Məşhur tarzən: ”Dövlət dəvət etməsə də, İranda sənətsevərlər bizi çox yaxşı tanıyırdı” - MÜSAHİBƏ
“Əhsən Dadaşovun vəfatından sonra onun yolunu mənim davam etdirəcəyimi deyərək boynuma ağır yük qoydular”
Azərbaycanlı məşhur tarzən, Türkiyə Mədəniyyət və turizm nazirliyi Türk xalqları orkestrinin bədii rəhbəri Abdulla Qurbaninin müsahibəsi.
- Türkiyə Mədəniyyət və turizm nazirliyindəki işinizə nə vaxt təyin edildiniz?
- 2015-ci ilin yanvarında Türkiyə mədəniyyət və turizm nazirliyinin Türk xalqları orkestrinin bədii rəhbəri vəzifəsinə təyin edilmişəm. Azərbaycan instrumental musiqisindən ibarət disk hazırlamışam. Üzeyir Hacıbəyovun “Cəngi”sindən başlamış Fikrət Əmirov, Cahangir Cahangirov və b. bəstəkarların əsərlərini, “Segah”, “Mahur hindi” və s. muğamları özüm səsləndirmişəm. Gələcəkdə də bu işi davam etdirəcəyəm. Orkestrimiz qısa müddətdə Bosniya-Herseqovina, Serbiya, Belçika, Qətər və Türkmənistanda konsertlər verib. Türk xalqlarının çoxsəsli musiqisinin Türkiyədə və dünyada tanıdılması üçün əlimdən gələn hər şeyi edirəm.
- Məhəmməd Hüseyn Şəhriyar sənət baxımından Azərbaycan Respublikasının paytaxtını “Qızıl Kəbə” adlandırır, “Orda sənət 100 il burdan qabaqdır”- deyir. Ancaq Bakıdakı sənətin inkişafında Cənubi Azərbaycandan gəlmiş sənətkarların müstəsna xidmətləri olub. Məsələn, Rübabə Muradova, Mahrux Muradova, Novruz Feyzullayev, Rövşən Behcət... O sənətkarlarla əməkdaşlığınız olubmu?
- Adını çəkdiyiniz sənətkarların hamısıyla əməkdaşlıq etmişəm, yaxın münasibətlərimiz də olub. Sovet vaxtında biz Bakıdakı İranlılar komitəsində görüşür, tədbirlər keçirirdik. Komitədəki ansamblımıza Baba Salahov və Əhsən Dadaşov kimi tanınmış sənətkarlar rəhbərlik edirdilər. Rübabə Muradovanı çox müşayiət etmişəm .Bilmirəm, nə dərəcədə yerinə düşər, yaza bilərsinizmi, onunla bağlı bir xatirəmi danışmaq istəyirəm. Konsertlərin birində Rübabə xanım oxudu, çalmağım üçün mikrofonu mənim tarıma tərəf uzatdı, mən çaldım, Rübabə xanım uzaqlaşmaq istəyəndə ayaqqabısının şiş dabanı taxtaların arasına sıxılıb qaldı, az qala yıxılacaqdı. O qədər usta sənətkar idi ki, bundan heç təsirlənmədən eyni şəkildə oxumağa davam etdi. Rübabə xanım ağır sənətkar idi, hamı onun hörmətini saxlayırdı. Bacısı Mahrux xanımı da çox müşayiət etmişəm. Novruz Feyzullayevlə ailə dostu idik. Bilirsiniz, Azərbaycana kənardan gəlib orada ad-san qazanmaq o qədər çətindir ki. Çünki orada çox güclü sənətkarlar var, gərək kənardan gələnlər lap çox çalışalar ki, özlərinə yer tapa bilələr. Novruz Feyzullayev onlardan biriydi. Yaxşı sənətkar və möhtərəm insan idi...
- Rövşən Behcəti ayrı soruşmaq istəyirəm...
- Rövşənlə çox yaxın dost idik. Onun Gəncədən Bakıya konsert üçün hər gəlişi hadisəyə çevrilirdi. Filarmoniyadakı konsertləri ərəfəsində böyük afişalar asılırdı, gələnlərin yarısı bilet tapa bilməyib qıraqda qalırdı. Rövşənin qırmızı maşını vardı, Gənclik metrosu tərəfdə küçənin adı yadımdan çıxıb-bir dəfə görürdük ki, Rövşən maşınıyla gəlir. O boyda sənətkar necə sadə insan idi, özünü necə mədəni aparırdı?
- Azərbaycandan ayrılandan sonra Rövşən Behcətlə bir daha görüşə bildinizmi?
- Təəssüf ki, görüşə bilmədim. Telefonla danışmışdıq. Mənə zəng etmişdi ki, Azərbaycanda maddi vəziyyət yaxşı deyil, Türkiyədə mənə kömək et. Rövşəni Türkiyəyə gətirəcəkdim, səhhəti pisləşdi, gətirmək mümkün olmadı. Rövşən Gəncədə anadan olmuş, sonra ailəsiylə Təbrizə getmiş, sonra yenidən Gəncəyə qayıtmışdı. Biz onun səsindən Təbrizin dadını alırdıq. Onun ölümü mənim ruhumda çox dərin izlər buraxdı.
- Sovet vaxtında sizləri İrana konsertlərə dəvət etmirdilərmi?
- “Dəmir pərdə” vardı, bizi dəvət etmirdilər. Yolumuz Cənub bölgəsinə düşəndə Astarada sərhədə qədər gedib ürəyimizin həsrətinə bir az su səpirdik. Ancaq bizi İranda yaxşı tanıyırdılar, Rübabə xanımın adı nəinki İranın Azərbaycan bölgələrində, Tehranda da əfsanə kimi idi. Mən Bakını 1982-ci ildə tərk etmişdim. Yaxşı yadıma gəlir ki, qardaşım Yədullanı avtobusla Tehrandan İstanbula yola salanda avtovağzalda bir qadın mənə yaxınlaşıb soruşdu ki, siz Abdulla deyilsiniz? Bakıda yaşamırsınız, burda nə gəzirsiniz? Əminəm ki, İrandan gəlmiş sənətkarlar hər iki ölkədə sənətin inkişafında misilsiz rol oynadılar. Əhsən Dadaşovun ölümündən qısa müddət sonra səsyazma studiyasında Şövkət Ələkbərova ilə Elmira Rəhimova öz aralarında danışırdılar ki, Əhsən müəllimin yolunu Abdulla davam etdirəcək. Bu, mənim boynuma yüklənmiş böyük bir məsuliyyət idi.
- Qədir Rüstəmov da bunu mənə demişdi...
- Əhsən müəllimin vəfatından sonra Qədir Ağdama getmişdi, balıq tuturdu. Çox təkid edirdilər, yeni mahnılar yazdırmağa gəlmirdi. İslam Rzayev onu gətirmək üçün Ağdama gedəndə Qədir Rüstəmov demişdi ki, tarda Abdulla çalsa, gələrəm. Allah hamısına rəhmət eyləsin. Elmira Rəhimovanı çox müşayiət etmişəm, ona uzun ömür, can sağlığı diləyirəm. Mersin şəhərində “Koroğlu” operası tamaşaya qoyuldu, tar ifaçısı və orkestrin bədii rəhbəri mən idim. Orda olanda Bakıdan Elşən adlı bir oğlan zəng etdi ki, Qədir Rüstəmovu müşayiət etdiyin yeni bir lent tapmışıq. Onu göndərirdi, sənə göndərəcəyəm, dinləyərsən. Əhsən müəllim barədə xatirələrimi yazmağı xahiş etdi, yazıb göndərdim. Deyəsən, kitab çıxaracaqlar. O lent yazısı mənim üçün sürpriz oldu.