Qarabağda inanılmaz müharibə ssenarisi: “Ruslar Araza çıxır”, Təbrizdə isə...
Rusiyalı ekspertlərdən ilginc iddialar: “Moskva üçün Qarabağın Azərbaycanda, yoxsa Ermənistanda qalacağının önəmi yoxdur”; “Güney Azərbaycan ABŞ-İran qarşıdurmasında müharibənin episentrlərindən ola bilər...”
ABŞ dövlət katibi Mayk Pompeonun Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Vaşinqtona dəvət eləməsi analitiklərin müzakirə mövzusu olaraq qalır. Maraqlıdır ki, Rusiyada bu təşəbbüs qısqanclıq və narahatlıqla qarşılanıb. Halbuki ABŞ da Rusiya kimi Qarabağ məsələsində vasitəçi dövlət, üç həmsədrdən biridir.
Amerikalı tanınmış təhlilçilərdən biri, ABŞ siyasi dairələri və Ağ Evə yaxın ekspert Stiven Blank isə Pompeonun Qarabağ təşəbbüsü ilə bağlı maraqlı ifadə işlətmişdi. Demişdi ki, nazirlərin Vaşinqton görüşü heç də ABŞ-ın “Lavrov planı”nı dəstəkləmək anlamına gəlmir, Ağ Ev həmin planı müdafiə eləməyə hazırlaşmır.
Məntiqlidir. Çünki Rusiyanın Qarabağa dair istənilən həll planı öncəliklə onun regiondakı maraqlarına əsaslanacaq. Bu üzdən rusiyalı politoloqlar xeyli vaxtdır Azərbaycan və Ermənistan XİN rəhbərlərinin gözlənilən Vaşinqton görüşünün əhəmiyyətini heçə endirmək, onu hətta gözdən salmaq yönündə açıqlamalar verir, ümumiyyətlə, Vaşinqtonun Qarabağ probleminin ədalətli həllində guya maraqlı olmadığını, hətta nizamlama prosesinə pəl vurmaq istədiyini iddia edirlər. Bu fonda isə Rusiyanın yeganə və ədalətli arbitr obrazını yaratmağa çalışırlar. Həmin rəylərdən birini təqdim edirik.
*****
“Dağlıq Qarabağ konflikti çox mürəkkəb konfliktdir. Əgər əvvəllər Serj Sərkisyan və İlham Əliyev öz oyunlarını oynayırdısa, inqilabçı Paşinyan hələ ki, inqilabi planda özünü heç nədə göstərməyib - bircə ondan başqa ki, Nikol Paşinyan ”Qarabağ birbaşa danışıqlarında iştirak eləməlidir" deyib. Bununla belə, o, köhnə formatda danışıqları davam etdirir". “Yeni Müsavat”ın məlumatına görə, bunu Yaxın Şərq və Qafqaz ölkələrinin problemləri üzrə rusiyalı ekspert Stanislav Tarasov 1 in.am erməni saytına müsahibəsində deyib.
Stanislav Tarasov
Onun sözlərinə görə, ermənilər danışıqlarda ilk növbədə müharibəni önləmək məqsədilə iştirak edirlər: “Digər iki həmsədr dövlətin (ABŞ və Fransa - ”YM") Qarabağ problemi veclərinə də deyil, nədən ki, Qarabağ onlardan çox-çox uzaqdadır. Putin isə problemlə məşğul olur, ona görə ki, burada, bizimlə yanaşıdır. Əgər müharibə Yaxın Şərqdən Cənubi Qafqaza sıçrayarsa, o zaman bu, təkcə Azərbaycan və Ermənistana deyil, Rusiyaya da təsir edəcək. Biz hadisələrin belə inkişafını əngəlləməliyik. Rusiya üçün yekunda Qarabağın Azərbaycana, yoxsa Ermənistana qalacağının heç bir önəmi yoxdur. Biz Stepanakerti (Xankəndi - “YM”) Rusiyaya birləşdirməyə hazırlaşmırıq", - deyə Tarasov vurğulayıb.
Bunun ardınca o, faktiki surətdə Kremlin Qarabağ münaqişənin nizamlanmasında maraqlı olmadığını və Moskvanın əsl niyyətini ortaya qoyub: “Rusiyanın mövqeyinin Ermənistan və Azərbaycan üçün təhlükəliliyi bundadır: əgər bu iki münaqişə tərəfi razılığa gəlməzsə, əgər cənubdan, xüsusən də İran tərəfdən Araz boyu sabitsizlik təhlükəsi yaranarsa və bu, Cənubi Qafqaza təsir etməyə başlayarsa, o zaman ruslar Azərbaycanın və Ermənistanın etirazlarına rəğmən, Araza çıxacaqlar. Çünki ruslar nə azərbaycanlıları, nə də erməniləri müdafiə edəcəklər. Onlar yalnız özlərini və öz maraqlarını qoruyacaqlar. Məhz bu faktor hamını çəkindirir. Ruslar isə deyirlər ki, anlaşın, biz şərtlər irəli sürmürük. Ancaq əgər anlaşmasanız, əgər bizim burnumuzun altında müharibə olsa və bu, bizim üçün təhlükədir, onda sizin heç birinizi vecimizə almayacaq və öz problemlərimizi həll edəcəyik”.
Arazın o tayı isə Güney Azərbaycan, beynəlxalq hüquqa görə isə İran dövlətidır. O İran ki, ABŞ-la münasibətləri indi olduqca kritik bir dönəmdən keçir. Hətta iki ölkə arasında hərbi qarşıdurma variantı istisna edilmir.
Bəzi müşahidəçilərə görə, ABŞ Qarabağ məsələsində ciddi irəliləyişə, nəticə etibarilə Ermənistanın Rusiya orbitindın uzaqlaşmasına ən əvvəl o səbəbə səy edir ki, Tehran və Moskva Amerika maraqlarına qarşı bölgədə müştərək, sinxron hərəkət etmək imkanından məhrum olsun. Hər halda, həll edilməmiş Dağlıq Qarabağ konflikti rusiyalı politoloqun yuxarıdakı açıqlamasından da göründüyü kimi, Kremlə bölgəyə hərbi müdaxilə bəhanəsi verir. Moskva İrəvanla müttəfiqlik sazişinin istinad edərək və Ermənistandakı hərbi bazasına güvənərək buna əl ata bilər. Ona görə də Qarabağ ixtilafının həllində ABŞ-ın tələsməsi, Rusiyanın isə ləngiməsi məntiqli görünməlidir.
“Yeni Müsavat” onu da xatırladır ki, Donald Trampın prezidentliyi dövründə Rusiya, İran və Şimali Koreya ABŞ-ın qəbul elədiyi yeni Mili Təhlükəsizlik Strategiyasında “şər üçbucağı”, yəni Amerika maraqlarına ən ciddi təhlükə yaradan dövlətlər elan olunub...
Beləcə, hərənin öz maraq-mənafeyi var. İran, Rusiya və ABŞ bölgədə nüfuz savaşında ikən Azərbaycan da təbii ki, özünün köklü maraqlarından, öncəliklə Qarabağla bağlı mənafeyindın çıxış edərək, öz strategiyasını cilalamaq zorundadır. Bu xüsusda başqa bir tanınmış rusiyalı hərbi analitik Denis Korkodinovun fikirlərini ciddiyə almağa dəyər.
“Yeni Müsavat”ın məlumatına görə, mətbuata açıqlamasında o, əminliklə deyib ki, əgər ABŞ-la İran arasında müharibə baş versə, o zaman toqquşma bu və ya digər şəkildə Yaxın Şərqin böyük bir hissəsini, İran körfəzini və Azərbaycan da daxil, Qafqazı əhatə edəcək.
“Amerikalı ”qırğılar"ın (Mayk Pompeo, Con Bolton) davakar ritorikası İranın yaxın qısamüddətli perspektivdə hərbi müdaxilə təhlükəsi altında olduğunu düşünməyə əsas verir. Ola bilsin, Donald Tramp qatı anti-irançılar olan Pompeo və Boltonun daxil olmadığı başqa bir siyasi əhatəyə malik olsaydı, o zaman iki ölkə arasında konfliktdən qaçmaq mümkün olmasa da, onu qeyri-müəyyən müddətə təxirə salmaq olardı", - deyə o qeyd edib.
Hərbi ekspert İranla ABŞ arasında mümkün müharibənin bir neçə episentrinin olacağını güman edir. “Müharibənin episentrlərdən biri Suriya və Livan, digəri İraq, o biri isə Güney Azərbaycan ola bilər... Tramp administrasiyası müstəqillik tələb edən Təbriz türkləri ilə İran (fars - ”YM") əhalisi arasında milli zəmində qarşıdurma yarada bilər. Bu da şübhəsiz ki, Bakının müəyyən reaksiyasını doğuracaq. Belə tendensiyanı önləmək üçün Tehran ehtimal ki, Azərbaycanda şiə istiqamətində islamlaşmanı sürətləndirməyə səy edəcək və Bakının Vaşinqton və Təl-Əvivlə yaxın əlaqələrinə görə növbəti dəfə narazılığını bildirəcək", - deyə politoloq əlavə edib.
Beləliklə, Qarabağ məsələsi ilə çulğalaşmış İran məsələsi, İran-ABŞ, ABŞ-Rusiya qarşıdurması əslində bölgədə yeni bir situasiyanın xəbərçisi sayılmalıdır. İran ətrafında daralan çənbər Rusiya və İran arasında “sendviç” kimi sıxılan Azərbaycana xüsusilə ayıq-sayıq olmağı diktə edir. Bizim bu mürəkkəb geosiyasi oyunda səhv eləmək lüksümüz qalmayıb...