“Rusiyanın bu hədəfi ona baha başa gələcək”
Separatçı liderlərin Moskva paradını təşkil etməklə hansı strateji maraqları güddüyü bilinməyən Rusiyanın bu addımı onun özünə qarşı çevrilə bilər
Bu barədə Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli danışıb.
Politoloq Rusiyanın bu hərəkətinin heç bir beynəlxalq hüquq normasına sığmadığını deyib:
“Çünki separatizmi şirnikləndirmək, ona ideoloji-siyasi dəstək vermək, əslində, dünyada sabitliyi, formalaşmış beynəlxalq münasibətlər sistemini zədələmək deməkdir. Ona qalsa, Rusiyada öz müqəddəratını təyin etmək istəyən ən azı 200 xalq var. Məhz buna görə Rusiyanı bəzən xalqlar həbsxanası da adlandırırlar. Belə bir şəraitdə Şimali İrlandiyadan tutmuş İspaniyanın basklar bölgəsi, həmçinin post-sovet məkanı separatçılarının paradının təşkil edilməsinin Rusiyanın hansı strateji maraqlarına uyğun olduğunu söyləmək çətindir. Rusiya Abxaziya, Cənubi Osetiya, Dnestryanı, o cümlədən Dağlıq Qarabağ separatçılarının maraqlarını leqallaşdırmaq və nəticə etibarilə, qloballaşan yeni dünya düzənində öz müqəddəratını təyin etmək hüququna yenidən nəfəs vermək istəyir. Əvvəla, bunu dünyada ilk icad edən kommunistlər olub. Onlar bununla bütün dünyada kommunist inqilabını alovlandırmaq, öz müqəddəratını təyinetmə hüququ vasitəsilə xalqları milli azadlıq mübarizəsinə qaldırmaq istəyirdirlər. Əgər hədəf budursa, onda Rusiya elə milli azadlıq hərəkatı üçün ən yararlı yerdir”.
Politoloq bildirib ki, Rusiyanın öz müqəddəratını təyin etmək hüququnun köhnəlmiş statusunu yeniləməsi bumeranq effekti verə bilər:
“Çeçenlər bunun üçün Rusiya ilə 19-cu əsrdən ağır müharibə aparıb. Məhz buna görə bu ölkədəki 25 milyonluq tatar, 10 milyonluq başqırd, üstəlik 20-yə qədər türkdilli xalq və digər başqa millətin çoxlu nümayəndələri Rusiya ilə barışmaz mövqedədir. Bununla dünyada gedən müəyyən prosesləri öz nəzarəti altına almaq istəyən Rusiyanın bu addımı birbaşa onun özünə qarşı çevrilə və nəticələri də çox ağır ola bilər”.
Qeyd edək ki, separatçı liderlərin sentyabrın sonlarında Moskvada baş tutacaq toplantısı neçə gündür ki, gündəmi zəbt edib.