Gömrükdə saxlanan saxta siqaretlər satılır? - Araşdırma
Azərbaycanda gömrük orqanlarının əməkdaşları mütəmadi olaraq ölkə ərazisinə daxil olan saxta, aksiz markasız mal və ya məhsulları müsadirə edir.
azia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, statistikaya nəzər salsaq, hələ cari ilin sentyabr ayında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 41 mindən çox aksiz markasız siqaret aşkar edilərək götürülüb. Noyabrın 21-də aparılan son əməliyyat zamanı isə 6 ədəd karton yeşiyin içərisinə yığılmış külli miqdarda aksiz markasız “NZ” siqaretləri aşkar edilib. Aşkar edilən aksiz markasız malların siyahısına təkcə siqaretlər deyil, eyni zamanda müxtəlif vaxtlarda ələ keçirilmiş içkilər, ərzaq məhsulları da daxildir.
Gömrük orqanları əməkdaşları tərəfindən müsadirə edilərək aşkara çıxarılan bu məhsulların gələcək taleyinin necə olması isə hər zaman ictimaiyyətin maraq dairəsində olan məsələlərdən biridir. İctimaiyyət arasında belə bir fikir formalaşıb ki, müsadirə olunan aksiz markasız, yəni insan sağlamlığı üçün təhlükəli olan məhsullar yenidən bazarda satışa çıxarılır. Halbuki mövcud qanunvericiliyə əsasən həmin məhsullar məhv edilməlidir.
Bununla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, 18 il bundan qabaq rəhbəri olduğu təşkilat gömrüyün müsadirə etdiyi saxta, xarab malları satan dükanları aşkar etmişdi: “Bu 18 il bundan əvvəl baş verib. O zamandan bəri isə bu cür təşkil olunmuş formada satışın həyata keçirilməsi halları müşahidə olunmayıb.
Lakin 20 il ərzində mən cəmi bir dəfə gömrük orqanları ilə birgə siqaretlərin kütləvi məhv edilməsi prosesində iştirak etmişəm. Dəfələrlə bildirmişəm ki, əgər bunlar satışa çıxarılmırsa, istehlakçıların boğazına bu saxta mallar tıxanmırsa, gömrük orqanları bu sahədə şəffaflıq yaratmalıdır. Malların məhv edilməsi prosesinə ictimai təşkilatları cəlb etməlidirlər. Təəsüüf ki, bu məsələdə qaranlıq məqamlar var. Qaranlıq olan yerdə də həmişə problem olur. Qanunvericiliyə əsasən isə aksiz markası vurulmayan mal birmənalı olaraq məhv olunmalıdır.
Digər məqam isə ondan ibarətdir ki, müsadirə olunmuş mal insan həyatı üçün təhlükəli olmayan məhsuldursa, dövlət tərəfindən hərracda satılır. Məsələn, kimsə həbs olunub, ondan müsadirə edilmiş məhsul hərracda satılır. Lakin insan həyatı sağlamlığı üçün ziyanlı məhsullar birmənalı şəkildə məhv olunmalıdır”.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Natiq Axundov açıqlamasında bildirib ki, aksizsiz siqaretlər məhkəmənin qərarı ilə məhv edilir: “Sağlamlıq üçün ziyanlı olan digər məhsullar da bu sıraya daxildir”.
Nazirlər Kabinetinin 88 saylı qərarında bununla bağlı bildirilir ki, hüquq mühafizə, digər dövlət orqanlarının, dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat, səhiyyə, təhsil və digər müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılması və tələbatlarının ödənilməsi məqsədi ilə dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar tam natura şəklində əvəzsiz olaraq aidiyyəti dövlət orqanlarına verilir.
Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar keyfiyyətini itirməsi, xarab olması, istifadə müddətinin ötməsi və s. səbəblərdən öz təyinatına görə istifadə edilə bilmədikdə, onların məhv edilməsi yalnız aidiyyəti dövlət orqanlarının həmin malların satışının qadağan edilməsi, yaxud mal dövriyyəsindən çıxarılması barədə müvafiq göstərişləri əsasında, habelə müstəqil ekspertlərin və digər ixtisaslaşmış müstəqil laboratoriyaların həmin malların istifadə üçün yararsız olması haqqında rəyi alınmaqla, komitənin təşəbbüsü ilə müvafiq məhkəmə qərarı əsasında həyata keçirilir.
Qərarda eyni zamanda dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş malların siyahısı da öz əksini tapıb. Bunlara canlı flora növləri, ət və ət məhsulları və heyvan piyləri, dəniz məhsulları, balıq məmulatları, süd və süd məhsulları, meyvələr və giləmeyvələr, tərəvəzlər, dondurulmuş qida məhsulları, un məmulatları, standart məhlullar, normativ saxlama müddəti 72 (yetmiş iki) saatdan az olan digər məhsullar aiddir.