Əhəd Abıyev deputat olanda Mehdiyev haqda nə demişdi? – “Onun bir qaynı var...”
Xüsusi karantin rejimi dövründə qaydalara zidd olaraq nəvəsinə toy edən və buna görə ictimai qınağa məruz qalan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev karyerası dövründə bununla üçüncü dəfədir ki, hədəfə gəlir.
Yenisabah.az xatırladır ki, AMEA prezidenti 2013-cü ildə də çətin günlər yaşayıb. Həmin vaxt Prezident Admnistrasiyasının rəhbəri vəzifəsini daşıyan Ramiz Mehdiyev “mandat alveri”ndə ittiham edilirdi. Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin “mandat alveri”nə dair yaydığı videolarda əsasən Ramiz Mehdiyevin adı hallandırılırdı. Bu videolardan sonra onun istefaya göndərilməsi, hətta həbs olunması tələb edilirdi.
2009-cu ildə isə hazırda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Əhəd Abıyevin verdiyi açıqlamalar Ramiz Mehdiyevi gündəmin əsas personasına çevirmişdi. Əhəd Abıyev həmin vaxt deputat idi. O, Masallının mərkəzi bazarının müdiri Çingiz Həşimov və oğlu Yavər Həşimovun həbsinə etiraz edirdi. Əhəd Abıyev bildirirdi ki, Həşimovların həbsi qanunsuzdur.
“Çingiz Həşimovla oğlu qanunsuz həbs olunub və mən buna etiraz etmişəm. Bunu isə hansısa nazirlə əlaqələndirir və həmin adamla aramıza narazılıq salmaq istəyirlər. Amma belə bir hal yoxdur. Həşimovların həbsinin əsas səbəbləri araşdırılmalıdır. Həbsin səbəbi Çingiz Həşimovun iş adamı olmasıdır. Onun mənimlə heç bir yaxınlığı yoxdur”, - deyən Əhəd Abıyev bu məsələdə Ramiz Mehdiyevin də adını hallandırırdı.
“Ramiz Mehdiyev Ali Məhkəməyə, Respublika Prokurorluğuna tapşırıb ki, Çingiz Həşimovun üzərindəki qətimkan tədbiri dəyişdirilməsin. Göstəriş verib ki, bu adamı çıxartmayın, qərar qüvvədə qalsın”. Keçmiş deputat həmin vaxt Ramiz Mehdiyevin qəbuluna düşmək istəsə də, cəhdləri səmərə verməyib. “Onun bir qaynı var adı Levondur. Oturub qəbul otağında, kimi istəyir buraxır, kimi istəyir buraxmır”, - deyə o bəyan etmişdi.
Əhəd Abıyev Ramiz Mehdiyev barədə danışarkən bəzi deputatların ondan uzaqlaşmasına da maraqlı reaksiya vermişdi: “Onlar Ramiz Mehdiyev tərəfindən təyin olunan deputatlar idi, əsl deputatlar heç vaxt məndən qaçmaz”.
Keçmiş deputatın bu açıqlamalarından sonra məsələ o həddə çatmışdı ki, Prezident İlham Əliyev işə qarışmalı olmuşdu. O zaman yayılan məlumatlarda iddia olunurdu ki, ölkə başçısının müdaxiləsindən sonra Əhəd Abıyevlə Ramiz Mehdiyev arasında “atəşkəs” elan olunub.
Əhəd Abıyevin 2010-cu il parlament seçkilərində Milli Məclisdən kənardan qalması da Ramiz Mehdiyev barəsində səsləndirdiyi bu açıqlamalardan qaynaqlandığı deyilir.