Azərbaycanda hamilə qadının və ya himayəsində üç yaşınadək uşağı olan qadının, üç yaşınadək uşağını təkbaşına böyüdən kişinin əmək hüquqlarını pozmaya görə cərimələr artırılır.
Trend-in məlumatına görə, bu, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Bu dəyişikliklərə əsasən, qadının hamiləliyinə və ya himayəsində üç yaşınadək uşağı olmasına görə, həmçinin kişi üç yaşınadək uşağını təkbaşına böyütdüyünə görə onunla əmək müqaviləsini əsassız ləğv edənlər 2000 manatdan 3000 manatadək miqdarda cərimələnəcəklər.
Hazırda isə bu cərimənin məbləği 500 manatdan 1000 manatadəkdir.
Qeyd edək ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.