azia.az
azia.az

Cahangir Hacıyevin “Beynəlxalq Bank işi”ni siyasiləşdirməsinin pərdəarxası

5-09-2016, 09:45

Cahangir Hacıyevin “Beynəlxalq Bank işi”ni siyasiləşdirməsinin pərdəarxası
İqbal Ağazadə: “Hadisələr ölkənin maliyyə sektorunda baş verib və bütün hökuməti əhatə edir”; Pənah Hüseyn: “Əsas məsələlər kənarda qalıb, məhkəmə kiçik işləri araşdırır”

Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin Bakı Ağır Cinayətlər Məhkəməsində maliyyə naziri Samir Şərifovu ittiham etməsinə sözügedən qurumdan cavab gəlib.

Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev"APA-Economics"ə açıqlamasında bildirib ki, müttəhim kürsüsündə əyləşən bankın sabiq rəhbərinin həqiqəti əks etdirməyən və hər hansı fakta söykənməyən boğazdan yuxarı “açıqlamaları” törətdiyi cinayətləri siyasiləşdirmək, ictimaiyyətin diqqətini törətdiyi və bu gün məhkəmə predmeti olan əməllərindən yayındırmaq və mühakiməyə aidiyyəti olmayan məsələlərə yönəltmək məqsədi ilə istifadə edilən ucuz fəndlərdən başqa bir şey deyil".

Bu açıqlamada diqqət çəkən məqamlardan biri C. Hacıyevin başına gələnləri siyasiləşdirmək cəhdində ittiham olunmasıdır.

Xatırladaq ki, bundan öncə də həbs olunan bəzi yüksək rütbəli dövlət məmurları müxalifətin və hüquq müdafiəçilərinin köməyilə ilə həbslərini siyasiləşdirməyə nail olmuş və beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınmağa nail olmuşdular.
Bəs görəsən Cahangir Hacıyev həqiqətənmi törətdiyi iqtisadi cinayətləri siyasiləşdirməklə nəyəsə nail olmaq istəyir? Belə olduğu halda müxalifətdən və hüquq müdafiəçilərindən dəstək ala biləcəkmi?

Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu məsələ təkcə Beynəlxalq Bankı yox, bütün hakimiyyəti əhatə edir: “Bu dərəcədə açıq iqtisadi olan bir məsələnin siyasiləşmə tərəfi o ola bilər ki, Cahangir Hacıyev hakimiyyətin içərisində bizə məlum olmayan bəzi maliyyə məsələlərinin təfərrüatlarını açıqlasın və proses məhz o tərəfdən siyasiləşsin. Ancaq indiki halda siyasiləşdirmək çox çətindir. Çünki baş verən hadisələr ölkənin maliyyə sektorunda baş verib və bütün hökuməti əhatə edir. Ona görə də, bu haqda danışmaq bir az çətindir. Bundan sonrakı prosesləri izləmək lazımdır”. Müxalifətin və hüquq müdafiəçilərinin Cahangir Hacıyevi müdafiə etməsinə gəlincə, İqbal Ağazadə bildirdi ki, məhkəmənin sonuna qədər səsləndirilən fikirlərə və məhkəmə araşdırmasının nəticəsinə əsasən bunu demək olar: “Gəlin məhkəmənin sonunu gözləyək. O zamana qədər səslənən qarşılıqlı ittihamlara, məhkəmə araşdırmalarının nəticəsinə əsasən fikir bildirmək olar”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 12 milyard manat mənimsəmə müqabilində məhkəmə daha kiçik yeyinti faktlarını araşdırır və sanki məsələni ört-basdır etmək istəyir: “Mən məhkəmə materiallarını əvvəldən izləmişəm və orada siyasiləşdirmək məqsədi görməmişəm. Əksinə, əsas məsələlər kənarda qalıb, məhkəmə nisbətən daha kiçik məsələləri araşdırır. Düzdür, onlar da araşdırılmalıdır, ancaq məlum olur ki, Beynəlxalq Bankdan yoxa çıxan milyardlarla vəsaitlərin ümumiyyətlə bu məhkəmə işinə aidiyyəti yoxdur. Söhbət 12 milyard manat vəsaitlə müqayisədə yalnız 250 milyon mənimsəmədən gedir. Məncə, burada siyasi məsələlər onsuz da var. Çünki 12 milyardlıq mənimsəmənin yoxa çıxması qəribə görünür, məsələnin bu tərəfi araşdırılmır. Hətta belə təəssürat yaranır ki, məhkəmə bu faktlarla həmin hadisəni ört-basdır etmək istəyir. Hər halda məhkəməyə verilən faktlar bunlardır, söhbət ümumiyyətlə bu işin istintaqından və tədqiqatından gedir. Beynəlxalq Bankın rəhbəri, təbii ki, törətdiyi cinayətlərin cavabını verməlidir. Ancaq onun səsləndirdiyi suallara da Azərbaycan hökuməti əsaslı şəkildə, sübutlarla, dəlillərlə cavab verməlidir. Təbii ki, Cahangir Hacıyevin də müdafiə olunmaq hüququ var, o da öz mövqeyini müdafiə edir. O baxımdan onun dediklərinin üstündən keçmək də doğru deyil. Ola bilər ki, hansısa məhkəmə qərarı olsun və bu məsələ ört-basdır olunsun. Məsələnin onsuz da siyasi mahiyyəti var. Cəmiyyətdə onsuz da bu suallar var”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi