“Lanset” klinikasının təsisçilərindən biri olan Fərman Ceyranlı Gürcüstanda həbs edilib.
Xeber.ge xəbər verir ki, həbs edilən Fərman Ceyranlı Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə günahlandırılır. Qeyd olunan maddə isə dələduzluqdur. Cinayət işində iki nəfərin adı keçir.
Məlumata görə, klinikada 2016-cı ildə qanunsuz ciyər transplantasiyası əməliyyatı baş tutub. Əməliyyat uğursuz olduğundan xəstə dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə bir müddət əvvəl “Lanset”in lisenziyası geri alınıb.
Fərman Ceyranlıya rəsmi ittiham bu gün irəli sürüləcək. Hazırda o, Baş Polis İdarəsinin müvəqqəti təcridxanasındadır.
Fərman Cahan oğlu Ceyranlı 1957-ci ildə Saqareco rayonunda anadan olub. 1974-cü Yor-Muğanlı kəndində orta məktəbi bitirib və elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub.
1980-ci ildə 1 saylı Tiflis şəhər Klinik Xəstəxanasında cərrahiyyə üzrə internatura keçib. 1982-ci ildən 1992-ci ilə qədər İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının cərrahi xəstəliklər kafedrasında əvvəlcə baş laborant, sonra isə kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və şöbə müdiri kimi fəaliyyət göstərib.
1985-ci ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə edib.
F.Ceyranlı sonradan fəaliyyətini Azərbaycanda davam etdirib. 1993-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb, eyni zamanda Səhiyyə Nazirliyinin baş cərrahı olub.
Axar.az