Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi rəisi Elman Məmmədovun "Mədəni korrupsiyası".....
May ayında gündəmi canlandıran gurultulu olaylardan biri də aparılan araşdırmalarla, Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə görə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də tutuqlanması oldu. Məhkəmənin qərarı əsasında adları çəkilən şəxslərin xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı onların qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürüldü.
Teref.az deryaz.az-a istinadən yazır ki, istintaq araşdırmaları nəticəsində, Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edən Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildi.
Cinayət işi üzrə istintaqda şahid qismində dindirilən şəxslərdən biri də Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov olmuşdur. İdarə rəisi veriyi ifadədə tabeliyində olan mədəniyyət müəssisələrinin rəhbərlərindən aylıq “haqq” toplayaraq nazir müavininə ötürdüyünü, həmçinin, tenderlərdə rəvac verilən qanunsuzluqları etiraf etmişdir. Bu isə o deməkdir ki, Elman Məmmədov ən azından daha həminki vəzifəsində işləyə bilməz. Çünki, cinayəti bilib xəbər verməmiş, əksinə, onun iştirakçısı olmuşdur.
Rafiq Bayramovun cinayətinin sübutu kimi xidmət edən materialların arasında regional mədəniyyət idarələri rəhbərlərindən hər ay toplanan vəsaitin siyahısı diqqəti çəkir. Kürdəmirin idarə rəisindən alınmış vəsaiti göstərən qrafada 2020-ci ilin yanvar ayına aid sütununda 7000, fevral ayına aid sütunda isə 9500 manat göstərilmişdir.
Xatırladaq ki, Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayon mədəniyyət və turizm şöbələrinin bazasında yaradılmışdır. Belə çıxır ki, yarımillik cizgilənmiş cədvəldə təqvimi başa çatsa da, qrafaları boş qalmış mart və aprel ayının “haqqları” çatdırılmamışdır. Doğrudur, bu gecikməni pandemiya ilə bağlı tətbiq olunan xüsusi rejimin yaratdığı məhdudiyyətlərlə əlaqələndirmək olar. Martın 26-da yayılan rəsmi məlumara görə, regional mədəniyyət idarələri martda maaşlarından koronavirusa qarşı mübarizəyə dəstək fonduna ianə köçürüblər. Di gəl, Bayramovun qeyd dəftərçəsində başqa bir neçə regional idarənin adı qarşısında mart sütununda rəqəmlərin göstərilməsindən belə nəticə hasil olur ki, nazir müavini istəyindən əsla vaz keçmək fikrində deyilmiş. Sadəcə olaraq, Elman Məmmədov kimi bəzi idarə rəislərinə bir az vaxt verilib. Hərçənd…
Kürdəmirdəki informasiya mənbəyindən bu gün aldığımız məlumata görə, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov aprelin 30-da idarənin tabeliyində olan mədəniyyət müəssisələrinin rəhbərləri ilə video-konfrans keçirib. Konfransın respublikada tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar həyata keçirilən tədbirlər və sonrakı günlərdə qarşıda duran vəzifələrlə bağlı olduğu elan edilsə də, əslində idarə rəisi uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin direktorlarına qarşıya qoyulan məsələlərdən, Mədəniyyət Nazirliyinin tapşırıqlarından danışıb, aylıq “taqsa”nı gecikdirənlərə barmaq silkələyib. Tapşırıqlar əsasən nazir müavininin tələblərinin xatırladılmasından ibarət olub. Teref.az deryaz-az-a istinadən yazır ki, müəssisə rəhbərləri may ayının ilk həftəsində də, yəni, nazir müavini həbs olunanadək boyunlarına qoyulan plan öhdəliklərini yerinə yetirməkdə, həm E.Məmmədovun, həm də nazir müavininin payını idarə rəisinə göndərməkdə davam ediblər. Elman Məmmədov isə Rafiq Bayramovun son tapşırığına əməl etməyi ləngidib. Nazir müavininin başına gələn olayların ardından ortaya çıxan məlum qeyd dəftərçəsində aprel ayının qrafasını boş görən mədəniyyət işçiləri Elman müəllimin işdəycələrinə təəccübləniblər. Beləliklə, gödəniyyəti mədəniyyətdən üstün tutan Elman Məmmədov həm özündən aşağı, həm də yuxarı vəzifədə qərar tutan həmkarlarına hiylə gəlib.
Xatırladaq ki, KİV-də indiyədək Elman Məmmədov barəsində çoxsaylı tənqidi yazılar gedib. Bildirilib ki, əldə etdiyi haram kapital hesabına Haramı düzündə ferma açaraq sayı bilinməyən mal — qoyun saxladır. Mətbuatda gedən yazılara görə, zəhmətsiz gəlirlər hesabına harınlamış Elman Məmmədov “qan batırmağın” yolunu da əla bilir. Belə ki, 2013-cü ilin aprelində övladı Məmmədov Həmid Elman oğlu öz avtomobili ilə Xətai rayonu ərazisində adam öldürsə də, aidiyyəti orqanlarla “dil taparaq” elə həmin gündən azadlıqda qala bilib.
Habil Tağıyev