Azia.az təqdim edir. Azərbaycan Respublikasi Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb.
Qara Dəniz Regionunda Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Beynəlxalq Biznes Forumun ASK tərəfindən yüksək səviyyədə təşkil olunduğuna görə təşəkkürünü bildirən səfir qeyd edib ki, Forumda ASK ilə Rumıniyanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumunun imzalanması iki ölkənin biznes təşkilatları arasında əlaqələrin inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Anlaşma Memorandumuna əsasən yaradılan Biznes Şuranın iki ölkənin biznes icması arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi vurğulanıb.
Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd edən səfir Komissiyanın növbəti iclasının 22-23 noyabr tarixlərində Buxarestdə keçiriləcəyini bildirib.
“Rumıniyanın Azərbaycandakı Səfirliyi ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin, xüsusən də iqtisadi və ticari əlaqələrin xalqlarımızın qarşılıqlı fayda və rifahı naminə inkişaf etdirilməsində çox dərindən iştirak edir”,- deyə səfir bildirib.
Səfir bildirib ki, Rumıniya hökuməti ölkəyə xarici investorları cəlb etmək üçün Dövlət-Özəl Tərəfdaşlıq İnvestisiyalar Milli Proqramını təşviq edir. Milli Proqram çərçivəsində Rumıniyada magistral avtomobil yolların, yüksək sürətli dəmir yolu və metro xəttlərinin, regional xəstəxanaların, limanların, hidroelektrik stansiyaların, dag xizek komplekslərinin, hava limanının və milli maraq kəsb edən digər i infrastruktur layihələrinin inşası nəzərdə tutulub. Azərbaycanın yol inşaat və digər infrastruktur layihələrində böyük təcrübəyə malik olduğunu qeyd edən səfir azərbaycanlı investorları bu proqrama qoşularaq Rumıniyaya investisiya yatırmağa dəvət edib.
Rumıniyanın Azərbaycan üçün dost ölkə olduğunu qeyd edən Məmməd Musayev iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq edildiyini vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən islahatlardan danışan M.Musayev bildirib ki, Dünya Bankı Qrupunun açıqladığı “Doing Business-2019” hesabatına əsasən Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi əvvəlki illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.
Yeni hesabatda Azərbaycanın mövqeyinin yaxşılaşması münasibəti ilə təbriklərini çatdıran diplomat bildirib ki, bu nəticələr başqa ölkələrdən biznes tərəfdaşların tapılması üçün faydalıdır və xarici investorlarda Azərbaycan bazarı haqqında daha aydın bir təsəvvür yaradacaq.