Bu ildən Azərbaycanda abituryentlər üçün ali məktəblərə qəbul və sınaq imtahanları pullu olub. Tarif Şurası Dövlət İmtahan Mərkəzinin (DİM) müraciəti əsasında pullu imtahanlar üçün müvafiq məbləğlər müəyyənləşdirib - qəbul imtahanlarında iştirak 40 manat; sınaq imtahanlarında iştirak 20 manat.
Bu məsələ aylardır ictimaiyyətin ciddi müzakirə mövzusuna çevrilib. Çünki nə 40 manat, nə də 20 manat imkansız ailələr üçün az məbləğ deyil.
Azərbaycanda insanların sosial durumunu nəzərə alsaq, görərik ki, bir çox ailələlər bu məbləği heç də asanlıqla qazanmır. Bölgələrdə yaşayan ailələrin çoxu üçün 20 manat böyük məbləğdir. Bəzən olur ki, bölgələrdən paytaxta gəlmək istəyən ailə 20, 40 manat tapmaqda çətinlik çəkir. O zaman DİM-in müəyyənləşdirdiyi məbləğ nəyə xidmət edir?
Nəzərə alsaq ki, bəzi imkansız ailələr pul tapıb savadlı övladını imtahana göndərə bilməyəcək, onda hansı uğurlu təhsil sistemindən danışmaq olar?
Qeyd edək ki, millət vəkili Vahid Əhmədov bir müddət öncə Milli Məclisdəki çıxışlarının birində imtahanların pull olmasının əleyhinə çıxmışdı. Deputat imtahanların pullu olmasıyla imkansız və istedadlı gənclərin ali təhsildən kənarda qalacağını əsas gətirərək, bu məsələdə onlara dəstək verilməsi üçün təkliflər səsləndirmişdi.
Vahid Əhmədovun təklifləri ictimai dəstək qazanmaqdadır. Artıq çoxları bu qənaətdədir ki, 40 20 manatlıq məbləğlər bir çox gəncin imtahanda iştirakını əngəlləyir.
Mövzuya Milli Məclisin deputatı Tahir Kərimlidən münasibət öyrənməyə çalışdıq. O da həmkarının fikirlərini dəstəkləyib.
Tahir Kərimli Modern.az-a açıqlamasında deyib ki, DİM publik-hüquqi şəxs olduğundan imtahanları pullu həyata keçirir.
DİM-in dolanışıq mənbəyi
“Əvvəllər dövlət imtahanlarını TQDK həyata keçirirdi. Həmin vaxtlarda bu təşkilat dövlət təşkilatı idi. Dövlətdən maliyyələşirdi. Daha sonra isə DİM yarandı və bunu publik hüquqi şəxs elan etdilər. Publik -hüquqi şəxs isə dövlətdən maliyyələşmir. Bu zaman DİM özünü, işçilərini dolandırmaqdan ötrü pul mənbəyi əldə etməlidir. Ona görə də fikirləşdilər ki, bu, maliyyəni imtahana gələnlərdən əldə etmək olar. TQDK ilə DİM-i birləşdirib publik hüquqi şəxs yaratdılar. Ötən il “Publik şəxslər haqqında qanun” qəbul etdik. Bu qanun qəbul olunanda həm komitədə, həm də plenar iclasda çox ciddi çıxışım oldu. Bir sıra dövlətlərdən də nümunələr, analogiyalar gətirdim”.
Uşaqlarımızın təhsildən kənar qalmasına nə ad verək?!
Deputat deyir ki, imtahanların pullu olması çox acınacaqlı vəziyyət yaradıb.
“İnsanlar var ki, övladları ali məktəbə qəbul olunduqdan sonra, pul tapıb onları oxutdura bilmir. Belə vəziyyəti yaşayan ailələr olduğa zamanda üstəlik imtahanları da pullu edirik. Bu da minlərlə imkansız insanın sosial durumuna mənfi təsir edir. Məsələn, bəyənmədiyimiz Liviyada bütün təhsil sistemi dövlətin hesabına həyata keçirilir. Azərbaycan cəmiyyətində isə gözümüz görə-görə minlərlə gənc təhsildən uzaqlaşdırılır. Çünki adi imtahan verməyə imkanı çatmır. Uşaqlarımızın təhsildən kənar qalmasına nə ad vermək olar?! 1947-ci ildə Yaponiyada imperator İro Hito yeni Konstitusiya qəbul etdi. Konstitusiyaya əsasən, hərbi sahəyə pul ayrılmadı. Bütün pulu təhsilə qoydular. Bununla da, Yaponiyada tərəqqi baş verdi. Bizim cəmiyyətimizin gələcəyinin hansı vəziyyətdə olması təhsilin səviyyəsindən asılıdır. Bu cür məsələlər gələcəyimizə balta vurmaqdan başqa bir şey deyil. Bunu ürək ağrısı ilə deyirəm”.
“İmkansız ailələrə pul ayrılsın”
Tahir Kərimli, maraqlı bir təklif də irəli sürüb.
“Artıq iş-işdən keçib. Belə bir vəziyyətdə çıxış yolu tapmaq lazımdır. Düşünürəm ki, DİM-i publik-hüquqi şəxs vəziyyətindən çıxarmaq mümkün olmayacaq. Hesab edirəm ki, könüllük prinsipi ilə kim dövlət imtahanında iştirak etmək üçün pul ayırıb verə bilirsə, onlar versin. İmkanı olmayanlar üçün isə dövlət tərəfindən pul ayrılsın. Vaxtilə bu sahəyə nə qədər pul ayrılırdı. 7 milyon manat pulla bu məsələ həll olunurdu. Heç olmasa 1-2 milyon pul ayrılsın ki, imkansız ailələrin övladları imtahana pul ödəməsinlər. Dövlətimizin buna imkanı var. Konstitusiyamıza əsasən, Azərbaycan sosial dövlətdir. Cənab prezident də sosial sahəni müdafiə edir. Birinci vitse-prezident də bu sahəyə çox ciddi əhəmiyyət verir. Hesab edirəm ki, bu sahəyə müəyyən qədər vəsait ayrılar və bu məsələ də həll olunar”.