azia.az
azia.az

Tarixçi alim erməni yalanlarını ifşa etdi- faktlar (fotolar)

23-10-2017, 12:51

Tarixçi alim erməni yalanlarını ifşa etdi- faktlar (fotolar)


Yaqub Mahmudov: “Cənubi Qafqazda isə heç vaxt erməni dövləti, erməni vilayəti olmayıb”

İyunun 13-də “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası layihəsi çərçivəsində Azərbaycanın KİV-nin nümayəndələri üçün “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri” haqqında qısamüddətlı elmi maarifləndirmə və təbligat kursları başlanıb.

“Yeni Müsavat”ın əməkdaşının da iştirak etdiyi kursları açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Qarabağ Araşdırmalar Mərkəzininin rəhbəri Elçin Əhmədov kursların keçirilməsinin məqsədlərindən danışıb. O, qeyd edib ki, məqsəd son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırım siyasəti mahiyyəti, eləcə də Qarabağ həqiqətlərinin daha sistemli öyrənilməsi və dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhvə verməkdir. Kurslarda 7 TV, 11 qəzet, 4 agentliyin əməkdaşları iştirak edir.

E.Əhmədov bildirib ki, iyunun 13-dən 19-dək keçiriləcək kurslarda “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri”; “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri”; “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)”; “Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)”; “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları DQMV-nin yaradılması və onun nəticələri (1918-1923)”; “Sovet dövründə Ermənistanın Azərbaycana ərazi iddiaları və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticələri (1945-1985)”; “XX əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün nəticələri (1988-1993)”; “Millətlərin öz müqəddəratını təyin etmə və ərazi bütövlüyü prinsipləri: Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və beynəlxalq hüquq kontekstində”, “Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyrırımı siyasəti. Xocalı soyqırımı” və “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Azərbaycanın dövlət siyasəti” mövzularda proqram üzrə mühazirələri Azərbaycanda bu sahədə tanınmış alimlər və mütəxəssislər oxuyacaqlar. Kursların sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim ediləcək.

Kurslarda ilk olaraq AMEA Tarix İnstitutunun direktoru, akademik, Milli Məclisin üzvü Yaqub Mahmudov “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri” mövzusunda mühazirə oxudu. Tarixçi alim bildirdi ki, bu tədbir son dərəcə gərəkli bir işdir. “Məndən ötrü böyük qürurdur ki, Azərbaycanın sözünü dünyaya çatdıran sizlərlə vaxtımızı sərf edəcəyik”-deyən alim öncə tədbirin adına özünəməxsus şəkildə yanaşdı: “Mən “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasəti” kimi yox, “Azərbaycanın müasir Ermənistan Respublikasına qarşı haqlı tələbləri” kimi qoyardım. Bu gün hücumda olmaq, tarixi həqiqətləri üzə çıxartmaq lazımdır. Qafqazın xəritəsində Ermənistan adlı dövlət heç zaman olmayıb. Necə oldu ki, günün birində Ermənistan dövləti mövcud oldu və zaman-zaman bizdən yeni ərazi istədi?”

Y.Mahmudov dedi ki, rəhbərlik etdiyi Tarix İnstitutunun götürdüyü xətt mühüm nəticələr əldə etməyə imkan verib: “Biz bu illər ərzində böyük uğurlara nail olmuşuq, kifayət qədər həqiqətləri nəşrt etdirib dünyaya yaymışıq. Azərbaycan ikiyə bölüşdürüləndən başlayıb bizim əyər-əskliklərimiz. İki qüdrətli imperiya Azərbaycanı iki yerə parçalayandan sonar həm şimalda, həm cənubda düşünülmüş ideologiyanı yürütməyə başlayıb. Üstəlik, Şimali Azərbaycan torpaqları dəfələrlə bölüşdürüldü. Yer üzərindəki imperiyalar içərisində Çar Rusiyası qədər kobud, dəhşətli idarəçilik üsuluna malik olan ikinci imperiya təsəvvür etmək mümkün deyil. Çar imperiyasına aid olmayan ərazilərə-Kuril adalarına qədər gedib çıxdılar. Bu gün türk xalqlarının tarixi vətəni olan yakutiyaya qədər adlar dəyişdirilib. Dəmirqapı Dərbənd Azərbaycanın tarixi ərazisi olduğu halda, Azərbaycandan qopardılar. Daha sonar Borçalı getdi. Tiflis quberniyasının tərkibinə isə Borçalını saldılar. Gürcülər bizim torpaqlara iddia edir. Onlara deyirəm ki, bu ərazilər sizin ola bilməz, siz Səfəvilərin bir hissəsi idiniz. Ərazi iddiası bizim haqqımızdır. Cümhuriyyət parlamentinin qərarı ilə 9 min kv.km ərazi vermişik ermənilərə, İrəvan şəhəri və ətrafı. Erməni dövləti bununla yaranıb. Məsələni buardan başlamaq lazımdır”.

Tarixçi alim bildirid ki, Cənubdakı siyasət daha dəhşətli olub: “Azərbaycan xalqı heç kəs tərəfindən idarə olunan xalq olmayıb, idarə edən xalq olub. Ağa Məhəmməd Şah Qacarı tənqid etsək də, bilməliyik ki, o, Azərbaycan xalqının oğludur. Onun haqqında “Şuşanı almaq istəyir” və s. danışılır. O, Azərbaycan ərazisini Rusiyanın caynağından qurtarmaq üçün gəlmişdi. İmperiya siyasəti bundan ibarət idi: Azərbaycan xalqı bu yerlərdən silinib götürülməli idi. Sübut etmək istəyirdilər ki, bu xalqın bu torpaqlara aidiyyatı yoxdur, bunlar Altaylardan köçüb gəlmədirlər. Bu yerlərin aborigen əhalisi isə guya gürcülər və ermənilərdir”.

İdeologiya və vətənçilik baxımından hansı yerdə olmağımız barədə danışan Y.Mahmudov dedi ki, bizim xalqı səlcuqlarla bağlayanlar da yanılır: “Səlcuqlardan qabaq biz bu yerlərin sahibi olmuşuq. Biz bu torpaqların ən qədim əhalisi olmuşuq, hətta bizim əcdadlarımız gedib Babilistanı idarə etmişik. Avrasiya qədim türkün vətənidir. Mən Cənubi Koreyanı qarış-qarış gəzmişəm. Cənubi Koreyanın əhalisinin mütəxəssislərindən soruşsanız deyəcəklər ki, bizim tariximiz skiflərdən başlayır. Çin səddi niyə çəkilmişdi? Səddin şimalı türk xalqlarının yaşadığı ərazi idi. Türklərin öhdəsindən gələ bilmədikləri üçün o səddi çəkmişdilər”.

Y.Mahmudov ardınca bildirdi: “Tiflis əmirliyini kim yaradıb? O bizim dövlətimizdir. Amma bu gün gürcülər Qaxdan Şamaxıya qədər bizim torpaqlara iddia edirlər”. Alim ötən əsrin əvvəllərində baş verənlərin doğru-dürüst yazdıqlarına görə hücumlara məruz qalmasından da bəhs etdi: “Bizə qarşı Stepan Şaumyanın oğlu Levon Şaumyanı – Sovet Ensklopediyasının başında duranlardan birini bura gətirdilər ki, guya biz millətçilik edirik. 1964-66-cı illərdə Ukraynadan Azərbaycanın tarixi xəritələrini bura gətirdik. Xəritələri bura çatdıran kimi onun üstünə tökülüşdülər”.

Professor dedi ki, 2004-cü ildə Tarix İnstitutunun rəhbəri olaraq Azərbaycanın Tarixi Atlasını nəşr etdirib: “Bugünkü Ermənistan adlı dövlət İrəvan xanlığının yerində yaradılıb. Bu gün dünyanı fəth etməkdən ötrü beyinləri fəth etmək lazımdır. Ermənilər bu xətti çox yaxşı yürüdürlər. Gözəl qızlardan tutmuş mütəxəssislərinə qədər bütün dünyada təbliğat aparırlar ki, biz vəhşiyik, gəlməyik. Həm də dünyada xristian həmrəyliyi var, nə edirsən-et, özlərini karlığa vururlar. Amma durmadan həqiqətlərimizi yaymağa çalışmalıyıq, yalançı təbliğatı dağıtmalıyıq. Biz ermənilərə sübut etdik ki, sizi bura Pyotrun manifesti ilə köçürüb gətiriblər, siz bura gəlməsiniz, buranın aborigen əhalisi deyilsiniz! Məqsəd qızılla zəngin Hindistana çıxış əldə etmək idi. Bununçün də Osmanlı və İranı parçalamaq lazım idi. Lakin bu yolda ilk öncə Pyotr xəncəri Qafqazın ürəyinə soxmaq istəyirdi. Rusların buraya köçürülməsi mümkün olmadığı üçün Türkmənçay və Ədirnə müqavilələrindən (1828-29) sonra erməniləri Azərbaycan ərazilərinə köçürülməsi prosesi başladıldı. O zaman Qazaros Lazaryan İran ərazisindəki ermənilərə xitabən “ermənilər, biz burdan getməmiş qoşulun bizə. İtirdiyiniz heç nə olmayacaq, siz yeni vətən əldə edəcəksiniz!” Ermənilərin İrəvana, Naxçıvana, Qarabağa köçürülməsi buradan başladı. Özü də onlar üçün xüsusi arxiv sənədləri hazırlandı. Ermənilər 1978-ci ildə Ağdərədə Qarabağa köçmələrinin tarixini əks etdirən 150 il abidəsini qoydular, 10 il sonar onu dağıtdılar. Biz onu əks etdirən fotoları da yaymışıq. Ermənilər haqqında ilk dəfə “Erməni vilayəti” olub, heç bir dövlətdən söhbət gedə bilməz. Erməni vilayəti isə 1828-ci ildə Nikolayın qərarı ilə yaradıldı”.

Professor dedi ki, ermənilər nəinki Cənubi Qafqazın, hətta Asiya qitəsinin yerli əhalisi deyil: “Mən ispan dilinə qədər bir çox dillərdə bununla bağlı kitablar nəşr etdirib yaymışam. Ermənilərin adını ilk dəfə çəkən “tarixin atası” Herodot göstərir ki, ermənilər friya etnoslarından biridir, onlar Balkanlarda mövcud olub və onlar yunanlara yaxındırlar. Ermənilər qovulandan sonar Van gölünün sahillərinə gəlib çıxdılar. Bu zaman onlar Armena adlı İran ərazisində məskən saldılar. Sonra iddia etdilər ki, “Urartu bizimkidir”. Ancaq elm sübut etdi ki, Urartu onlara məxsus deyil. Daha sonra iddia etdilər ki, Hayast adlı dövlətləri olub. Ermənistan deyilən Arazın başlandığı ərazilərə qədər mövcud olub, bizim tarixi ərazilərə aidiyyatı yoxdur. Atrapatena dövləti heç vaxt Ermənistan adlı ərazisinin tərkib hissəsi olmayıb! Bunların hamısını biz yazmışıq, dünya dillərində nəşr etdirmişik, erməni tarixçilər cavab verə bilirsə, buyursunlar! Asiya qitəsinin tarixi vətən olaraq ermənilərə dəxli yoxdur! Keçmişdə Azərbaycan tarixi ona görə zəlil günə düşmüşdü ki, bir Moskvadan icazə almalı idik, bir də İrəvandan-Yeremyandan. Bu gün Azərbaycan tarixi haqqında yazılan yazılara görə icazə ancaq Azərbaycandan verilməlidir! Rusiyadakı jurnallarda erməni əleyhinə dissertasiyamı çap etdirmək olar? Yaxud Türkiyəyə göndərirsən yazını, görürsən rəy verməli olan bir ünvanın arxasından erməni çıxır”.

Y.Mahmudov bildirdi ki, , Çar Rusiyası ermənilərə “biz sizə dövlət yaradacağıq” demişdi və bu işlər S.Şaumyana tapşırılmışdı: "26-lar abidəsi söküləndə mən ordaydım. 23 cəsədin qalıqları ordan çıxdı. Mən 5 gün orda olmuşam. Altı beton, yanlar beton, üstü də 65 sm-lik beton idi. 23 cəsəd çıxdı. Nə qədər təzyiqlər oldu ki, bunları aparıb tullayın kənara. Amma bir dırnaq boyda sümük kənarda qalmadı. Dedim cəsədləri yığın, müəyyənləşdirilsin ki, görək Şaumyan burdadırmı? Dedim Şaumyanın yaşını müəyyənləşdirə bilərsinizmi? Dedilər, bəli. Şaumyanın güllələnən vaxt 1918-ci ildə 40 yaşı olurdu. 40 yaş çıxmadı. Həmçinin 47 yaşlı Əmiryan və digər bir erməni qatil 23 yaşlı Avokyan yoxdur. Bu barədə YAP-ın qərargahında brifinq keçirdim, səhər mənə material gətirdilər ki, sizin əleyhinizə yazı yazılıb. Bunu gecə ilə kim ötürdü? Deyirdilər film də göstərə bilərik, 26 tabut qoyulub. Tabut qoyula bilər, amma nə olsun? Sonra biz ortaya sənəd qoyduq ki, Şaumyan daşnakların lideri olub. Sonra biz sənəd tapdıq ki, Şaumyan 26 komissar “güllələnəndən” sonra 10 gün burada qalıb, gündəlik yeməklər alıb, ardınca kəşfiyyat onu Hindistana aparıb”.

Y.Mahmudov böyük sənətkar Rəşid Behbudovun da bu faktlardan məlumatlı olduğu barədə dəlillər əldə etdiyini bildirdi. “Şaumyan Andronikə teleqram vururdu ki, “inqilab təhlükədədir, Bakıya yaxınlaş”. Andronik də insanları qıraraq irəliləyirdi. Leninə də elə bu lazım idi və hər cür yardım da göstərildi. Bakıda Güllüdərə, Sovetski bombardman edildi” -Y.Mahmudov bildirdi.

Tarixçi alim daha sonar digər qırğınları da xatırlatdı: “Qubada qırğın törədən erməni cəllad Xamazad deyirdi, mən erməni xalqının oğluyam. Mənə göstəriş verilib, Şahdağla Xəzər dənizi arasındabir adam salamat qalmayacaq. Bu göstərişi ona kim vermişdi - Şaumyan! Şamaxı qırğınını həyata keçirən Lalayan Şamaxıda ən yüksək yerdə özünə ev tikib. Şamaxı məscidi həmin evdən atəşə tutulub. Həmin məhəllə Lalayan məhəlləsi adlanır. Mən cənab prezidentə müraciət etdim. Qatil Lalayanın evi orda niyə qalmalıdır, onu dağıdıb yerində park salmaq lazımdır. Qızları zorlayandan sonra onları bir yerə yığıb yandırıb. Nərimanov “bezsovestnıy Lalayan” deyirdi”.

Tarix İnstitutunun direktoru erməni iddialarına daha sonar aşağıdakı şəkildə cavab verdi: “7-ci əsrdən sonra Gülüstan, Türkmənçay müqavilələrinə qədər bu ərazilərin sahibi bizlər olmuşuq. Gürcülərin balaca bir vilayəti var idi, ermənilərin isə heç nəyi yox idi. Bu gün də Minsk Qrupu və digərlərinin məqsədi xristian ermənilərin müdafiəsinə, Azərbaycan ərazilərində ikinci dövlət yaratmaq niyyəti dayanır”. Nəriman Nərimanovdan bəhs edərkən Y.Mahmudov bunları bildirdi: “Stalin deyirdi ki, Nərimanov bizə dekarasiya kimi lazımdır, onu mən heç vaxt sovetlərin rəhbərliyində görmürəm”. Sovet ordusunun Azərbaycanı işğalından bəhs edərkən bunun bir “Türkiyəyə yardım” adı ilə qurulmuş oyun olmasına da diqqət çəkdi: “1920-ci ilin 28 aprelində bizim sərhədlərimizi keçən qızıl ordunun tərkibində xeyli türk zabiti var idi”.

Y.Mahmudov Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları barədə də yüksək fikirlər söylədi: “Xalq Cümhuriyyəti yaranmasaydı, Azərbaycan torpaqları təxti-viran olacaqdı. Cümhuriyyət qurucularının ən böyük xidmətləri ondan ibarətdir ki, onlar Tiflisdə dövləti elan edib dərhal Türkiyəyə kömək üçün müraciət etdilər. Onları bir-birinə qarşı qoymaq, fərqləndirmək yanlışdır. Cümhuriyyət qurucuları bir-birindən qüdrətli şəxsiyyətlər idi. Məsələn, Əlimərdan bəy Topçubaşovdan başqa kim Parisə gedə bilərdi? Rəsulzadənin imkanı var idi ki, hökumətə başçılıq etsin. Amma Rəsulzadə bilirdi ki, hökumətə hüquq təhsil olan Fətəli xan Xoyski başçılıq edə bilər. Ermənilər kimləri öldürdülər? Xoyski, Həsən bəy Ağayevi. Ənvər paşanın planı bu idi ki, Türkiyə çökür, İstanbul əldən getsə, Turanın paytaxtı Bakı olmalıdır. O, Nuru paşaya yazırdı ki, mənim teleqramlarıma inanma, göndərdiyim adamlara inan! Çünki Türkiyə Almaniyanın dostu idi. Ənvər Paşa deyirdi ki, ermənilərə dövlət ayartmaq lazım deyil, çibanı kökündən təmizləmək lazımdır. Amma digər iki nəfər onun əleyhinə getdilər və Cümhuriyyət qurucularını da buna razı saldılar. Cümhuriyyət düşünürdü ki, Türkiyə erməniləri qovanda onlar gəlib Bakıya doluşacaqlar, ona görə İrəvanda yerləşdirilməsinə razı oldular”. İrəvanın ermənilərə verilməsi barədə isə bunları bildirdi: “9 min kv km-lik ərazi ona görə güzəşt etdildi ki, ermənilər bir daha Azərbaycana ərazi idsiası irəli sürməyəcəklər, soyqırmı dərhal dayandıracaqlar, 9 min kv.km-lik ərazidə yaşayan əhali ermənilərlə eyni hüquqlara malik olacaqlar. Bu ərazilər verildi və Ararat Respublikası yarandı. Ancaq Şaumyanın başçılıq etdiyi hakimiyyət daşnak hakimiyyəti idi və ancaq soyqırım törədirdi. Şərtlər olduğu halda, Ermənistan-Ararat Respublikası dərhal soyqırıma başladı. Daha sonra Qarabağda, Zəngəzurda soyqırım başladı. Fətəli Xoyski iyulda M.Ə.Rəsulzadəyə teleqram vurdu ki, əgər ermənilər soyqırımı davam etdirsə və ərazi iddialarına son qoymasalar, biz İrəvanla bağlı qərarımıza yenidən baxacağıq. 9 min kv.mk-lik torpaqla dövlət yaradan Ermənsitanın bu gün nə qədər ərazisi var? Qazaxdan, Naxçıvandan, Zəngəzur və digər ərazilərimizdən torpaqları qəsb etdilər, bugünkü həddə çatdırdılar. Cənubi Qafqazda iki xalqın dövlət yaratmağa ixtiyarı var idi, ermnilərin bu hüquqi yox idi. Bu gün bizim Ermənisatana qarşı ərazi iddiası hüququmuz var, ermənilərin bizə yox! Tarixdə Böyük Ermənistan deyilən dövlət olmayıb, mən bunu tam məsuliyyətimlə deyirəm. Cənubi Qafqazda isə heç vaxt erməni dövləti, erməni vilayəti olmayıb. Biz bu məsələlərin hamısını yenidən, cəsarətlər qoymalıyıq!”

Y.Mahmudov rəhbərlik etdiyi institutun erməni yalanlarını ifşa üçün böyük işlər gördüyünü qeyd etdi: “Azərbaycan Milli Atlasında 85 xəritə dərc etmişik, orada erməni dövləti yoxdur. Biz tarixi həqiqətləri deməkdən çəkinməməliyik və hücumda olmalıyıq! Sank-Peterburq, Devli, Osmanlı arxivlərindən minlərlə sənədlər gətirmişik və əlimizdə kifayət qədər əsaslar var. Amma bu sənədləri çap etdirə bilmirik, iş adamları bu sənədləri çapına dəstək verməlidirlər. Yaxşı ki, Azərbaycan prezidenti hər zaman bizə dəstək verir!”

Elşad PAŞASOY
FOTO: “YM”

Tarixçi alim erməni yalanlarını ifşa etdi- faktlar (fotolar)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi