Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 18-də İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüşüb.
Azia.Az xəbər verir ki, görüş Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulan Azərbaycanın “Milan Ekspo 2015” Ümumdünya sərgisindəki milli pavilyonunda keçirilib.
Mehriban Əliyeva İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellatini Bakıda görməkdən şad olduğunu bildirib. Mehriban Əliyeva qonağın İtaliya Senatının sədri kimi ölkəmizə ilk dəfə səfər etdiyini bildirərək, bu səfərin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyən Birinci vitse-prezident əlaqələrimizin bir çox sahələri əhatə etdiyini vurğulayıb.
“Əminəm ki, Bakıya səfəriniz çərçivəsində keçirəcəyiniz görüşlər gələcəkdə ölkələrimiz arasındakı potensialdan daha səmərəli istifadə etməyə imkan yaradacaq”, - deyən Mehriban Əliyeva Maria Elisabetta Alberti Kasellatinin Azərbaycana səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu vurğulayıb.