azia.az
azia.az

Bu gün Azərbaycan möhtəşəm Qələbə Paradı keçirəcək

10-12-2020, 13:02

Bu gün Azərbaycan möhtəşəm Qələbə Paradı keçirəcək

Azia.Az xəbər verir ki, Paradda Türkiyə liderinin və hərbçilərinin də iştirakı dünyaya mesajdır.
Bu gün Azərbaycan Ordusu Vətən müharibəsində qələbəyə həsr olunan hərbi parad keçirəcək. Bakı şəhərində keçiriləcək parad Azərbaycanın tarixində ilk dəfə keçirilən qələbə paradıdır.

Hərbi paradla əlaqəli texnikaların hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulub.

Azadlıq meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarə və helikopterləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Qələbə paradında qardaş Türkiyə silahlı qüvvələrinin xüsusi təyinatlılarından ibarət bölük də iştirak edəcək.

Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Vətəndaşların, şəhər sakinlərinin koronavirus pandemiyası ilə əlaqədar paradı kütləvi toplaşmaqla canlı izləməsinin məqsədəuyğun olmadığı bəyan edilib. Vətəndaşlara tövsiyə edilib ki, möhtəşəm Qələbə paradını televizorlardan izləmək daha məqsədəuyğundur. Çünki minlərlə insanın bir yerə toplaşması koronavirusun kütləvi yayılmasına səbəb ola bilər.

Paradda izləyici qismində iştirakçıların sayına mümkün qədər məhdudiyyətlər tətbiq ediləcək.

İştirak edənlər isə mümkün qədər ara məsafəsini gözləməli, virusdan qorunmaq üçün bütün tələb olunanlara əməl etməlidirlər.

Qələbə paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. O, dekabrın 9-da bu məqsədlə Bakıya gəlib.

Paradda həmçinin Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri də iştirak edəcək.

Deputat Aydın Hüseynov Vahid Əhmədovu gərginlik yaratmaqda SUÇLADI -

Hakim Yeni Azərbaycan Partiyasının təşkilat şöbəsinin müdiri, deputat Aydın Hüseynov bildirdi ki, 10 dekabr Qələbə paradı Azərbaycan tarixinə düşəcək. Bu paradın hərbi, həm siyasi, həm geosiyasi, həm simvolik, həm mənəvi baxımdan çox böyük əhəmiyyəti var: “Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən indiyə qədər hərbi paradlar keçirib və hərbi gücünü nümayiş etdirib. Ancaq heç vaxt Qələbə paradı keçirməyib. 10 dekabrda keçirəcəyimiz parad ilk Qələbə paradımızdır. Müzəffər Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi, sərhədlərimiz bərpa olundu. Ordumuzun 44 gün ərzində nümayiş etdirdiyi qəhrəmanlıq bu gün bütün dünya ölkələrinin hərbi rəhbərliyini heyrətə gətirib. Hər kəs Azərbaycan Ordusunun ən müasir müharibə apardığını bəyan edir, Azərbaycan Ordusunun təcrübəsini öyrənirlər. Azərbaycan Ordusu Qələbə paradını keçirməyə layiq ordudur. Bu parad ordumuzun, dövlətimizin hərbi qüdrətini bir daha nümayiş etdirəcək. Düşmənin qoyub qaçdığı, ordumuzun hərbi qənimət kimi əldə etdiyi düşmən hərbi texnikalarının bir qisminin Qələbə paradında nümayiş etdirilməsinin də ayrıca bir özəlliyi var. Ermənistana 44 günlük müharibədə ordumuz heç vaxt unuda bilməyəcəkləri dərs verib. Qələbə paradımızdan da düşmən dərs götürməlidir. Azərbaycan Prezidenti bir neçə gün öncə BMT tribinasından Qələbimizi dünyaya bəyan etdi. 10 dekabrda Azadlıq meydanında qalib ordunun qarşısında qələbəmizi bütün dünyaya bəyan edəcək. Prezidentimiz 2018-ci ildə Azadlıq meydanında hərbi paradda bəyan etmişdi ki, Azərbaycan işğal altındakı torpaqlarını azad edəcək və azad olunmuş torpaqlarımızda qaldırılan qələbə bayrağı gətirilib Azadlıq meydanında Qələbə paradında qaldırılacaq. Ali Baş Komandanımızın ordunun, xalqın qarşısında verdiyi vəd yerinə yetiriləcək”.

A.Hüseyov vurğuladı ki, qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Qələbə paradında iştirak etməsinin də çox böyük siyasi, hərbi, geostrateji, mənəvi anlamı, mesajı var: “Bugünlərdə cənab Ərdoğan bildirmişdi ki, əldə olunan qələbə Azərbaycan Ordusunun ana südü kimi halal haqqıdır. İndi Prezident Ərdoğanın da Azərbaycan Ordusunun Qələbə paradında iştirakı da onun bir qardaş kimi halal haqqıdır. Qardaş Türkiyə, Prezident Ərdoğan ilk gündən Azərbaycana siyasi, mənəvi dəstək verdi, Azərbaycanı tək qoymadı. Bu əsl qardaşlıq nümayişi idi. Bu gün biz bir yerdəyik, iki qardaş ölkə çiyin-çiyinədir. Çətin günlərimizdə də bir yerdə olduğumuz kimi xoş günlərimizdə də bir yerdəyik. Bundan təbii heç nə ola bilməz. Dünya da, region ölkələri də gərəkən mesajı alacaq”.

Fərəc QULİYEV: Yeni konvensiya ölkəmizin iqtisadi qüdrətini daha da artıracaq.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə bildirdi ki, Qələbə paradı Azərbaycanın hərbi qələbəsinin hərbi-rəsmi təsdiqidir. Türkiyənin Prezidenti Ərdoğanın və türk əsgərlərinin paradda iştirakının da xüsusi əhəmiyyəti var. Dünyaya və xalqlarımıza mesajdır ki, bizim gələcəyimiz birgə müəyyənləşəcək: “Müharibə dönəmində də qardaş ölkənin yanımızda olduğunu bütün dünya gördü. Hətta açıq ifadə olundu ki, ehtiyac olarsa, Azərbaycan tərəfi hərbi, əsgəri yaradım istəsə Türkiyə buna hazırdır. Yəni bütün sferalarda iki qardaş ölkənin münasibətləri bu səviyyəyə qalxıb. Bir çox dövlətlər bu mesajı alıblar və sabah bir daha alacaqlar. Azərbaycanla münasibətlərində reallığı nəzərə almalıdırlar. Biz həmişə çalışmışıq ki, türk dünyası vahid mövqedən çıxış eləsin. Biz bir yerdə olmağa məhkumuq. Türkiyə ilə Azərbaycan ortaya birlik nümunəsi qoyub. Türkiyənin Cümhurbaşkanı və silahlı qüvvələri Azərbaycanın qələbə paradında iştirakı haqq edirlər. Gələcəyimizin ortaq müəyyənləşməsində bu məqam mühümdür. Türkiyə artıq bölgə gücündən dünya gücünə çevrilib. Gepolitik anlamda da Türkiyənin burada olması Azərbaycanın gücünü, immunitetini artırır”.

Yeni Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev isə bildirdi ki, Qələbə paradı Azərbaycanın Qarabağı azad etməsinin bir rəmzi, rəsmi sübutu kimi dünyaya mesajıdır. Həm də burada simvolik bir məna var: "Azərbaycan müstəqilliyini ikinci dəfə qazanan zaman zəif idi, dövlətçiliyi oturuşmamışdı, amma erməni qəsbkarları Dağlıq Qarabağda 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda qırğın törətmişdilər, rayonlarımızı işğal etmişdilər. İndi isə Azərbaycan güclü dövlətdir və torpaqlarını azad etdi, düşmənin çoxlu sayda hərbi texnikasını ələ keçirdi. Ermənilər deyirdi ki, tanklarımız Bakıya gələcək. Erməni tankları Bakıya gəldi, amma Azərbaycan Ordusunun hərbi qəniməti kimi Bakıya gətirildi. İkincisi, Türkiyə liderinin və hərbi qüvvələrinin hərbi paradda iştirak eləməsi o deməkdir ki Azərbaycanla Türkiyə qardaş ölkələrdir. Bu hadisə ondan xəbər verir ki, Azərbaycan tək deyil və qlobal güc onun arxasındadır. Azərbaycan bundan sonra daha qətiyyətli siyasət apara bilər. Qələbə paradı gücümüzün nümayişdir".

Elşən Mustafayev: “Müxalifətçiliyi monopoliyaya almaq yolverilməzdir” -

AMİP-in sədr müavini Elşən Mustafayev isə bildirdi ki, 10 dekabr paradı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki uğurlarının nümayişidir. 10 dekabr eyni zamanda 44 günlük savaşımızda hər zaman yanımızda olan, bizə dəstək verən, beynəlxalq miqyasda informasiya savaşında əvəzsiz xidmətlər göstərən Türkiyə Cümhuriyyəti ilə aramızda olan dostluğun və qardaşlığın nümayişidir: “Bu səbəbdən Ərdoğanın Bakıya səfərini, paradda iştirakını ordumuzun qələbəsini bütövlükdə türk xalqının qələbəsi kimi görməsi ilə əlaqələndirmək lazımdır. Müharibə dönəmində Türkiyənin tutduğu mövqe bir çox ölkələrin narazılığına səbəb olması ilə yanaşı, eyni zamanda onlarının regiondakı məkrli siyasətlərinin qarşısını almış oldu. Türkiyə həmin dövlətlərə aşıq mesaj verdi ki, Azərbaycanın maraqlarını öz maraqları hesab edir və bu maraqlara zidd istəkləri olanların qarşısında olacaq. Hazırda dünyada baş verən neqativ proseslərin gedişatında Türkiyənin bizim regionda yanımızda olmasını açıq şəkildə nümayiş elətdirməsi Azərbaycanı istəməyən, bizim maraqlarımıza zidd ancaq öz strateji maraqlarına xidmət edən bir sıra dövlətləri ciddi düşünməyə, daha ehtiyatlı davranmağa məcbur edib. Bu amil bizim çoğrafiyamızda təhlükəsizliyimiz üçün çox vacibdir və gələcəkdə həmin dövlətlərin bir çoxu ilə bərabər hüquqlarla uğurlu əməkdaşlığa gətirib çıxarda bilər. Bütün bunlarla bərabər Azərbaycanın Qərblə münasibətlərini inkişaf etdirməsi lazımdır. Bu gün Qərb ölkələri ilə əməkdaşlıqdan imtina edilməsini istəyənlər əslində bilərəkdən, yaxud bilməyərəkdən Azərbaycanın güclənməsini istəməyənlərdir. Bir neçə dövlətin müharibə zamanı Azərbaycan əleyhinə mövqe bildirməsi bütün Avropanın mövqeyi sayıla bilməz. Bir çox Avropa dövlətləri neytral mövqe nümayiş elətdirməklə Azərbaycanın ərzi bütövlüyünün bərpasına bir növ haqq qazandırdılar. Bunun özü də dəstək hesab oluna bilər. Keçən ay Ərdoğan bəyanat verdi ki, ”biz özümüzü başqa yerdə deyil, Avropada görürük və gələcəyimizi Avropa ilə birgə qurmağı təsəvvür edirik" . Türkiyəyə qarşı bəzi Avropa ölkələrinin düşmən münasibəti ortada olarkən belə bir bəyanatın verilməsi bir çoxlarının təəccübünə səbəb olmuşdu. Hesab edirəm, burada təəccüblü heç nə yoxdur. Çünki Avropa dövlətlərinin əksəriyyəti Türkiyə ilə isti münasibətlərin qurulmasında maraqlıdırlar. O səbəbdən idi ki, Fransa, Yunanıstan və Kiprin Türkiyəyə sanksiyalar tətbiq edilməsi ilə bağlı Aİ qarşısında qaldırdıqları təklif ümumiyyətlə gündəliyə belə salınmadı. Hesab edirəm ki, eyni münasibət və yanaşma Azərbaycana qarşı mövcuddur və hətta bəzi məqamlarda bizimə daha çox ölkə yaxın münasibətlərin qurulmasında maraqlıdırlar. Yəni Azərbaycan Aİ ilə də əməkdaşlığını inkişaf etdirməli, bu istiqamətdə Türkiyə ilə daim çiyin-çiyinə addımlamalıdır. Belə siyasət müəyyən güclərin qara planlarından sığortalanmağa xidmət edər".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi