azia.az
azia.az

Ermənistan mətbuatı Sərkisyanın Moskva səfərini topa tutdu

12-08-2016, 08:47

Ermənistan mətbuatı Sərkisyanın Moskva səfərini topa tutdu
Əksər politoloqlar, hətta iqtidar yazarları belə, erməni prezidentin Putinlə görüşünün düşmən ölkənin ziyanına olduğunu iddia edir; İrəvanda Serjin Qarabağı qaytara biləcəyindən şübhələnirlər

Ermənistan prezidenti Serj Sərkisyanın Vladmir Putinlə görüşü Ermənistanda geniş müzakirə mövzusudur. Erməni mətbuatı Sərkisyanın Putinlə görüşdə mahiyyət etibarı ilə bir şey əldə edə bilmədiyini yazır. Hətta Sərkisyana yaxın KİV belə, görüşün nəticələri barədə nikbin notlarla danışmır. Müxalif yazarlar isə Ermənistan prezidentini az qala satqın və xain kimi qələmə verir.

Məsələ ilə bağlı Ermənistanın “Ani” Araşdırma Mərkəzinin koordinatoru Tatul Akopyan Rusiyanın gazeta.ru saytına maraqlı açıqlamalar verib.

O deyib: “Mənim diplomatik qaynaqlardan şəxsən aldığım dəqiq məlumata görə, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilən sonuncu görüşdə ”Lavrov planı" adlanan sənəd təklif edilib.

Həmin sənəd Dağlıq Qarabağ ətrafında olan 5 rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutur".

Rusiya isə hansısa ərazilərin təslim edilməsi müqabilində Qarabağa müstəqilliyə bənzəyən bir şey təklif edir. Yəni tanınmamış respublika beynəlxalq hüquq üzrə tanınmış sayılacaq.

Dağlıq Qarabağa təklif olunan müstəqillik aralıq statusu xarakteri daşıyacaq, yəni müstəqilliyə yaxın olsa da, ondan bir qədər aşağı səviyyədə sayılacaq. Bunun müqabilində isə Ermənistana ətraf ərazilərdən çıxmaq təklif olunur".

Akopyan Ermənistan cəmiyyətinin hər hansı ərazi güzəştinə hazır olmadığını və buna imkan verməyəcəyini söyləyib: “Son üç ayda Azərbaycanda antierməni təbliğatı az aparılır. Görünür, bu, Azərbaycan rəhbərliyinin Rusiya prezidentidən aldığı hansısa xahişlə bağlıdır. Bu, Rusiyanın Ermənistanın hesabına geopolitik oyunlar apardığı ilə bağlı erməni cəmiyyətinin çəkincələrini daha da artırır”.

“Rusiya artıq qocalmış münaqişədə nəsə yeni qərarların alınmasına nail olmalıdır” - deyə MDB institutunun direktor müavini Vladimir Jarixin bildirib.



Onun fikrincə, Türkiyə ilə münasibətlərin düzəlməsindən sonra Rusiyanın Azərbaycana təzyiq etmək üçün əlinə yeni rıçaq verib.

“Rusiya Zaqafqaziya regionunda vasitəçi rolunu oynamaq istəyir. Görünür, Putin belə hesab edir ki, Azərbaycanın və Ermənistanın qonşularını da dialoqa cəlb etmədən münaqişəni həll etmək mümkün olmayacaq. Məlumdur ki, Türkiyə Azərbaycana, İran isə Ermənistana rəğbət bəsləyir. Lakin münaqişənin tam həlli barəsində danışmaq hələ tezdir. Daha çox regionda sabitliyin saxlanılmasına çalışılacaq” - deyə ekspert öz rəyində bildirib.

“Putin-Sərkisyan görüşünün Qarabağ məsələsi ilə bağlı əsas məğzi yeni gərginliyin qarşısının alınmasından ibarətdir” - deyə Ermənistan Milli Assambleyasının deputatı, “Avropa inteqrasiyası” ictimai təşkilatının sədri Karen Bekaryan tert.am saytına açıqlama verib.

“Qarabağ məsələsi aprel müharibəsindən sonra bir istiqamətdə nizama salınmalıdır. Daha doğrusu, elə etmək lazımdır ki, yeni gərginlik olmasın, insanların həyatına yeni təhdidlər yaranmasın, elə bir qərar qəbul olunsun ki, burada udan və uduzan tərəf olmasın. Nə qədər ki, nə müharibənin, nə də sülhün olmadığı bir şəraitdə Ermənistanın narahat olmaq üçün hər cür əsası var” - deyə Karen Bekaryan bildirib.

Ermənistan parlamentinin digər deputatı, hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov isə Sərkisyanın Moskvada əsas mesajı “Dağlıq Qarabağ xalqının” öz müqəddəratını müəyyən etməsi olduğunu deyir. “Problemin əsas mahiyyəti qaçqınlar və başqa məsələlərin həll edilməsi deyil. Referendum keçirilməli, Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmamalıdır” deyə erməni deputat həyasız açıqlama verib.
“Əgər Rusiya və Ermənistan mətbuatına inansaq, Serj Sərkisyan faktiki olaraq bir neçə rayonun qaytarılması müqabilində Qarabağa müəyyən statusun verilməsini nəzərdə tutan, habelə bölgəyə Rusiya sülhməramlılarının yerləşdirilməsini təklif edən ”Lavrov planı"nı rədd edib" - deyə Akop Badalyan lragir.am-da yazır.



Badalyan daha sonra yazır: “Moskva səfəri öncəsi Sərkisyan bəyan etmişdi ki, Qarabağ heç vaxt Azərbaycanın tərkib hissəsində olmayacaq və o, bunun üçün vəzifəsini və hətta həyatını qurban etməyə hazır olduğunu deyib. Görəsən, Moskvada Sərkisyana Qarabağa status verilməsi hüququnda təkid etmək üçün vəzifəsini və həyatını qurban etmək nə dərəcədə lazım olub? Yoxsa Moskva Ermənistana daha təzyiq etmir? Bəlkə Moskva Azərbaycana daha silah tədarük etmir və ya Türkiyə ilə dostluqdan vaz keçib?” - deyə Akopyan Ermənistan prezidentinin söylədiklərinə istehza edir.

Ermənistan Rusiyanın Qafqaz planlarında sadəcə kart rolunu oynayır. Ağır iqtisadi vəziyyətdə olan Rusiya öz geopolitik maraqlarını tam icra edə bilmədiyindən kiçik paylarla kifayətlənməli olur. Burada isə Ermənistan artıq Rusiya üçün birinci o yana qalsın, hətta ikinci belə deyil. Rusiya üçün indi İran, Türkiyə, Gürcüstan və Azərbaycan daha önəmlidir.
Rusiya Ermənistana nə verə bilər? Onun bunun üçün nə resursları, nə də həvəsi var.

Lakin Rusiya “Lavrov planı”ndan çətin ki, vaz keçsin. Rusiya Ermənistanı daha da zəiflətməyə çalışır. Sonuncu görüşdə Ermənistan üçün sərfəli heç bir iqtisadi saziş əldə edilməyib. Bundan başqa, Putin hər kəsi ələ salırmışcasına Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olduqdan sonra ümumi daxili məhsulun 10 faiz artdığını söyləyib.
Görünür, Sərkisyanın bütün bunlara cavab verməyə halı olmayıb. Onun gücü elə Qarabağı öz müqəddəratını təyin etmək hüququnda təkid etməyə çatıb".

Digər erməni yazar, 1in.am saytının icmalçısı Aram Aratuni “Rusiyanın Azərbaycana 200 milyonluq təminatı” adlı məqaləsini də bu mövzuya həsr edib:



“Serj Sərkisyanın Moskva səfəri zamanı Ermənistana 200 milyonluq silah verilməsi ilə bağlı yaranan problem həll olunmadı. Serj Sərkisyanın Moskva səfərindən öncə müdafiə naziri Seyran Ohanyan silahların verilməsi ilə bağlı müqavilələrin artıq imzalandığını və hətta tədarükün başlandığını bildirmişdi. Lakin Ohanyan konkret hansı silahların verildiyindən bəhs etmədi. Ümumiyyətlə, görünür ki, Ermənistan hakimiyyəti bu barədə cəmiyyəti məlumatlandırmaq istəmir.

Bununla bağlı müəmma onu göstərir ki, Ermənistan hakimiyyəti, ümumiyyətlə, bu məsələdə heç bir irəliləyişə nail olmayıb. Sadəcə, hakimiyyətin aprel müharibəsindən sonra heç bir silah tədarükünün həyata keçirilmədiyi deməyə üzü yoxdur.

Bu isə Rusiya hakimiyyətinin Ermənistan iqtidarına ikrah doğurucu münasibətinin bir göstəricisidir ki, bu da erməni cəmiyyətində həm Ermənistanın mövcud iqtidarına, həm də Moskvaya qarşı adekvat reaksiyanı doğuracaq".

A.Aratunu yazır: “Məsələ burasındadır ki, strateji partnyor öz müttəfiqinə silah vermək əvəzinə onu müharibə ilə hədələyən dövləti silahlandırır. Burda isə ”mənə dostunu göstər, kim olduğunu deyim" məsəli yada düşür.



Üstəlik, 200 milyonluq silah tədarükü ilə bağlı müqavilə imzalanan kimi Azərbaycan buna dərhal etiraz edib və bu silahların Azərbaycana qarşı istifadə edilməyəcəyinə dair təminat istəyib. Deyəsən, Rusiya da bu təminatı verib. Elə olmasaydı həm Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, həm də Rusiyanın Ermənistandakı səfiri Aleksey Volınkin rus silahlarının Qarabağa getməyəcəyi barədə bəyanat verməzdilər. Lakin Rusiya Azərbaycana satdığı milyard dollarlıq silahların Ermənistana qarşı istifadə edilməyəcəyinə dair heç bir təminat verməyib.

Bu mənada Ermənistanın milli təhlükəsizliyinə guya təminat verəcək bu məşum saziş əslində Rusiyanın Ermənistandakı 200 milyonluq girovu, Azərbaycana verilən 200 milyonluq təminatdır".



Erməni analitik Naira Ayrumyan isə görüşlə bağlı çoxlarına avantüra kimi görünən versiyalar səsləndirib: “Vladimir Putin Serj Sərksyanla görüş zamanı bəyan etdi ki, Minsk Qrupunun bir sıra ölkələri Qarabağ münaqişəsinin həllinin təminatçısı ola bilər. Diqqət edin ki, Putin Minsk Qrupunun ”həmsədrləri"ni deyil, “üzvlərini” söylədi. Aydındır ki, o, Türkiyəni nəzərdə tutub. Belə çıxır ki, Putin və Ərdoğan Sankt-Peterburq şəhərində görüş zaman hansısa təminatlardan danışıblar. Yəqin ki, Türkiyə Azərbaycana, Rusiya isə Ermənistana təminat verəcək. Təminat dedikdə tərəflərin hərbi əməliyyatlara başlamaması nəzərdə tutulur. O zaman Rusiya Qarabağın “erməni” hissəsinə, Türkiyə isə Azərbaycan hissəsinə öz qoşunlarını yeridəcək" - deyə Naira Ayrumyan yazır.
Naira Ayrumyan bütün bu ehtimallarından sonra “Rusiya və Türkiyə Qərbin hansısa addımlar atmasını gözləmədən təminatçı olmağa tələsirlər. Qərbinsə Rusiyaya (Habelə Azərbaycan və Türkiyəyə) yönəlik əlində xeyli rıçaqı var: Qarabağın müstəqilliyinin tanınması, İran resurslarının Ermənistan və Gürcüstan üzərindən daşınması, Ermənistanın iqtisadi cəhətdən dəstəklənməsi və s.” cümləsi ilə öz-özünə təsəlli verib.
“Sərkisyan ”Qarabağ məsələsi ətrafında razılaşmaların yerinə yetirilməsi olduqca vacibdir, biz buna hazırıq" ifadəsi altında nəyisə gizlətməyə çalışırsa, bu, çox pisdir. Bu o deməkdir ki, Rusiyanın Dağlıq Qarabağı statussuz qoymaq və ya aralıq statusunun verilməsi ilə bağlı planı ilə razılaşmaq lazım gələcək. Biz rus sülhməramlıların köməyi ilə Qarabağın vassal statusu ilə razılaşa bilmərik" - deyə politoloq Stepan Safaryan bildirib (armenianreport)

“Rusiyanın Emrənistanı birtərəfli güzəştlərə məcbur etmək üçün rıçaqları azdır” - deyə politoloq əlavə edib.



Ermənistanın strateji və milli araşdırmalar mərkəzinin direktoru Manvel Sərkisyanın 1in.am saytına verdiyi açıqlamaları da maraqlıdır: “Mən bilmirəm ki, ərazilər problemi Serj Sərkisyan üçün nə deməkdir. Bir çoxları, o cümlədən Jirayr Səflilyan belə düşünür. Bu, onun üçün sadəcə biznesdir. Bir şey də anlaşılmazdır ki, ümumiyyətlə, bu ərazilərin verilməsini kimsə ondan tələb edirmi? Yoxsa bu elə onu öz təşəbbüsüdür? Hər halda, aprel müharibəsi onu göstərdi ki, Sərkisyandan heç kim heç nəyi tələb etmir. Lakin bu əraziləri hərraca çıxarmaq mümkündür. Çünki biz Sərkisyanın sifətində ələ keçən nə varsa satmağa çalışan oliqarxiya, komprador (təslimiyyətçi) burjuaziyanı görürük”.

Ermənistanın İranla bağlı münasibətləri də hakimiyyətin tənqid mövzusudur.

Ermənistanın 1in.am saytına müsahibə verən erməni iranşünas alim Emma Begicanyan İran prezidentinin Qarabağ problemi ilə bağlı verdiyi bəyanat barədə danışıb. Xatırladaq ki, İran prezidenti münaqişənin sərhədlərin toxunulmazlığı və Azərbaycanın ərazi bütövlüyünün saxlanılması prinsipi daxilində sülh yolu ilə həll olunmasının vacibliyini vurğulamışdı.

Erməni alim İran prezidentinin bu bəyanatını, necə deyərlər, “ermənicə” şərh edib: “İran həmişə Azərbaycanla mehriban qonşuluq münasibətləri saxlamaq üçün belə bəyanat verib. Lakin İranın sərhədlərin dəyişməsinin əleyhinə çıxmasını söyləməkdə əsas məqsədi Azərbaycanın İranın özünün 6 əyalətinə iddia etməsi ilə bağlıdır”(?) Begicanyanın fikrincə, Ermənistan hakimiyyəti İran-Azərbaycan münasibətlərinə tən gətirə biləcək heç bir siyasət yürütmür. Begicanyan İran və Ermənistan arasında vizanın qaldırılmasının da iqtisadiyyata elə bir fayda gətirməyəcəyini düşündüyünü vurğulayıb.

İran prezidentinin bu vaxta qədər Azərbaycanı bir neçə dəfə ziyarət etməsinə rəğmən bir dəfə də olsun Ermənistana rəsmi səfərə gəlməməsinə də münasibət bildirən Begicanyan bunun da günahını Azərbaycanın üzərinə atıb.

“Cənab Ruhani yaxın vaxtlarda Ermənistana rəsmi səfərə gələcəyini bəyan edən kimi Əliyev İsraili ziyarət edəcəyini bildirdi. Bakının bu təhdid və şantajı tutdu” - deyə erməni alim bu məsələyə özünəməxsus izah tapıb.(musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi