azia.az
azia.az

Avropanın meyvəsi - görüntüsü gözəl, dadı isə yox

7-12-2017, 17:54

Mütəxəssis: “GMO məsələsi...”

“Azərbaycan meyvə-tərəvəzinin dadına dad çatmaz”. Bu, Avropaya gedib-gələn soydaşlarımızın böyük bir qisminin gəldiyi qənaətdir. Onlar birmənalı şəkildə Avropanın görkəmi ilə göz oxşayan meyvə-tərəvəzinin dad baxımından Azərbaycanda yetişənlərdən geridə qaldığını deyirlər. Halbuki Avropanın əksər ölkələri aqrar istehsalın önündə gedir, bu sahədə yüksək nəticələr əldə edirlər. Yüksək aqrotexniki qulluq deyəndə göz önünə məhz Avropa gəlir - Hollandiyadan tutmuş İtaliyayadək.

Nədir Avropa meyvə-tərəvəzlərini dad baxımından Azərbaycandakı “həmkarları”ndan geridə qoyan? Niyə onların dadı-tamı parıltısı, standart ölçüsü, rənginə adekvat olmur?

Sualımıza cavab verən Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov bildirir ki, əsas məsələ təbii iqlim-torpaq şəraitindədir: “Baxın, deyirlər ki, italyanlar bir millət olaraq bizə çox bənzəyilər. Bu, həqiqətən də belədir - biz onlarla eyni iqlim qurşağında yaşayırıq. Lakin yaxından tanış olduqda görünür ki, biz onlardan daha istiqanlı, daha mehriban və daha qonaqpərvərik. Eynilə meyvə-tərəvəzdə də belədir. Bizim torpaq-iqlim şəraitində yetişən meyvə-tərəvəzin dadı çox gözəldir”.

Bir çoxları Avropada yetişdirilən meyvə-tərəvəzin geni dəyişdirilmiş olduğunu, dad baxımından buna görə geri qaldığını bildirirlər. İ.Qurbanov bu iddiaları yanlış hesab edir: “Avropada heç vaxt geni dəyişdirilmiş meyvə-tərəvəz yetişdirib əhaliyə satmazlar. Orada əhalinin qida təhlükəsizliyinə böyük diqqət var. Bir də ki, alma hər yerdə yetişir, onun genini dəyişməyə nə ehtiyac var ki? Digər tərəfdən, gen mühəndisliyi çox bahalı bir xidmətdir”.

Müsahibimiz deyir ki, meyvə-tərəvəz günəş şüasını nə qədər çox ala bilirsə, bir o qədər dadlı olur: “Quba mülayim iqlim qurşağında yerləşir. Burada yetişən alma ilə Xaçmazda yetişən arasında xeyli fərq var”. Avropada yüksək məhsuldarlıq əldə etmək üçün tətbiq olunan aqrotexniki tədbirlər nəticəsində dad amilinin arxa plana keçirilməsini institut rəhbəri qismən təsirli hesab edir: “Onlar əkin texnikasını dəyişirlər. Məsələn, bizdə bir hektara 667 ağac əkilir, onlar 2 minini əkirlər. Məhsuldarlığı bu yolla artırırlar. Eyni zamanda Avropada məhsulun xarici görünüşcə cəlbediciliyinə xüsusi diqqət yetirilir. Bu məqsədlə kimyəvi preparatlardan çox istifadə edirlər. Məsələn, yaşıl almalar var - Branismit adlı, onları parıldatmaq üçün 4-5 dəfə dərmanlayırlar. Bizdə o almalar elə parlaq olmur”.

İ.Qurbanovun sözlərinə görə, hər meyvə üzrə dünya bazar tələbləri var: “Məsələn, alma sulu, standart 6-7 sm ölçüdə, rəngi parlaq, ləti xırçıltılı, şirəsi bol olmalıdır. Onlar bu tələblərə cavab verməsi üçün almaya 30-32 dəfə dərman vururlar. Bizdə isə xeyli az sayda dərmanlama aparılır. Düzdür, onlar özləri demirlər neçə dəfə dərman vurduqlarını. Biz 5-6 dəfə Fransada meyvəçi təsərrüfatlarında olmuşuq, söhbətlərindən hesabladıq ki, 32 dəfə dərman vururlar. Onların yetişdirdikləri yaşıl almanı gətirib burada yetişdirdik, dadı tamamilə fərqli və çox da gözəl oldu”.

DÜNYA


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi