Fransız bəstəkar: “Ermənilər işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”
Məşhur fransız bəstəkar Pyer Tilloy son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliklə bağlı açıqlama verib.
Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, tanınmış musiqiçi Azərbaycanın yanında olduğunu vurğulayıb: "Mənim fikrim öz dogma yurduna qayıda bilməyən, yaxınlarını itirən, əcdadlarının torpağında sərbəst gəzə bilməyən, qaçqın düşərgələrində yaşayan, torpaqlarını yalnız uzaqdan seyr edən, həyatdan həzz ala bilməyən, hər gün Qarabağ həsrəti ilə yaşayan Azərbaycan xalqının yanındadır.
Artıq uzun müddətdir ki, incəsənət, xüsusilə musiqi vasitəsi ilə bu münaqişə haqqında məlumatımı artırmağa çalışıram. Mənim bəstələdiyim “XOCALI 613” əsəri elə bir ruhdadır ki, bu, qurbanların xatirəsinə aid əbədi duadır. Xocalı qurbanları heç zaman unudulmayacaq !
Məsələyə siyasi aspektdən yanaşsaq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrində (822, 854, 874 və 884 saylı) tələb olunduğu kimi Ermənistanın hərbi qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən tam şəkildə və qeyd-şərtsiz çıxarılmalıdır!”.