azia.az
azia.az

Kredit borcları milli fəlakət səviyyəsində: nə edək?

27-10-2016, 08:30

Kredit borcları milli fəlakət səviyyəsində: nə edək?
Ekspert: “Çox güman ki, borcların bir hissəsini ya Mərkəzi Bank, ya da dövlət öz üzərinə götürməyə məcbur olacaq, başqa çıxış yolu yoxdur...”



Hazırda Azərbaycanda bank sisteminin və ümumilikdə milli iqtisadiyyatın ən böyük bəlalarından biri də problemli kreditlədir.


Artıq belə kreditlərin həcmi 1,5 milyard manatı ötüb. Təəssüf ki, vaxt keçdikcə və manat dollar qarşısında zəiflədikcə, bu məbləğ də artır və geri dönüş imkanları daha da zəifləyir.

Hökumət isə problemi vaxtında həll etmədiyindən, indi daha böyük problem qarşısındadır. Digər tərəfdən, bu problem bankların sıradan çıxmasına, külli miqdarda əmanətlərin banklarda batmasına səbəb olur ki, həmin vəsaitlər də Əmanətlərin Sığortalanması Fondunun simasında dövlətin cibindən çıxır.

Problemə fərdlər səviyyəsində yanaşsaq, problemli kreditlər iqtisadi məsələ olmaqdan çıxıb, cəmiyyətin həm siyasi, həm sosial, həm də mənəvi probleminə çevrilib. Birincisi, artan borclar əhalini hökumətdən narazı salan başlıca amildir. İkincisi, cəmiyyətdə bu səbəbdən yaranan gərginlik və aqressiya sonradan ailədaxili münaqişələrdən tutmuş, qətl, intihar hadisələrinə qədər gedib çıxır. Bir sözlə, kredit borcları artıq milli fəlakət statusuna qədər gəlib çıxıb.

İqtisadçı ekspert Natiq Cəfərliyə görə, hökumət bu problemin həlli barədə devalvasiya qərarı verərkən düşünməli idi: “Çünki bu, göz görə-görə gələn bir fəlakət idi. Biz dəfələrlə Mərkəzi Bankı da, hökuməti də bu haqda xəbərdar etmişdik. O zaman da kreditlərin əksəriyyəti valyuta kreditləri idi, banklar özlərini sığortalamaq üçün valyuta kreditləri verməkdə maraqlı idilər. Devalvasiyalardan sonra bu kreditlərin iki dəfədən çox bahalaşması əhalinin üzərinə böyük yük kimi düşdü. Bundan əlavə, iqtisadi aktivliyin azalması, ölkədə xarici ticarət dövriyyəsinin azalması, tikinti sektorunun çöküşü, insanların iş yerlərini itirməsi, qazanclarının azalması kreditlərin geri dönüşünü daha da çətinləşdirdi”.

Image result for borclar

Ekspertin sözlərinə görə, banklarda da vəziyyət həddindən artıq ağırdır və bunun başlıca səbəbi problemli kreditlərdir: “Bəzi banklarda kreditlərin yarıdan çoxunun geri qaytarılmasında problemlər yaşanır. Müxtəlif mətbuat orqanlarında, hətta bəzi deputatların parlament çıxışlarında tez-tez ölkədə kreditlərin silinəcəyi haqda məlumatlar yer alır. Bu da bankların işini daha da çətinləşdirir. Vətəndaş düşünür ki, belə bir qərar veriləcəksə, kreditləri qaytarmaya bilər. Hətta kreditləri qaytarmaq imkanında olanlar belə gözləmə mövqeyinə keçiblər. Bu isə bankların vəziyyətini getdikcə daha da ağırlaşdıracaq. Banklar verdikləri kreditləri yığa bilmir, yeni kredit xətləri də aça bilmirlər. Çünki kreditlərin veriləsi şərtləri də xeyli dərəcədə çətinləşdirilib. Bunun yükü də vətəndaşın çiyninə düşüb. Nə banklar, nə hökumət, nə də Mərkəzi Bank tərəfindən ciddi bir addım atılmadığından, vətəndaşlar da bu yükü çəkə bilmir. Nə biznes qurumları, nə də fərdi sahibkarlar və fiziki şəxslər artıq kredit ala bilmirlər. Bu da həm sosial problemlərə, həm də vətəndaşın müəyyən hüquqlardan, məsələn, ölkəni tərk etmək hüququndan məhrum olması ilə nəticələnir”.

N.Cəfərli hesab edir ki, əgər vəziyyətlə bağlı hər hansı ciddi qərarlar verilməsə, problem qar uçqunu kim getdikcə artacaq və banklar da batacaq: “Əgər əhali kreditləri qaytara bilmirsə, bankların bunu aktiv kimi özündə saxlamağa ehtiyac yoxdur. Çünki bu, geri dönüşü mümkün olmayan aktivlərdir. O da faktdır ki, Mərkəzi Bankın bununla bağlı hər hansı planı yoxdur. Çünki vəsait çatışmazlığı var. Kreditlərin silinməsi xəbəri qulağa xoş gəlsə də, əhali tərəfindən xoş qarşılansa da, bunun bir əsası yoxdur. Kreditlərin silinməsi üçün ya dövlət büdcəsindən və ya Neft Fondundan müəyyən vəsait ayrılmalıdır, ya da Mərkəzi Bankdan. Hazırda ölkənin maliyyə durumunu nəzərə alsaq, bu qurumların heç birində belə bir addımın atılması nəzərdə tutulmayıb”.

Ekspertə görə, dövlət qurumları problemi görməzdən gəldiyi üçün problem daha da dərinləşir: “Halbuki problemli kreditlərin həlli ilə bağlı əvvəldən bir konsepsiya hazırlanmalı, bütün məsuliyyət 3 tərəfin arasında bölünməli, dövlət Mərkəzi Bankın iştirakı ilə məsuliyyəti banklar və vətəndaşlar arasında proporsional qaydada paylamalı idi. Bütün məsuliyyət vətəndaşın çiynində qalmamalı idi. Görünən odur ki, bu problem yaxın vaxtlarda da həllini tapmayacaq. Bu da problemli kreditlərin həcminin artmasından başqa heç nəyə xidmət etməyəcək. Nəticədə hökumət daha bahalı bir yükün altında qalacaq. Bir müddət sonra müəyyən addımların atılması qaçılmaz olacaq. Artıq problemin tam həlli üçün çox gecdir. Kreditlərin 1.05-lə qaytarılması təklif olunsa belə, bir çox vətəndaşların bu məzənnə ilə belə borcunu qaytarmağa imkanı yoxdur. Ona görə də artıq məzənnənin aşağı salınması ilə problemin həlli mümkün olmayacaq. Çox güman ki, borcların bir hissəsini ya Mərkəzi Bank, ya da dövlət öz üzərinə götürməyə məcbur olacaq, başqa çıxış yolu yoxdur. Ya ölkədə elə bir iqtisadi aktivlik olmalıdır ki, əhalinin gəlirləri külli miqdarda artsın. Çox təəssüf ki, yaxın gələcəkdə belə bir irəliləyiş gözlənilmir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi