azia.az
azia.az

Ölkə yeni seçkilər ərəfəsində - prezident və parlament...

6-10-2016, 09:17

Ölkə yeni seçkilər ərəfəsində - prezident və parlament...
“Qərblə razılaşma” tezisinin arxasındakı gerçəklik; Yenilənmiş konstitusiya növbədənkənar prezident seçkisini qaçılmaz edir; şübhə yoxdur ki, Qərb Azərbaycanın gələcəyini İlham Əliyev hakimiyyətinin davam etməsində görür

Dekabr ayının son ongünlüyündə erkən prezident seçkisinin keçirilməsi mümkündür; Milli Məclisin buraxılmasını zəruri edən səbəblər - FETÖ-dən oliqarxlaradək...

Sentyabrın 26-da keçirilən referendumda prezident İlham Əliyevin Azərbaycan Konstitusiyasına təklif etdiyi dəyişikliklər paketi qəbul edildi. Seçki Məcəlləsinin 138.1 və 138.4 maddəsinin tələbinə görə, referendumun yekun nəticələri ən geci oktyabrın 21-dək elan edilməlidir.

Seçki Məcəlləsinin 140-cı maddəsinin tələbinə görə isə referendum yolu ilə qəbul edilmiş qərarın və referendumun yekunları haqqında rəsmi elanın dərc edilməsi səsvermə günündən ən geci 30 gün keçənədək MSK tərəfindən həyata keçirilməlidir. Məhz bundan sonra referendumun nəticələri qüvvəyə minəcək və ölkə yeni dəyişikliklər edilmiş konstitusiya ilə idarə olunmağa başlayacaq.

Referendumun nəticələri qüvvəyə mindikdən sonra ölkə prezidenti konstitusiyaya əsaslanaraq 1-ci vitse-prezident, vitse-prezidentlər təyin etməlidir. Hakimiyyət rəsmilərinin, iqtidara yaxın deputatların, bir sıra siyasətçilərin və ekspertlərin indiyə qədər verdiyi açıqlamalarda, proqnozlarda referendumun nəticələrinin qüvvəyə minməsindən sonra ölkədə ciddi dəyişiklərin, islahatların həyata keçiriləcəyi vurğulanır.

Referendumun nəticələri təsdiq olunub qüvvəyə mindikdən sonra islahatlar bütün istiqamətlərdə özünü göstərəcək. Açıqlamalarda və məlumatlarda qeyd edilir ki, bu ilin sonuna kimi ölkə idarəetməsində inqilabi səviyyədə dəyişikliklər, islahatların şahidi olacağıq.

Qərbin referendumdan sonra da sərgilədiyi mövqe-ABŞ Dövlət Departamentinin, Avropa Birliyinin və AŞ PA-nın səsvermənin nəticələrini birmənalı olaraq tanıması iqtidarla dərin bir anlaşma olduğu barədə öncədən yayılmış xəbərləri təsdiqlədi. Qərb referendumdan əvvəl də hakimiyyətə münasibətdə müxalifətin gözləntilərinə rəğmən, ehtiyatlı mövqe tutdu. Səsvermənin nəticələrinin tanınması isə bir daha təsdiq etdi ki, iqtidar “qəfil və gözlənilməz” hesab olunan dəyişiklilərin əsl məqsədini, prezident üsul-idarəsini möhkəmləndirəcək, iqtisadi və siyasi islahatlara isə ciddi yön verəcək yeni konstitusiyanı Qərblə razılaşma əsasında həyata keçirməyə üstünlük verib.

“Qərblə razılaşma” dedikdə, əlbəttə ki, masa arxasında dəyişdiriləcək maddələrin bir-bir nəzərdən keçirilməsi, saf-çürük edilməsi nəzərdə tutulmur. Artıq birmənalı söyləmək mümkündür ki, Qərb Azərbaycanın gələcəyini İlham Əliyev hakimiyyətinin davam etməsində görür. O da aydındır ki, Qərbin də hakimiyyətin siyasi idarəetmədə təklif etdiyi dəyişiklikləri və islahatları qəbul etməyəcək lüksu da yoxdur.

Bu səbəbdən “niyə hakimiyyətlə anlaşırlar” və ya “Qərb niyə konstitusiya dəyişikliklərinə qarşı çıxmadı” demoqojisi ciddi təhlilə əsaslanmır. Diqqət etsək görərik ki, prezident referendum ərəfəsi də, səsvermədən sonra da “Azərbaycanla diktə dili ilə danışmaq olmaz” bəyanatları verib. Bu həm də o deməkdir ki, Qərb ölkələri- ABŞ, Avropa Birliyi, Avropa Parlamenti, Avropa Şurası kimi təsisatlar da bu gerçəyi qəbul ediblər və Azərbaycanla münasibətlər sistemi indi hədə və təhdid dili ilə deyil, razılaşma əsasında gerçəkləşir. “Qərblə razılaşma” tezisinin arxasındakı gerçəklik budur...

İddialara görə, Qərblə razılaşmanın ən mühüm bəndləri sırasında ölkədə geniş iqtisadi islahatların keçirilməsidir. İqtisadiyyatın liberallaşması, qeyri-neft sektorunun inkişafı strategiyası, iqtisadi azad zonaların yaradılması, tədricən hətta icra hakimiyyəti strukturlarının belə “ASAN-xidmət” modelinə keçirilməsi kimi inqilabi dəyişikliklər artıq başlayıb. Məlumatlara görə, iqtisadiyyatın bütün sahələrinə aid olan daha geniş proqram həyata keçiriləcək ki, bu da Azərbaycanda stabilliyi və inkişafı yaxın 10 ildə qarantiya edə biləcək. Regionda stabil və inkişaf etmiş Azərbaycan Qərbin də əsas istəyidir ki, bunun üçün də hiss edilə biləcək hər hansı maneə yoxdur. Bəzi qurumların hakimiyyətlə bağlı ara-sıra rast gəlinən sərt mövqeyinə gəlincə, bunlar siyasi və iqtisadi islahatları əngəlləyə biləcək səviyyədə deyil.

İqtisadi və siyasi islahatlar yeni prezident seçkilərini də gündəmə gətirib. Məlumdur ki, yeni konstitusiya dəyişikliyi ilə vitse-prezident, birinci vitse-prezident institutu təsis olunub və bu, yeni bir situasiya yaradıb. Azərbaycanda növbəti prezident seçkilərinə təxminən iki il müddət qalır. Təhlilçilərə görə, erkən prezident seçkilərini zəruri edən iki mühüm səbəb var. Birincisi, geniş islahatlar üçün mütləq ciddi kadr dəyişiklikləri olmalıdır.

Etimad limitini itirmiş məmurlarla keçid dövrü kimi ağır ola biləcək bir mərhələni adlamaq üçün yeni kadr potensialına böyük ehtiyac var. Yeni və köklü kadr islahatları üçün isə prezident seçkilərinə ehtiyac yaranır. Prezident məhz xalqdan aldığı növbəti dəstəkdən sonra Nazirlər Kabinetini buraxmalı, vitse-prezidentlər postuna təyinatlar aparmalıdır. İkinci səbəb islahatların əsas qarantı olan İlham Əliyevin 7 illik müddətinə prezidentliyinin rəsmiləşməsidir.

Yenilənmiş konstitusiya da növbədənkənar prezident seçkisini qaçılmaz edir. Çünki konstitusiyada “yeniləşmiş konstitusiya səlahiyyətləri indiki konstitusiya ilə seçilmiş prezidentə də şamil edilir” deyə, aralıq müddəa yoxdur ki, bu da erkən prezident seçkisinə zəmin yaradır. Sadalanan səbəblər isə həm hakimiyyət, həm Qərb üçün geçərlidir.

Ehtimal olunur ki, 2018-ci il prezident seçkiləri əsasən də iqtisadi islahatların ən pik dövrünə təsadüf edə bilər. Mümkündür ki, hakimiyyət həm də 2018-ci ildə regionda və dünyada baş verə biləcək siyasi kataklizmləri də proqnozlaşdıraraq erkən seçkiyə müsbət baxsın. İddialara görə, erkən seçkilər referendumun nəticələri rəsmən qüvvəyə mindikdən sonra təyin ediləcək. Hətta iddia olunur ki, dekabr ayının son ongünlüyündə erkən prezident seçkisinin keçirilməsi mümkündür.

Prezident seçkisindən sonra Milli Məclisin buraxılacağı da iddialar sırasındadır. Bəzi ekspertlər Milli Məclisin buraxılması iddiasına əsas görmür. Ancaq yenə belə fikirlər səsləndirilir ki, yeni parlament seçkiləri FETÖ (“gülənçilər”) ilə də bağlı ola bilər. Türkiyə mənbələrindən sızan bilgilərə görə, hazırda Milli Məclisin tərkibində gülənçilərin olma ehtimalı yüksəkdir və hətta belə bir sıyahının Ankaradan Bakıya göndərildiyi də iddia olunur. Bu baxımdan, yeni parlament seçkilərinin olacağı barədə də versiyaların yaşamaq haqqı var. Hətta siyasi dəhlizlərdə yayılan söyləntilərə görə, növbədənkənar parlament seçkiləri mart ayında keçiriləcək və ölkə parlamenti yenilənəcək.

Parlamentin yenilənməsini zəruri edən daha bir səbəb iqtisadi islahatların başladığı zamanda daha çox peşəkarlardan ibarət çevik qanunverici orqanın formalaşdırılmasıdır. Ehtimal ki, yenilənmiş islahatçı komanda üçün yeni parlamentlə işləmək zərurəti də nəzərdən keçirilir. Onu da unutmaq olmaz ki, yaxın aylarda məhz oliqarxiyanın maddi maraqlarına toxuna biləcək qərarlar gündəmə gələcək və bu məsələdə parlamentin də xidmətinə ehtiyac yaranacaq. Azərbaycanı dünyanı bürüyən ağır iqtisadi böhrandan təlatümlərsiz keçirmək üçün həm də siyasi iradə lazımdır ki, bunu prezident İlham Əliyevdən yaxşı bacaran və yaxşı bilən yoxdur...(musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi