azia.az
azia.az

ETSN-nin əsassız ittihamlarına məruz qalan agentlik rəhbəri prezidentə müraciət etdi

1-07-2017, 13:58

ETSN-nin əsassız ittihamlarına məruz qalan agentlik rəhbəri prezidentə müraciət etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev cənablarına

Sürəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil İdris oğlu Usubova

Surəti: Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Qəzənfər oğlu Quliyevə

Surəti: Azərbaycan Respublikası Mətbuat Şurasının sədri Əflatun Əhməd oğlu Amaşova

MÜRACİƏT

Cənab Prezident!

Son illər Azərbaycanda yeni medianın inkişafı, xəbər saytlarının çoxalması istiqamətində Sizin apardığınız islahatlar və mətbuat azadlığına yaratdığınız imkanların da böyük payı vardır.

Belə ki, hər hansı jurnalist bədxah məmur və ya maxinator iş adamları tərəfindən təzyiqlərə məruz qaldıqda, bu istiqamətdə ölkə rəhbərliyinin də mövqeyi gecikməmiş, o jurnalistə qarşı təzyiqlərə dərhal son verilmişdir.

Şəxsən, öz təcrübəmizdən deyə bilərik ki, biz mətbuatda olduğumuz beş ilə yaxın müddətdə vaxtaşırı olaraq bəzi təzyiq və təhdidlərlə üzləşmişik. Lakin Sizə müraciətimizdən sonra, bu məsələ kökündən həll olunmuşdur.

Biz bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, habelə, onların sifarişiylə bizə qarşı yazılar yazan bəzi jurnalistlərin qara piar kampaniyasına məruz qalmışıq. İş o yerə çatıb ki, rəhbərliyinin adı və ünvanı məlum olmayan, “com” domeniylə cəmi 4-5 gün əvvəl açılmış saytlarda haqqımızda dezinformasiyalar yayılır, hər hansı “reketlik” hərəkətimiz barədə sübutu olmayan, heç bir fakta söykənməyən şəxslər sadəcə fərziyyələr ataraq, bizim adımızı özlərinin çirkin əməllərində istifadə edirlər.

Möhtərəm dövlət başçısı!

Bu günlərdə üzləşdiyimiz problem təkcə bizim üçün yox, bütün cəmiyyət üçün problemdir. Çünki mətbuat azadlığıyla heç bir əlaqəsi olmayan, əksinə, “maskalı quldurlar” kimi, bizə qarşı qara piar kampaniyasında istifadə olunan “topxeber.com” saytı cəmiyyətdə pis nümunə ola bilər.

Əldə etdiyimiz məlumata görə, bu sayt əleyhimizə yazılar yazan, “Pressday.az” saytının baş redaktoru Azər Hüseynbala və onun əməkdaşı, vaxtilə şübhəli əməllərinə görə “Yeni Müsavat” qəzetindən kənarlaşdırılan Elman Maliyev tərəfindən idarə olunur.

Qeyd edək ki, əldə etdiyimiz məlumata görə, Elman Maliyev bir dəfə həyat yoldaşını döyməyə görə, bir dəfə də, “ev alqı-satqısı” adıyla Binəqədi rayonunda bir vətəndaşa qarşı dələduzluq etdiyinə görə həbs edilib. Öyrənmişik ki, Elman Maliyevin barəsində Binəqədi Rayon Məhkəməsinin 6 il həbs qərarı da olub, lakin o, üç il altı ay cəza çəkdikdən sonra, azadlığa çıxıb. Həmçinin, onun bu dələduzluq əməllərinə görə, “Yeni Müsavat” qəzetindən qovulması da, Azərbaycan mətbuatında çoxuna məlumdur. Lakin buna baxmayaraq, Azər Hüseynbala öz kollektivindəki “zəhmətkeş”ləri görməzdən gəlir, bizə qarşı söz hücumuna keçərək, “Mətbuatın qara ləkələri” adlandırır. Halbuki, biz nə qadın döyməyə görə, nə də dələduzluğa görə, nə də başqa əmələ görə bir dəfə belə olsun hüquq mühafizə orqanlarının hədəfi olmamışıq.

Sayta diqqət etdikdə, lentə qoyulan xəbərlərin də “Pressday.az” saytı ilə üst-üstə düşməsi, Azər Hüseynbalanın təriflənərək bizim təhqir edilməmiz şübhələri təsdiq etməkdədir.

Belə ki, bu yaxınlarda həm başqa saytlara istinadla müxtəlif yazılar, həm də öz apardığımız jurnalist araşdırmalar olmaqla, ETSN haqqında bir neçə məqalə dərc etmişik. Həmin məqalələrdə bəzi video və fotofaktlar da yerləşdirilmiş, Respublikamızın müxtəlif rayonlarındakı meşə təsərrüfatlarında baş verən özbaşınalıqlara toxunulmuşdu.

Bu yazılardan sonra, redaksiyamıza gələn, özünü ETSN-in hüquqşünası kimi təqdim edən Malik Rzayev adlı şəxs nazir Hüseynqulu Bağırov və ETSN-in aparat rəhbəri Rövşən Cəlilovun adından bizə “razılığa gəlməyi” təklif etdi, Qafqaznews.az-da və Legion.az-da dərc olunan yazıların silinməsini istədi.

Biz onun təklifini rədd etdik və bildirdik ki, daim yazılarımızda nazirliyin mövqeyini vermişik və yenə də, qarşı tərəfin fikrini dərc etməyə hazırıq, lakin nəyinsə müqabilində hansısa yazını saytdan çıxarmayacağıq.

Bundan bir neçə gün sonra isə Azər Hüseynbalanın rəhbərlik etdiyi Pressday.az saytında həm ETSN-ə “reketlər” tərəfindən böhtan atıldığını bildirən, həm də birbaşa bizim əleyhimizə olan, adımıza müxtəlif ittihamlar səsləndirilən yazılar dərc edilməyə başladı. Guya, bizim əməkdaşlar hansısa obyektə soxulub pul tələb edir, yaxud da, məmurları qorxudaraq, öz qohumlarımızı müxtəlif idarələrdə işə düzəltməyə çalışırıq.

Azər Hüseynbala özünün “inkoqnito” olaraq açdığı “topxeber.com” saytında isə bizim kollektivdə çalışan şəxslərin şəkilləri yerləşdirir və cəmiyyətə “reketlər” kimi təqdim edir.

Mətbuatda 25 il təcrübəsi olduğunu deyən Azər Hüseynbala heç utanmadan, xəcalət çəkmədən ailəsinə halal ruzi aparan əməkdaşlarımızın şəkillərini saytında yerləşdirməklə və “bu reketləri tanıyın” deməklə, kollektivimizin işgüzar nüfuzuna zərbə vurur, cəmiyyətdə mənfi rəy yaratmağa çalışır.

Belə ki, Azər Hüseynbala şəxsən öz imzası olan yazıda bildirir ki, guya bizim hansısa rayonda obyektlərlə bağlı problemimiz var, guya biz Mətbuat Şurasının “qara siyahısı”ndayıq və haqqımızda bu günlərdə MŞ-da komissiya iclası keçirilib.

Mətbuat Şurasının “qara siyahısı”nda rəhbəri Vaqif Aşurzadə olan “Kafkaz news” adlı qəzetdir və bizimlə heç bir əlaqəsi yoxdur. Bunu MŞ-nin rəhbərliyi də təsdiq edə bilər. Lakin Azər Hüseybnala “onların adı reket siyahısında da var” deməklə cəmiyyəti çaşdırır. Lakin Azər Hüseynbala öz qondarma saytında və imzalı köşə yazılarında bizi “reket” kimi təqdim edir, şəkillərimizi indi həbsdə olan bəzi başqa redaktorlarla birgə yerləşdirir, “bu insanlar niyə həbs olunmur?” deyə, hüquq mühafizə orqanlarına təzyiq göstərməyə çalışır.

Hörmətli Prezident!

İyunun 29-da Qafqaz Xəbər Agentliyinin qafqazxeber.az saytı ilə əməkdaşlıq edən jurnalist Rüfət Əhmədzadə Zaqatala Dövlət Qoruğunda “qırmızı kitab”a düşmüş piton ilanının öldürülməsi barədə araşdırma aparmış və agentliyə daxil olan məlumatlarla bağlı ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimovaya zəng etmişdir.

Mətbuat xidmətinin rəhbəri məsələni araşdıracağını demiş, lakin bunun üstündən 20-30 dəqiqə keçməmiş, Zaqatala Dövlət Qoruğunun rəisi Ramazan Çuxullayev jurnalistə zəng edib, ən ağır söyüşlərdən və təhdidlərdən istifadə etmişdir.

Jurnalist Ramazan Çuxullayevlə danışıqda nəzakətlə, yumşaq səs tonuyla danışsa da, R.Çuxullayev onu alçaltmaqdan, təhqir etməkdən çəkinməmişdir.

Biz redaksiyamıza daxil olan hər məlumatın doğru olduğunu iddia etmirik. Lakin jurnalistin informasiyanı araşdırmaq hüququ, eyni zamanda vəzifəsi var və bunun üçün də, Rüfət Əhmədzadə ETSN-in mətbuat xidmətinə zəng etmiş, hətta sözügedən ilanın öldürülməsi barədə fotoşəkli İradə İbrahimovanın “e-mail” ünvanına göndərmişdir. Yazıda da, R.Əhmədzadə hər tərəfin mövqeyini dürüst şəkildə qələmə alıb.

Anlaşılan deyil ki, əgər sözügedən mövzuda nazirliyin açıqlaması, araşdırması varsa, jurnalisti təhqir etməyə, qorxutmağa nə gərək vardı?

Jurnalistə qarşı təhqiramiz sözlər işlədən qoruq rəisini cəzalandırmaq və açıq şəkildə jurnalistdən üzr istəmək yerinə, ETSN iyunun 30-da açıqlama yayaraq, guya bizim jurnalistlərin nazirlik nümayəndələrindən pul qoparmağa çalışdığını bildirib.

Bu isə cəmiyyəti çaşdırmaq və edilən tərbiyəsizliyə haqq qazandırmaqdan başqa bir şey deyildir.

Biz ölkəmizdə özbaşınalığa yol verilmədiyinə, dövlətimizin “maskalı quldurlara” qarşı münasibətinin mənfi olduğuna inanır, ona görə də, Sizdən bu məsələnin həllində kömək gözləyirik.

İnanırıq ki, Sizin tapşırıqlarınızdan sonra, tezliklə Zaqatala Dövlət Qoruği rəisi Ramazan Çuxullayev, “Topxeber.com” saytı və Azər Hüseynbala barəsində araşdırma tədbirləri aparılacaq, barəmizdə əsassız, təxribat xarakterli və cəmiyyətdə çaşqınlıq yaradan materialların yayılmasına son veriləcək.

Hörmətlə, Mahmud Rasim oğlu Tağıyev

“Qafqaz Xəbər Agentliyi”nin baş direktoru


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi