RAMIZ MEHDIYEVIN İSA HƏBIBBƏYLINI “VURMASININ” ŞOK SƏBƏBI - İLGİNC İDDİA
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev rəhbərlik etdiyi qurumda gerçəkləşdirdiyi dəyişikliklərlə yenidən gündəmə gəlib. AMEA prezidentinin hər iki birinci müavinini ixtisara salması birmənalı qarşılanmayıb. Xüsusilə Mehdiyevin “sağ əli” kimi tanınan akademik İsa Həbibbəylinin “vurulması” müxtəlif mülahizələrin meydana çıxmasına səbəb olub.
Xatırladaq ki, İsa Həbibbəyli postunu itirməsini bu qurumda aparılan struktur islahatlarıyla əlaqələndiirb. Qeyd edib ki, AMEA dünya akademiyalarına inteqrasiya etdiyi üçün iki birinci vitse-prezident postuna ehtiyac qalmır: “Azərbaycan Milli Elmlər Akademiyasının iki birinci vitse-prezidentlikdən bir vitse-prezidentliyə keçməsi dünya akademiyalarında olan modelin Azərbaycanda tətbiqi deməkdir. Buna görə də birinci vitse-prezidentlik təsis olundu. Kifayət qədər təcrübəsi, həm də öz sahəsində tanınmış alimlərdən biri olan akademik Dilqəm Tağıyev də həmin vəzifəyə təyin olundu. Hesab edirəm ki, layiqli namizəddir".
Yenisabah.az-ın əldə etdiyi məlumata görə, İsa Həbibbəylinin birinci vitse-prezident postundan kənarlaşdırılması başqa səbəblərlə bağlıdır. AMEA-dakı mənbənin dediyinə görə, Ramiz Mehdiyevin struktur islahatları aparmaqda məqsədi İsa Həbibbəylini cəzalandırmaq olub. Onun sözlərinə görə, akademikin Mehdiyevin “qaya siyahı”sına düşməyinin yeganə səbəbi onun nəvəsinin ötən il avqustun 18-də baş tutan toyunda iştirak etməməsidir. “İsa Həbibbəyli ölkədə karantin rejiminin tətbiq olunduğunu əsas gətirərək sözügedən toya qatılmaqdan imtina etdiyi üçün Ramiz Mehdiyev onu cəzalandırdı” – deyə, mənbə bildirib.