Mehriban Əliyeva Bakıda tarixi binanın sökülməsinə qarşı çıxdı - Foto
Azərbaycanın birinci vitse prezidenti Mehriban Əliyeva bildirib ki, Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir.Musavat.com-un məlumatına görə, Mehriban Əliyeva bu barədə özünün İnstagram sosial şəbəkə hesabında yazıb: ”Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir. Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir. Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır. Ölkəmizin mədəni irsinə xələl gətirilməməsi üçün bütün lazımi tədbirlər görülür, axı unikal və müxtəlif memarlıq abidələri bizim ümumi sərvətimizdir. Ölkəmizi, şəhərimizi doğma evimiz – ümumi evimiz kimi qorumalıyıq."
Qeyd edək ki, bir neçə gündür Bakıda Malakan kilsəsinin söküləcəyi haqda məlumatlar yayılmışdı. Bununla bağlı ictimai-siyasi fəal gənclər binanın sökülməsinə mane olmaq məqsədilə aksiya keçirirdilər.