Antalyada uçan naməlum obyekt göründü
Türkiyənin Antalya vilayətinin Kəmər rayonu ərazisində, səmada uçan naməlum obyekt görünüb.
Hadisə aprelin 3-də baş verib. Kəmərdə istirahət edən Bilkənt Universitetinin fizika bölməsinin araşdırma laboratoriyalarının mütəxəssisi Murat Güre obyektin fotolarını çəkməyə nail olub.
M. Güre aprelin 3-də otelin hovuz başında istirahət edərkən saat 18.30-da dəniz sahilindən təxminən 200-300 metr irəlidə, 300-400 metr yüksəklikdə bir cisim gördüklərini deyib. O, bir istiqamətə doğru sabit şəkildə hərəkət edən cismə əvvəlcə əhəmiyyət vermədiklərini, lakin bir qədər sonra həmin obyektin istiqaməti dəyişərək işıq saçmağa başladığını bildirib. M. Güre dərhal fotoaparatı götürərək həmin cismin fotolarını çəkdiyini söyləyib: “Ailəmlə hovuz başında oturarkən dənizin üzərində parlaq bir cisim gördük. Öncə şimala doğru hərəkət etdi. Balon olduğunu düşünüb əhəmiyyət vermədik. Lakin obyekt geri gəldi və havada sabit qalaraq işıq saçmağa başladı. Fotoaparatım yanımda idi və obyektin fotolarını çəkməyə başladım. Həvəskar səviyyədə astronomiya ilə maraqlanıram. Obyektin nə olduğunu müəyyən edə bilmədik”.