Daxili proseslərə qarışmaq, QHT və media təmsilçilərini ələ almaq... -KOMİTƏ SƏDRİNDƏN ŞOK AÇIQLAMA
“Azərbaycanda fəaliyyət göstərən bəzi səfirlər, diplomatik nümayəndələr Azərbaycanın daxili işlərinə müdaxilə edirlər”. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Diplomatik xidmət haqqında” qanun layihəsinin müzakirəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Komitə sədri təəssüflə bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra xarici ölkələrin diplomatik nümayəndələri ölkədəki QHT-lər və media ilə guya əməkdaşlıq adı altında ölkənin daxili işlərə müdaxilə edirlər.
Qeyd edək ki, Azərbaycan Milli QHT Forumunun ötən həftə yaydığı bəyanatda sensasion məqamlardan biri ölkəmiz əleyhinə iş aparan bir sıra xarici donorların, Qərb səfirliklərinin təsiri altında olan şəxslərin dövlət qurumları yanında ictimai şuralara müxtəlif üsullarla düşdüyünü bəyan etmişdi. “Bu statusdan sui-istifadə edilməsi, mandatlarından kənar fəaliyyət halları, özlərini "qrant vasitəçiləri" kimi apararaq məlumatlar toplaması barədə siqnallar narahatlıq doğurur. Bəzi Qərb səfirliklərinin Azərbaycanda ictimai şuralarda təmsil olunan QHT-ləri ələ almağa çalışaraq, onlara özlərinin balansında olan nəqliyyat vasitələrini bağışlamaq istəkləri barədə də məlumatlar var. Azərbaycan Milli QHT Forumu hesab edir ki, ictimai şuraların “İctimai iştirakçılıq haqqında” Qanunun tələblərinə uyğun fəaliyyəti təmin olunmalı, ictimai şuralar yalnız ictimai maraqlara xidmət etməli, ictimai nəzarəti təmin etməli, bu şuraların tərkibinin formalaşmasında və fəaliyyətində sui-istifadə halları aradan qaldırılmalıdır", - deyə bəyanatda bildirilib.
Yusif Bağırzadə
Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, zaman-zaman Azərbaycanda fəaliyyət göstərən bir sıra Qərb diplomatlarının, diplomatik korpus təmsilçilərinin ölkəmizin daxili işlərinə müdaxilə cəhdlərinə şahidlik edirik: “Hər dəfə müxtəlif bəhanələr adı altında təzahür edən bu müdaxilələrin məqsədi hansısa şəkildə təzyiq rıçaqları əldə etmək istəyindən irəli gəlir. Məsələn, bir müddət əvvəl Avropa İttifaqının Bakıdakı nümayəndəliyi, Böyük Britaniya və İsveçrə səfirliklərinin Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş qəbul təşkil etməsi və bu tədbirdə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət haqqında dedikləri bunun bariz sübutudur. Onlar tərəfindən səslənən iddialar Azərbaycanın məhkəmə sisteminin müstəqilliyini pozmağa açıq cəhddir və bu, məhkəmə prosesinə müdaxilə olmaqla yanaşı, hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyi prinsipinə ziddir”.
Ekspertin sözlərinə görə, şübhə yoxdur ki, ayrı-ayrı ölkələrin səfirləri və diplomatik missiyaların təmsilçilərinin ölkəmizin daxili işlərinə müdaxilə cəhdləri birbaşa həmin dövlətlərin paytaxtları tərəfindən verilən sifariş əsasında həyata keçirilir: “Məqsəd isə nə Azərbaycanda insan hüquqları, nə də media azadlığıdır. Bu, sadəcə, növbəti dəfə Azərbaycanla bağlı mənfi ictimai rəyin formalaşması və təzyiqlər üçün yeni bəhanələrin əldə edilməsi cəhdidir. Qərbin Azərbaycanla bağlı təzyiq rıçaqlarına malik olmaması onları dərindən narahat edir. Odur ki, nə bəhanə olursa-olsun ondan istifadə edib üzərimizə gəlmək istəyirlər. Təəssüf ki, bu işdə onların ayrı-ayrı QHT və media qurumlarından istifadə etməsi də müşahidə olunur”.
Y.Bağırzadə hesab edir ki, ancaq onların bütün bu fəaliyyətinə və kimlərisə ələ alaraq öz oyunlarına alət etməsinə baxmayaraq, bunun təhlükəsizliyimizə ciddi təhdid yaratması mümkün deyil: “Çünki Azərbaycan nə Ermənistan, nə də Gürcüstandır. Artıq heç kəs anti-Azərbaycan mövqeyi ilə tanınan və hər fürsətdə Ermənistana dəstək verən ayrı-ayrı qurumların, diplomatların "insan hüquqları" nağıllarına inanmır. Hər kəs anlayır ki, Azərbaycan Ermənistan kimi müti, sözəbaxan ölkə olsaydı, Azərbaycanda kütləvi həbslər olsa belə, Qərb bununla bağlı hər hansı bəyanatlar verməzdi".
Yeganə Hacıyeva
Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva isə bildirib ki, səfirlər və diplomatik nümayəndəliklər mediada əlaqə qurduqları subyektlər vasitəsilə Azərbaycanın daxilində iş aparırlar: “Qərb mərkəzlərindən gələn sifarişlər əsasında fəaliyyət, agressiv gündəlik formalaşdırmaq, kənar maraqlara xidmət edən şəxslərin aktivləşməsi xüsusilə diqqət çəkir. Ümumiyyətlə, Azərbaycanda belə şəbəkələrin Qərb ölkələrinin səfirliklərindən təlimatlar alması, bunun müqabilində qrantlara cəlb olunması təcrübəsi mövcuddur. Burada məqsəd həm də nəticələrə əsasən ”Azərbaycanda söz azadlığı və demokratiyanın olmamasına" dair tezisi dəstəkləyəcək proseslərə rəvac verməkdir.
Zaman-zaman bu şəbəkələr Azərbaycanda yaşayan etnik azlıqlar üçün “milli azadlıq hərəkatına təşviq edən” çağırışlar edir. Bu, əslində Azərbaycan dövlətinin bütövlüyünə, təhlükəsizliyinə hədə olan separatizmə çağırışlardır. Aprel döyüşləri zamanı, 44 günlük müharibə günlərində, Xankəndidə antiterror tədbirləri keçiriləndə, Azərbaycan əsgəri təcavüzkar düşmən ordusunun gülləsinə tuş gələndə, belə media təsisatlarında cəmiyyəti çaşdırmağa yönəlik təbliğat yazıları tirajlanırdı. Azərbaycanda Qərb agentura şəbəkəsi bəlli strateji gərginlik olan məqamlarda ölkəmiz əleyhinə istinad mənbələri istehsal edir. Belə media təsisatlarının əsas məqsədləri cəmiyyət və dövlət monolitliyini zədələmək, milli maraqlar ətrafında xalq-dövlət birliyini sarsıtmağa çalışmaqdır. Azərbaycanı beynəlxalq müstəvidə gözdən salmağa hesablanmış istinad məqamları və s. hazırlamaqdır".
Etibar SEYİDAĞA,