“Münəccim olmadığıma görə əhalinin banklara olan borclarının silinib-silinməyəcəyini deyə bilmərəm” Gürcüstan hökuməti yeni il ərəfəsində 600 mindən çox vətəndaşın borcunu ləğv edir. Bu barədə baş nazir Mamuka Baxtadze bildirib. Vətəndaşların borcları "qara siyahı" üzrə silinəcək, bura kredit üzrə faizləri vaxtında ödəməyən vətəndaşlar daxildir. Gürcülərin ödənilməyən borcunun ümumi həcmi 1,5 milyard laridir (500 mln. dollardan çox). Borcların ləğv edilməsinə dekabrın 15-də başlanacaq və dekabrın 31-də başa çatacaq, Baxtadze deyib. Eyni zamanda o, borcların hansı mənbələrdən silinəcəyini açıqlamayıb.Bəs Azərbaycanda necə əhalinin banklara olan problemli kreditləri- borcu dövlət tərəfindən silinə bilərmi? Ümumiyyətlə, devalvasiyadan sonra ölkəmizdə artmaqda olan problemli kreditlər böyük bir təhlükə yaradır və əhalinin də yaşayış səviyyəsi aşağı düşür.
Məsələ ilə bağlı AZİA.AZ saytına danışan millət vəkili Fəzail İbrahimli qeyd edib ki, mən hökümət üzvü olmadığıma və münəccimlik etmədiyimə görə konkret heç nə deyə bilmərəm: “Azərbaycanda da əhalinin banklara olan borcları silinib-silinməyəcək, bu barədə mən heç nə deyə bilmərəm. Zaman-zaman Milli Məclisdə bu məsələ qaldırılıb. Məsələyə başqa cür də baxmaq lazımdır. Əgər bir insan bilirsə ki, krediti ödəyə bilməyəcək, nə üçün götürür!? Vətəndaş sadəlövhlük edir, “təvəkkül Allaha” deyib kredit götürür. Beyninə düşüb gedib kredit götürüb, sonu nə olar-olar. İnsan yorğanına görə ayağını uzatmalıdır. Hər kəs öz imkanları daxilində hərəkət etməlidir. Mən xalqı müdafiə etməkdən çəkinmirəm. Kredit götürüb maşın alır, amma nəzərə almır ki, ödəyə biləcək, yoxsa yox. Acından ölür, amma kreditə girir. Bununla bağlı mənə də xeyli vətəndaş müraciət edib. Amma əhalinin banklara olan borcları silinərsə, mən buna çox sevinərəm”.
Subut Mehdiyev