Tbilisi şəhərində Payız bayramı “Tbilisoba-2024” keçirildi
Məlumat üçün : “Tbilisoba" - Tbilisi şəhərində Payız bayramı ilk dəfə 28 oktyabr 1979-cu ildə qeyd olunub. Nədənsə 1990-cıl illərin əvvəllərinədək bayramın keçirilməsində müəyyən fasilə yaranıb, 1995-ci ildən etibarən bu bayram yenidən qeyd olunmağa başlayıb. Məhz həmin vaxtdan bu bayram bir ənənəyə çevrilib, Tbilisi Şəhər Bələdiyyəsi Şurası tərəfindən etnik azlıqların milli adət-ənənələrinə şərait yaradılıb, onların özgə xalq içində sabit həyat yaşamaları üçün bütün mümkün imkanlardan istifadə edilib.
Xatırladaq ki, Payız bayramı ənənəvi olaraq oktyabr ayının ilk həftəsinin sonunda baş verir və iki gün davam edir. Bu bayram-festival çərçivəsində müxtəlif mədəni tədbirlər, idman yarışları, gürcü və etnik azlıqların xalq əsərlərindən ibarət konsertlər, sərgi-satış, kənd təsərrüfatı yarmarkaları təşkil olunur. Bu da etnik azlıqlara sülh şəraitində yaşamaq, onların daim diqqət mərkəzində olmaları sevdası kimi əxz olunur.
Payız bayramı köhnə Tbilisidə - paytaxtın tarixi hissəsində keçirilir. Həmin gün müxtəlif sahələrdə çalışan görkəmli şəxslərə Tbilisinin fəxri vətəndaşı adı verilir, müəyyən milli xüsusiyyətlər nümayiş edilir.
Tbilisi Şəhər Bələdiyyəsi Şurası artıq 4 ildir ki, ənənəvi olaraq öz nəzdində fəaliyyət göstərən etnik azlıqlar şurası təmsilçilərinə Meydan məhəlləsində şəhər meriyasının dəstəyi ilə sakinlərə ən çox sevdikləri bayramı keçirməyə şərait yaradır.
Builki Payız bayramında Tbilisi şəhər bələdiyyəsinin sədri Georgi Tkemaladze dəyərli fikirlər dedi,
"Aktiv Azərbaycanlı Qadınlar Asossiasiyası"-nın sədri hörmətli Gültəkin Mustafayevin simasında bütün Tiflis azərbaycanlılarını bayram münasibətilə təbrik etdi.
Təşkilatın aktiv üzvü Leyla Əmrahova da yardımçı qismində tədbirə qatıldı, tədbirin maraqlı keçməsində əmək sərf etdi.
“Ceyran” ansamblı tədbirin daha maraqlı olması üçün bir-birindən ilhamlı musiqilərlə çıxış etdi, tədbirə toplaşanlarda xoş ovqat yaratdı.
Beləliklə, Şura üzvləri bu il də bayram münasibətilə Abanotubanidə öz guşələrini açdılar. Azərbaycanlıların guşəsi “Aktiv Azərbaycanlı Qadınlar Asossiasiyası”nın sədri Gültəkin Mustafayevanın təşkilatçılığı ilə təşkil olundu. Guşədə milli təamlar, əşyalar, musiqi alətləri, adət-ənənəmizi əks etdirən nəsnələr, mili rəqsimiz, Borçalı xalçaları, tiflisli xanımların əl işləri və s. mümayiş olundu, festivala təşrif buyuranlar azərbaycanlıların adət-ənənləri, milli münasibətləri, tarixi əsasları və s.-lə yaxından tanış oldular. Ən əsası, insanlar Azərbaycan xalçalarındakı milli görkəmə heyran qaldılar, Azərbaycan kələğayısında olan ənənəvi xüsusiyyətləri geniş təqdir etdilər, Azərbaycan mədəniyyətinin sözün həqiqi mənasında, böyük məna kəsb etdiyinin bir daha fərqinə vardılar.
Bəli, Payız bayramı etnik azlıqlar üçün bir fürsətdir; belə ki, həmin bayram vaxtı hər kəs öz milli ənənsini qabarıq şəkildə nümayiş etdirir, öz dövlətçilik missiyasını layiqincə icra edir.
Sərgi-satış yarmarkası iki gün davam etdi, iştirakçılarda dərin hislər və xoş ovqat yaratdı.
Samir Abdullayev,
AYB-nin üzvü yazıçı