Evlərini satıb dünyanı gəzən məşhur cütlük Bakıda
“Sevgimiz bitənə kimi...”
ABŞ-ın Vaşinqton ştatında yaşayan Maykl və Debbi Kempbell təqaüd yaşı yaxınlaşdığı üçün 2013-cü ildə dünya səyahətinə çıxmaq, yeni macəralar yaşamaq qərarına gəlib.
Bu səbəbdən cütlük əllərində olan hər şeyi: ev, maşın, qayıq satıb səyahət planı qurmağa başlayıb. Əvvəlcə, Amerikanın ştatlarını gəzən Kempbell ailəsi səyahətdə olduqları 3 il boyunca 55 ölkə və 100-dən çox şəhər gəzib. Amerkan cütlüyün budəfəki dayanacağı isə Azərbaycan olub.
“Qafqazinfo” oxucularına onlar haqqında daha ətraflı məlumat vermək və yaxından tanış etmək üçün dostlarımız vasitəsilə Kempbell ailəsi ilə əlaqə saxlayıb, müsahibə üçün vaxt təyin etdik.
Mayklın 71, sevimli həyat yoldaşı Debbinin isə 60 yaşı var. “Senior Nomads” adlı bloqlarında gəzdikləri ölkələr barədə yazılar yerləşdirdikləri üçün onlar haqqında az-çox məlumatımız var idi. Ancaq bizi daha çox maraqlandıran Kempbellərin ölkəmiz haqqında ilk təəssüratları idi. Deddi deyir ki, Bakıda hər kəs onlara qarşı çox xeyirxah və diqqətlidir. Bu hal səyahətçiləri çox təəccübləndirib:
“Hələ 2 gündür ki, ölkənizdəyik. Ancaq az-çox müşahidə apara bilmişik. Çox qəribədir, insanlarınız bizi tanımadığı təqdirdə kömək etməyə çalışır, bizə qarşı çox mehribandırlar. Bu, aptekdə də belədir, mehmanxanada da, küçədə də. Bundan başqa, ölkədə ingilis dilini bilənlərin sayının belə çox olacağını gözləməzdik. Demək olar ki, yaxınlaşdığımız hər yerdə sualımıza rahatlıqla cavab ala bilirik”.
Maykl da sevimli həyat yoldaşının fikirlərini təsdiqləyərək əlavə edir ki, sakinləri kimi Bakını da çox bəyəniblər:
“Düzdür, hələ Bakını tam gəzmək şansımız olmayıb. Ancaq şəhərinizdə ən çox bəyəndiyimiz məqam müasirliklə tarixin sintezidir. Olduğumuz ölkələrin tarixi ilə yaxından maraqlanır, daha sonra bloqumuzda bu barədə ətraflı məlumat paylaşırıq. Düzü, bloqumuzu ilk açanda fikirləşirdik ki, heç kimə maraqlı olmarıq və bizi oxuyan olmaz. Sonradan gözləmədiyimiz dərəcədə çox adam bizi izləməyə, fikirlərini bölüşməyə başladı. Biz də bundan ruhlanıb instaqram və feysbukda da səhifə açdıq. Bizə yazırlar ki, kaş onların da təqaüd yaşına çatan zaman dünyanı gəzmək şansı ola. Biz şansımızı özümüz yaratdıq. Fikirləşirdik ki, təqaüd yaşımız artıq yaxınlaşır, nəsə etmək lazımdır. Övladlarımız da bizə dəstək oldu və əlimizdə olan hər şeyi satıb dünya səyahətinə çıxdıq”.
Səyahətə çıxan zaman qızları onlara getdikləri ölkələrdə daha sərfəli gecələmək üçün airbnb.com saytını məsləhət görüb. Maykl artıq xanımı Deddinin "airbnb" haqqında kitab yazdığını və bu ilin noyabr ayında ABŞ-da təqdimat mərasimi olacağını söylədi.
Kempbell ailəsinin ilk dəfə Azərbaycan haqqında məlumat alması da maraqlı bir təsadüfün nəticəsidir. Belə ki, idmanla yaxından maraqanan Maykl 2 il əvvəl “Atletiko Madrid”in oyununa baxmağa gedib. Bu zaman futbolçuların köynəyində yazılan “Azerbaijan land of fire” sözlərini oxuyur. Daha sonra ölkəmizlə maraqlanan Maykl dünya səyahəti zamanı ölkəmizə də gəlməyi qərara alıb. Maykl I Avropa Oyunları və Formula 1-in də ölkəmizdə təşkil olunduğunu bilir:
“Düzü, Avropa oyunlarının Azərbaycanda keçirilməsi bizə bir az qəribə gəldi. Axı Azərbaycan Asiya ölkəsidir. Ancaq Formula 1 kimi böyük bir oyuna ev sahiblik etmək uğurlu marketinqdir”.
Kempbell ailəsi Avropa tarixi ilə, xüsusilə də II Dünya Müharibəsindən sonrakı Post-sovet ölkələri ilə maraqlanır. Maykl burada insanların necə yaşamasını, yaxından müşahidə etmək istəyir. Azərbaycan gəzdikləri 7-ci keçmiş MDB ölkəsidir.
Buradan sonra da Gürcüstana getməyi planlaşdırırlar:
“Bizə keçmiş Sovet ölkələrindəki hazırki mühit çox maraqlıdır. Bilmək istəyirik ki, bu ölkələr özləri üçün hazırda hansı istiqaməti seçib. Azərbaycanı bu cəhətdən müasirləşmiş və inkişaf etməkdə olduğunu gördük”.
Deddidən övladları, yaşadıqları ölkə üçün darıxıb darıxmadığını soruşuruq.
Ailəsi haqqında maraqla bəhs edən Deddinin səsi növbə nəvələrinə çatan zaman dəyişir:
“Mayklla 35 ildir ki, evliyik. 4 övladımız, 5 nəvəmiz var. Əlbəttə ki, onlar üçün çox darıxırıq. Ancaq skayp və feysbuk vasitəsilə daim əlaqədə oluruq, danışırıq. Fransada olanda görüşmüşdük. Təqdimat üçün ABŞ-a qayıdanda yenidən görüşəcəyik. Biz onsuz da, səyahət planlaşdırırdıq. Hər bir amerikan vətəndaşı təqaüd yaşı çatanda səyahətə çıxa bilmək üçün müəyyən qədər pul yığır. Əlimizdə olan hər şeyi də satmışıq. Evim üçün darıxıram, ancaq birlikdə olduğumuz hər yer bizim üçün evdir. Onu da deyim ki, evimizdən sadəcə 2 yastıq götürmüşük. Bu, qaldığımız yerlərdə bizə ev ab-havası yaradır”.
Cütlük gəzdikləri ölkələr içərisində ən çox Danimarka və Niderlandı bəyənib. Azərbaycanı isə bu gündən gəzməyə başlayacaq. Cütlüyün ölkəmizdə getmək istəyi ilk yerlər Dağüstü park və İncəsənət muzeydir. Biz də öz növbəmizdə Atəşgah, Qobustan və digər görməli yerləri məsləhət gördük. Yeməklərimizdən isə quzu kababı (xüsusilə də, antrikot), dolma və bozbaşı dadıb çox bəyəniblər.
Cütlükdən səyahətlərinin nə vaxta kimi davam edəcəyini soruşuruq. Maykl Deddiyə baxıb “pulumuz, sevgimiz və öyrənəcəyimiz yeni şeylər bitənə kimi” cavabını verir.
Günel Hacı
Tərcümə: Nərmin Kamilsoy
Foto: Nuran Məmmədov