Bu gündən sonra virusla mübarizənin nəticəsi bir neçə faktordan asılı olacaq - Həkim anestezioloq
"Adi 30 qəpiklik maska olsa belə tənəffüs yolumuza düşən virus sayını müəyyən faiz azaldır"
Koronavirus yalnız keçən ilin dekabrında peyda olub, lakin indi artıq bütün dünya bu virusun pandemiyası və onun yaratdığı Covid-19 xəstəliyinin öhdəsindən gəlməyə çalışır. Əksəriyyət üçün bu xəstəliyi yüngül keçir, lakin bəzi insanları bu xəstəlik öldürür.
Bəs nəyə görə bəzi xəstələr virusu ağır, bəziləri isə yüngül keçirir?
Həkim anestezioloq Şahin Məmmədov bildirib ki, bəziləri yaşlıdı, əlavə xəstəlikləri var deyə ağır keçirir. Amma cavan əlavə xəstəlikləri olmayan insanlar da var ki, ağır keçirirlər:
“Bu insanlardan danışaq. Nəyə görə cavan, əlavə xəstəliyi olmayan insan virusu bəzən ağır keçirir? Burada iki məsələ var. Birincisi, qıraqdan sağlam görünən, əvvəllər heç bir şikayəti olmayan adamın əslində immun sistemində bilinməyən qüsuru var. Çünki immun sistem çox böyük zəncir kimi mürəkkəb mexanizmlərdən ibarət bir sistemdir. Bu zəncirin neçənci qolunun neçənci mərhələsində bir qüsurun olmadığına kimsə təminat verə bilməz, bunun heç diaqnostikası da mümkün deyil. İkinci məsələ virus yüküdür. Bilmək lazımdır ki koronavirus bizim hüceyrəmizə ilk dəfə daxil olanda, bədənimiz onu yad zülal kimi hiss etmir, onu dərhal məhv etmir. Virus immun sistemimizi ilk mərhələdə aldada bilir. Bu aldatma qabiliyyəti koronavirusun əsas özəlliyidir. Və niyə güclü virus olduğunun əsas səbəbidir. Hüceyrəyə daxil olduqdan və bölündükdən, digər hüceyrələrimizi yoluxdurduqdan sonra orqanizmi virus işğal edir”.
Ş.Məmmədov vurğulayıb ki, bu gündən sonra virusla mübarizənin nəticəsi bir neçə faktordan asılı olacaq:
“Bunlardan ən birincisi bizim zədələnmiş, içərisi virusla dolu, ətrafa virus səpələyən hüceyrə sayımızdır. İlkin mərhələdə virus tərəfindən işğal olunmuş orqanizmiz nə qədər böyükdürsə, bir o qədər də immun sistemimiz üçün çətin olacaq. Virus yükünü azaltmaq üçün qorunma tədbirlərini artırmaq lazımdır. Məsələn, adi 30 qəpiklik maska olsa belə tənəffüs yolumuza düşən virus sayını müəyyən faiz azaldır. Əlbəttə N95 maska daha çox virus yükünü azalda bilər. Əlləri dezinfeksiya edən, tez tez sabunla yuyan, maska taxanlar, qorunmada əsla səhvə yol vermiyənlər yoluxsa belə yüngül keçirəcək. Özünü qorumayan amma yüngül keçirən insanlar da var ki, onlar yoluxan vaxt bəxtlərindən tənəffüs yoluna az sayda virus düşüb. Hər kəsin elə şanslı biri olacağına qaranti verilmir. Ona görə qorunma tədbirlərini artırmaqda fayda var”.