Bəlkə, bir neçə il sonra "Bakcell”in elə ata-oğul tərəfindən tamamilə alındığını eşidəcəyik?
Bazar iqtisadiyyatının əsas prinsipi azad rəqabət və daha fərqli xidmətdir. Məhz buna görə də, dünyada hər gün minlərlə şirkət bağlanır və ya müflis olur, yerini başqa şirkətlərə, "brend”lərə verir. Lakin Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Ölkəmizdə bir çox iri şirkətlərin ayrı-ayrı məmurlara bağlı olması, yaxud da bəzi sahibkarlarla fərqli məmurlar arasında ortaqlığın "əsas uğur səbəbi” olması əksər oxucularımıza sirr deyil.
Bu günlərdə ölkə mətbuatında daha əvvəl dələduzluğa görə tutulan iş adamı Müqayis Verdiyevlə bağlı ilginc məlumatlar yayılmışdı. Cumhuriyyet.az olaraq həmin yazılardan birinin maraqlı məqamlarını diqqətinizə çatdırırıq: "Sumqayıtdan daxil olan məlumata görə, şəhərdəki bütün təmir-tikinti işlərini bir ilginc iş adamı, bir müddət əvvələdək həbsxana həyatı yaşamış, o zamanlar medianın gündəmində olan goranboylu Müqayis Verdiyev həyata keçirir. Bildirək ki, Müqayis Verdiyev bir neçə il öncə Cinayət Məcəlləsinin 179.3-cü (mənimsəmə ) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunaraq həbs edilmişdi. Bir neçə illik həbs həyatından sonra isə Müqayis Verdiyev 09 sentyabr 2015 -ci ildə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb…
M.Verdiyevin Sumqayıtdakı "çəkisi” ilə başqa heç bir sahibkar müqayisə edilə bilməz. Sumqayıtdakı dövlət sifarişlərinin "əvəzedilməz” podratçısına çevrilmiş Müqayis Verdiyevin həbsdən çıxandan sonra sürətlə güclənməsi də bir sıra suallar doğurur. Lakin M.Verdiyevin azad olunmasında da diqqət çəkən məqamlar və bu məsələdə mətbuatın rolu danılmazdır.
Məlumata görə, Goranboyda fəhlələrin etiraz aksiyasından sonra tutulan Müqayis Verdiyevin azadlığa qovuşmasında onun oğlu, hazırda "Bakcell”in baş satış meneceri olan Anar Verdiyev xüsusi fəallıq göstərib.
Vaxtilə "Bakcell”də adi satış meneceri olan Anar Verdiyev bir sıra saytların redaksiyalarını gəzir və sayt rəhbərlərinə
Əlverişli paketlər, müxtəlif bonuslar vəd edərək yaxın münasibət qururdu. "Sonradan isə Anar Verdiyev "şərlənərək həbs olunan” atasının problemini dilə gətirir və ayrı-ayrı jurnalistlərin dəstəyini qazanaraq Müqayis Verdiyevin azad olunması üçün piar kampaniyasının başlanmasına səbəb olur.
İş o yerə çatır ki, bir sıra müxalifət qəzetlərində Müqayis Verdiyev gündəmin mövzusuna çevirilir və nəticədə Goranboy icra başçısının birinci müavini Baxış Abdullayev vəzifəsindən azad olunur, adıkeçən iş adamı isə həbsdən çıxır. Bir müddət "boş-bikar” dolaşdıqdan sonra, Müqayis Verdiyev Zakir Fərəcovun ətrafında özünə yer tapır və icra başçısıyla yaxınlığından istifadə edərək, oğlu Anarın da mobil rabitə bazarında "parlamasına” kömək edir. Məhz bu və digər əlaqələrin köməyi ilə, əvvəlcə "Bakcell”də abunəçi xəbər saytlarına kuratorluq edən Anar Verdiyev tədricən iri müəssisələrin, şirkətlərin kuratoruna çevrilir, böyük məbləğlərlə ölçülən satış əməliyyatları həyata keçirir. Bununla da, Anar Verdiyev 2016-cı ilin avqustunda adi menecer vəzifəsindən baş menecer vəzifəsinə gətirilir”, – deyə mənbə qeyd edir. Məlumatda o da qeyd olunur ki, atasının və onun tanışları vasitəçiliyi ilə nəinki Bakı və Sumqayıtda, hətta bölgələrdə mobil rabitə bazarını tədricən ələ almağa, bir sıra sahibkarlarla birlikdə "xüsusi çevrə” yaratmağa başlayıb.
Beləliklə, burdan sual yaranır: Anar Verdiyevin mobil rabitə bazarında parlaması, Müqayis Verdiyevin təmir-tikinti sektorundan telekommunikasiya sektorundan keçidi ölkə üçün nələr vəd edir? Olmaya, Anar Verdiyev yeni bir oliqarx olaraq səhnəyə çıxmağa hazırlaşır? Bəlkə, bir neçə il sonra "Bakcell”in elə Verdiyevlər tərəfindən tamamilə alındığını eşidəcəyik?”(Qafqaznews.az)
Bu günlərdə isə legion.az-ın redaksiyasına maraqlı bir məlumat daxil olub. Məlumata görə, onunla bağlı bir neçə şirkət Bakcell-in rəhbərliyinə şikayət etdilər. Bildirilir ki, Anar Verdiyev bir neçə şirkəti "Bakcell”in korporativ xidmətlərindən istifadəyə dəvət edərək, atasının işinin xatirinə həmin şirkətlərə yalan vədlər verib. Belə ki, məlumata görə, A.Verdiyevin şirkətləri "Bakcell”in korporativ xidmətlər paketinə qoşarkən, verdiyi vədlər arasında "iPhone” və planşetlər,eləcə də xeyli güzəştlər də vardı ki, guya bir ildən sonra həmin şirkətlər bunu əldə edəcəkdi. Hətta, bu vədlərin içində xaricdə gəzintilərin də olduğu bildirilir. Lakin bir neçə ildir "Bakcell” şirkətinin müştərisi olan həmin şirkətlər nəinki güzəştlər və hədiyyələr alıblar, hətta Anar Verdiyevə zəng etdikdə onunla danışa da bilmirlər. Legion.az-ın əldə etdiyi məlumata görə, Anar Verdiyevin yalançı vədləriylə bağlı olaraq, həmin şirkətlər "Bakcell” baş icraçı direktoru Nikolay Bekkersdən bu məsələyə aydınlıq gətirməyi xahiş ediblər.
Araşdırmamız davam edir…
Qlobal.az