Azərbaycana qarşı formalaşdırılan təşkilatlar SİYASİ ARAŞDIRMA FAKTLAR
Məqsəd, demokratik mühitə və davamlı sabitliyə qarşı mənfi rəy yaratmaqdır
Artıq uzun illərdir ki, Azərbaycanda mövcud olan demokratik mühitin inkişafına, bu istiqamətində yürüdülən uğurlu siyasətə, sarsılmaz xalq-dövlət birliyinə qarşı bir çox qərəzli beynəlxalq təşkilatlar əsassız hesabatları ilə çıxış edir, məntiqə söykənməyən bəyanatları ilə gündəmə gəlirlər. Bu sıralamada “Human Rights Watch”, “Freedom House”, “Sərhədsiz Reportyorlar”, “Amnesty İnternational” və s. təşkilatları göstərmək mümkündür. Əlbəttə ki, bu cür təşkilatlar sıradan hesabatlar hazırlamırlar, onların bu məsələdə hamisi rolunu məhz güclü erməni lobbisi oynayır. Əbəs yerə deyil ki, bir çox hallarda bənzər təşkilatların şər-böhtan xarakterli hesabatları məhz özlərini “müxalifət”, eləcə də “insan hüquqlarının müdafiəsi” istiqamətində fəaliyyət göstərən QHT-ləri adlandıran “beşinci kolon”un ötürdüyü yalan məlumatlar hesabına ictimailəşdirilir.
Saro Saroyan adlı erməni “Human Rights House” təşkilatında maliyyə işlərinə baxıb
Lakin bu kimi faktları araşdırdıqca növbəti məsələlər üzə çıxır. Məsələn, bu gün post-sovet ölkələrində də bir çox bənzər təşkilatlar mövcuddur ki, onların məqsədləri demokratik mühitə malik olan ölkələrə qarşı fikirlər formalaşdırmaqdan ibarətdir. Buna misal kimi ABŞ-ın qonşu Gürcüstanda regional mərkəz qismində fəaliyyət göstərən “Human Rights House” (“Human Rights Watch”la səhv salınmamalı-R.R.) beynəlxalq təşkilatıdır. Yuxarıda da qeyd edildiyi kimi, müəyyən qərəzli siyasi dairələr bu cür təşkilatları öz çadırları altına alaraq, sonradan onların fəaliyyət istiqamətlərini öz istəklərinə uyğun şəkildə qurmağa cəhdlər göstərirlər.
Yeri gəlmişkən, onu da xatırlatmaq yerinə düşərdi ki, “Human Rights House” şəbəkəsi Azərbaycanda keçirilən seçkilər ərəfəsində hər zaman ictimai mühiti narahatedici kimi qələmə verməyə çalışıb. Belə ki, Azərbaycanda 2013-cü ildə keçirilmiş prezident seçkiləri ərəfəsində “Human Rights House” təşkilatı öz qərəli fikirləri ilə gündəmə gəlmişdi. Bundan isə təəccüblənməyə dəyməz. Çünki təsadüfi deyil ki, çoxsaylı erməni diaspor təşkilatları “Human Rights House”un tərəfdaşları kimi çıxış edirlər. Həmçinin bu qurumun katibliyində maliyyə işlərinə də Saro Saroyan adlı erməni əsilli şəxsin nəzarəti olub.
“Human Rights House” təşkilatının Gürcüstan bürosunda nə baş verir?
Bu arada “Human Rights House” təşkilatının Grcüstanda Cəənubi Qafqaz üzrə nümayəndəliyində ciddi qalmaqalların yaşanması baş verib. Apardığımız araşdırmalardan sonra bəlli olub ki, təşkilatın sıralarında fəaliyyət göstərən və Cənubi Qafqaz üzrə nümayəndəliyində proqram koordinatoru vəzifəsində çlışan Emin Aslan (“Düşünən Vətəndaş” adlı layihənin təsisçisi-R.R.) və Salome Mezurnaşvili tutduqları vəzifələrdən çıxarılıblar.
Əldə etdiyimiz məlumatlara görə, bu şəxslər son vaxtlar yenidən Azərbaycana qarşı qərəzli kampaniyaların təşkilində yer almağa cəhd edən “Human Rights House” təşkilatının bu əməllərinə qarşı etiraz ediblər. Məhz bu səbəbdən, yuxarıda adları çəkilən şəxslər dərhal oradan uzaqlaşdırılıblar.
Nino Qvedaşvili – erməni lobbisinin “Human Rights House” sözcüsü
Lakin onların təşkilatdakı fəaliyyətlərinə son qoyulmasının ardınca, regional direktor Ketavan Abaşadzenin də səlahiyyətləri məhdudlaşdırılıb. Əsas işlər isə Nino Qvedaşviliyə həvalə olunub. Bu şəxsin isə Azərbaycan əleyhinə çıxışları kifayət qədərdir. Məsələn, Nino Qvedaşvili Qərbdə, xüsusilə ABŞ-da fəaliyyət göstərən erməni lobbisinin təlimatları əsasında Azərbaycan QHT-lərinə qrantların verilməsi təşəbbüsləri ilə çıxış edib. Eyni zamanda, Gürcüstanda anti-Azərbaycan xarakterli tədbirlərin keçirilməsində də bu gürcü qadının kifayət qədər rolunun olması məlumatlar sırasındadır.
Ancaq daha bir fakt budur ki, özlərini demokratiyanın, insan hüquqlarının müdafiəçiləri kimi təqdim edənlər öz daxillərində açıq fikrə, reallığa doğru qiymət verməyi bacarmırlar. Bu zaman bir daha bəlli olur ki, “Human Rights House” tipli təşkilatların məqsədləri qərəz və böhtan üzərində fəaliyyət qurmaqdan ibarətdir. Təkcə son günlər təşkilatın Gürcüstanda fəaliyyət göstərən nümayəndəliyi daxilində yaranan qarşıdurmalar və qalmaqallar da məhz belə qənaətə gəlməyə əsas verir.
Rövşən RƏSULOV
Sia.az