-dən (yeni təqvimlə) başlayır və üç mərhələdə bayram davam etdirilir. Birinci mərhələ Böyük Çillə və Kiçik Çillənin arası (21 dekabr-1 fevral), ikinci mərhələ Kiçik Çillənin davam etdiyi müddət (1-20 fevral), üçüncü mərhələ isə 4 həftəlik axır çərşənbələri əhatə edən Boz aydır. Bundan sonra isə Novruz gəlir”. Multikulturallığın ənənəvi nümunəsi: Novruz bayramı Göründüyü kimi, Novruz bayramı sadəcə yaz fəslinin gəlişi ilə məhdudlaşmır. Novruz bayramı kimi geniş əhatə tutumuna malik olan ikinci bir bayram tapmaq çox çətindir. Onun əhatə arealı öz başlanğıcını ən azı qış fəslinin gəlişindən götürür, belə olduqda isə miladi təqvimlə hesablanan Yeni il şənliyini də öz əhatə dairəsinə alır. Bəlkə elə bu hikmətdəndir ki, hər il ölkəmizdə böyük təntənə ilə qarşılanan və keçirilən Novruz bayramı təkcə ümumxalq bayramı kimi yox, təkcə milli bayram səviyyəsində yox, ölkəmizin ərazisində (hətta ölkəmizin hüdudlarından çox-çox uzaqlarda belə!) yaşayan bütün dinlərin və irqlərin nümayəndələri tərəfindən də böyük sevgi ilə qarşılanır, barış və həmrəyliyin nümayişinə çevrilir. Daha dəqiq ifadə eləsək, Novruz bayramı multikultural dəyərlərə malik cahanşümul əhəmiyyətli bir bayramdır. Xristian aləminin Yeni il bayramı ilə Şərq-İslam, Türk dünyasının Yeni il bayramını öz əhatə ağuşuna alan Novruz bayramı öz təbiəti etibarilə də bəşəri-humanist dəyərləri özündə daşıyır. Özü də bu dəyərlər təkcə ictimai sfera ilə qapanıb qalmır, ictimai aləmlə təbii aləmi vəhdətdə götürərək dünyamızın bütövlükdə kosmik bir nizamla yaşamasını şərtləndirir.
Dövlət başçısı tərəfindən 2016-cı ilin Multikulturalizm ili elan olunması da bir tərəfdən multikultural dəyərləri özündə yaşadan Novruz bayramına verilən önəmin bir təcəssümü hesab oluna bilər. Tədqiqatçı Niyaz Niftiyevin bu xüsusda söylədiklərinə diqqət ayırsaq, multikulturalizmin ta qədimdən xalqımızın bir yaşam tərzi olduğunun və buna bu gündə dövlətimiz tərəfindən böyük bir dəstək verildiyinin aydın şəkildə fərqinə vara bilərik:
“Multikulturalizm milli, dini, irqi və mədəni çeşidliliyin və fərqliliyin qarşılıqlı hörmət və anlaşma zəminində qəbul edilməsi, bir cəmiyyətin bütün üzvlərinin konstitusion mədəni hüquqlarının qorunması və adı çəkilən müxtəlifliyin xalqın ümumi rifahına və sabit inkişafına xidmət etməsinə nail olan təbii və düşünülmüş həyat tərzinin nəticəsi kimi başa düşülür. Məhz Prezident İlham Əliyevin Azərbaycanın timsalında multikulturalizmi xalqımızın həyat tərzi kimi ifadə etməsi məsələnin dəqiq tərifini vermiş olur, həmçinin bu yaşam tərzinin təbii və milli xasiyyətimizin bir parçası olmasını təsdiqləyir. Ölkə başçısının multikulturalizmin milli sərvətimiz olması deməsi isə artıq dövlətin bu məsələyə yanaşmasının düşünülmüş siyasətə söykəndiyini nümayiş etdirir”.
Beləcə, Novruz bayramı öz bətnində multikultural zəminə əsaslanan milli ənənələri qoruyub yaşadır. Yuxarıda qeyd etdiyim kimi, bunun bir səbəbi Novruzun təkcə bir, ya bir neçə günlə, yaxud da bir fəsillə bağlı olmayıb, özündən əvvəlki qış fəslini də və qış fəsli qarışıq milad bayramı olan Yeni ili də öz tərkibinə qatması ilə müəyyən olunursa, digər səbəblərdən biri də ölkə ərazisində yaşayan azsaylı xalqların məskunlaşdıqları etnik regionları da əhatə etməsi ilə müşayiət olunur. Novruzun ilaxır çərşənbələrindən birinin su stixiyası ilə əlaqələndirilməsi – Su çərşənbəsi adı ilə tanınıb-adlandırılması da öz nüvəsində-mayasında su elementini (suyun kristal forması olan qarı və buzu) gəzdirən qış fəslinin obrazlı təcəssümüdür. Hətta Novruz ərəfəsində xalça-kilimlərin, palazın, digər yataq dəsti avadanlıqlarının eşiyə çıxardılaraq üstünə qar ələnməsi-tökülməsi və üstündən də süpürgə ilə süpürülüb təmizlənməsi faktı suya – suyun kristal forması və həm də qış rəmzi olan qara saflıq, saflaşma vasitəsi kimi baxışları özlüyündə əks etdirir. Xalça-palazın qar vasitəsi ilə süpürülüb-təmizlənməsi bir tərəfdən reallığa əsaslanmaqla qarın dondurucu şaxtası ilə yorğan-döşək arasına düşə biləcək cücüləri-həşəratları, güvəni və s. məhv etməklə sanitar-gigiyenik qaydalara riayət etməyin göstəricisidirsə, digər tərəfdən də su ilə bağlı mifik görüşləri özündə əks etdirir. Belə ki, ev şəraitindən – mənzildən çölə daşınan-çıxarılan məişət əşyaları da öz “canlarında” fiziki olaraq qarı (qışın simvolu olan qarı) gəzdirməklə beləcə qış fəslini rəmzi olaraq yola verdiklərini (yola saldıqlarını) səciyyələndirirlər. Sanitariya baxımından təmizliyə bu cür riayət olunma həm də mifik görüntü olaraq su əyəsi (yiyəsi) ilə - su əyəsinin təbiətdə canlı görüntüsü olan qış fəsli ilə təmasa girməni xarakterizə edir. Bununla həm də qışın – qarın, suyun könlü oxşanılır-alınır və qışdan sonra gələcək yaz fəslinə- Novruza keçid almaq funksiyası bir mərasim aktı olaraq icra olunmuş olur. Bu, həm də Novruz bayramının qış fəslindən keçərək özünə yol aldığını və beləliklə öz tərkibində qışı da (Yeni il təqvimini də) ehtiva etdiyini təzahür etdirməsidir. Bu, eyni zamanda xristian dünyasının Yeni ili ilə İslam-Şərq aləminin Yeni ili olan Novruzun bir-birləri ilə qarşılıqlı təması – ünsiyyət kodudur. Bu, mərasim hadisəsi olaraq Novruz bayramının özünün multikultural ənənələrə əsaslanmasının bir göstəricisidir, dinlər və dünyagörüşləri arasındakı qarşılıqlı rabitənin mövcudluğudur, bir-birlərindən köklü şəkildə təcrid olunmadığının nümayişidir, ənənələrin bir-birlərinə qarşılıqlı təsir və inkişafının təsdiqidir.
Möhtərəm Prezidentimizin təbiri ilə desək, xalqımızın həyat tərzi kimi özünü göstərən multikulturalizm Novruz bayramının keçirilməsi zamanı daha aşkar şəkildə görünür. Belə ki, ayrı-ayrı etnik toplumların yaşadıqları regionlarımızda da bu bayramın özünə xas çeşidlərlə təmtəraqlı şəkildə qeyd olunması dediyimizə əyani sübutdur. Bu məqamda Ümummilli liderimiz Heydər Əliyevin aşağıdakı fikirləri də öz layiqli yerini alır: “Azərbaycanın varı-dövləti təkcə onun pambığı, yeraltı, yerüstü sərvətləri deyil, onun ərazisində yaşayan xalqlarıdır”. Bu mənada hər bölgə, hər etnos ümumxalq bayramımız olan Novruza öz dəyərli töhfələrini verməklə onu daha da rəngin, əlvan edib, zənginləşdirir. Məsələn, Lənkəran bölgəsinin spesifik, özünəməxsus, başqa bölgələrdə müşahidə olunmayan Novruzla bağlı gözəl adətlərindən biri də nişanlı qızlara aparılan bayram xonçasında balığın ağzında qızıl üzüyün olmasıdır. Qızıl üzük balığın ağzına keçirilir və bayram xonçasında qız evinə aparılır.
Bölgənin digər adətlərindən biri də ilin axır çərşənbəsində axar su üstünə getmək və suyun kənarında təzəcə baş qaldıran yamyaşıl otlardan ailə üzvlərinin hər birisi üçün ayrı-ayrılıqda ayırıb axar suya atmaq adətidir. Yaşıl otlardan bir çəngə qoparıb “Anamın canında nə xəstəlik varsa, hamısı bu axar su ilə dəryaya getsin”, - deyib otu suya atırlar. Bu ritual ayrı-ayrı hər bir ailə üzvü üçün təkrar edilir. Lənkəran bölgəsinin digər spesifik adət-ənənələrindən biri də ilaxır çərşənbədə heyva ağacından nehrə üçün heyva çubuğunun dərilməsidir. Bu inanc nehrədən bol yağ çıxacağı anlamına gəlir. İlin axır çərşənbəsi günü sübh tezdən yuxudan ən tez ayılan şəxs bir qab su dolduraraq hələ yuxuda olan bütün ev sakinlərinin üzlərinə çiləyir. Bu isə saflıq, təmizlik rəmzi olan suyun bütün ailə üzvlərinə il boyu sağlamlıq, gümrahlıq gətirəcəyi anlamındadır. İlaxır çərşənbədə səhər tezdən mal-qaraya baş çəkilir, üstlərinə su çilənir, meyvə ağaclarının dibinə balta ilə yavaşca vuraraq: “əgər bu il bol məhsul gətirməsən, səni kökündən kəsərəm”, - deyilir. Dörd çərşənbədən sonra gələn Novruz bayramı geniş şəkildə qeyd olunur. Hələ ilk çərşənbədən başlayaraq Novruza hazırlıq kimi Novruz nəğmələri oxunur:

Gəl ey Novruz, gəl ey Novruz, mübarək!
Sizin bu təzə iliniz mübarək!
Bacı, ver payımı, qoyma sabaha...


Qeyd edim ki, Novruz bayramında qız evinə aparılan xonçada balığın ağzında qızıl üzüyün olması adətində su ilə bağlı inancın izləri dolayısı ilə də olsa, özünü göstərir. Belə ki, balıq su ilə bağlı məbuddur, balığın vətəni sudur və suda yaşayan canlı olan balığın ağzında nişanlılıq-evlilik əlaməti kimi üzüyün aparılması da sevginin də su kimi saf olmasını, eləcə də qurulacaq ailənin də dirilik rəmzi olan su kimi sağlam və əbədi olması arzusunu simvollaşdırır. Eləcə də ilaxır çərşənbədə su ilə bağlı digər ayin və hərəkətlərin icrası da suya olan müqəddəs mifik görüşlərdən qaynaqlanır. Həmçinin Novruz bayramında mal-qaraya baş çəkilməsi, üstlərinə su çilənməsi, meyvə ağacları ilə bağlı inanca söykənən hərəkətlərin icrası və s. kimi məsələlər də bir daha Novruz bayramı və onun ayrılmaz tərkib hissəsi olan ilaxır çərşənbələrin nəinki ölkəmizdə yaşayan ayrı-ayrı etnik qruplar və xalqlar arasında əhəmiyyətli ictimai hadisə olaraq anlaşma, həmrəylik vasitəsi olduğunu göstərir, eləcə də təbii aləmdə də- canlı və cansız təbiətdə də bir canlanma, yenilənmə əhval-ruhiyyəsi yaradan bayram olduğunu açıq şəkildə göstərir.
Bəli, multikultural ənənələrin daşıyıcısı olan Novruz bayramı nəinki ictimai baxımdan ayrı-ayrı xalqlar, millətlər, dinlər və mədəniyyətlər arasında bir mənəvi bağlantı vasitəsi, qarşılıqlı anlaşma və mehriban dialoq hadisəsidir, həmçinin də ki, bizi əhatə edən təbii coğrafi mühitdə bioloji sferanın da harmoniyasını qoruyub-saxlamağa xidmət edən sosial mədəniyyət hadisəsidir. Bu nöqteyi-nəzərdən yanaşdıqda milli olduğu qədər də dünyəvi məzmun daşıyan Novruz bayramı öz geniş qoynunu bütün bəşəriyyətə açıb, dünyamızı salamlayır.
Dünyamızı salamlamağa gələn sağlamlıq carçısı Novruzumuzun qədəmləri mübarək olsun!

Multikulturallığın ənənəvi nümunəsi: Novruz bayramı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi