azia.az
azia.az

İqbal Ağazadə agent ittihamına cavab verdi

23-05-2017, 09:34

İqbal Ağazadə agent ittihamına cavab verdi


Ümid Partiyasının sədri İqbal Ağazadəyə qarşı ağır ittiham irəli sürülüb.

“Qafqazinfo” xəbər verir ki, 1News.az saytı İqbal Ağazadənin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudovun şəxsi agenti olduğunu yazıb. Yazıda bildirilir ki, MTN-in agentura şəbəkəsinin bəzi üzvlərinin ifşa olunmasından ən çox İqbal Ağazadə narahat olub. Yazıda bu narahatlıqların arxasında ciddi səbəblərin dayandığı bildirilir: “İndi İqbal Ağazadənin Eldar Mahmudovun şəxsi sözgəzdirəni olması ilə bağlı məlumatlar öz təsdiqini tapır. O bundan çox narahatdır. Çünki o, birdəfəlik müstəqil siyasətçi imicindən məhrum oluna bilər”.

Məsələ ilə bağlı İqbal Ağazadə “Yeni Müsavat”a xəbərdə qeyd olunanları təkzib edib: “Zəhmət çəkib yazdıqlarını sübuta edən bircə dənə də olsun fakt qoysunlar ortaya. Heç bir fakt olmaya-olmaya bu cür nağıl yazıb insanların düşüncələrini, beynini qarışdırırlar.

Yazıblar ki, guya mən Eldar Mahmudova məlumat verən olmuşam. Bir ölkənin milli təhlükəsizlik nazirinə bir partiya sədrinin, deputatın verə biləcəyi informasiya nə ola bilər? Mən hansısa xüsusi xidmət orqanlarındamı, silahlı qüvvələrdəmi çalışırdım ki, o xüsusi xidmət orqanlarının planları haqda məlumat verim?! İnformasiyanın hamısı onlardadır, onlar dövlətə informasiya verirlər. Mənim verəcəyim nə informasiya ola bilər?! Yəni bu qədər məntiqsiz, ağılsız yazını həmin sayta yazdırıblar. Təəssüf ki, peşəkar insanlar, jurnalistlər bu cür absurd yazıların dalınca düşürlər.

Eldar Mahmudovla mənim heç vaxt heç bir şəxsi tanışlığım olmayıb. Onu yalnız rəsmi dövlət tədbirlərində görmüşəm. Başqa heç bir halda onunla nə şəxsi görüşlərim, nə ümumi görüşlərim, nə telefon danışığım ömründə olmayıb. Heç vaxt!”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi