azia.az
azia.az

Bakıda Qara Dəniz Regionunda Kiçik və Orta Sahibkarlığın inkişafına həsr olunmuş biznes-forum keçirilib

2-11-2018, 17:48

Bakıda Qara Dəniz Regionunda Kiçik və Orta Sahibkarlığın inkişafına həsr olunmuş biznes-forum keçirilib
Bakıda Qara Dəniz Regionunda Kiçik və Orta Sahibkarlığın inkişafına həsr olunmuş biznes-forum keçirilib


Noyabrın 2-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Qara Dəniz regionunda kiçik və orta sahibkarlığın inkişafı”na dair beynəlxalq Biznes Forum keçirilib.

Tədbirdə çıxış edən Azərnaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev QDİƏT-in Biznes Şurasına bu ilin iyul ayından Azərbaycanın sədrlik etdiyini, üzv ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinın təşkilatın əsas məqsədlərindən olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişafa, makroiqtisadi sabitliyə, iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun və regionların inkişafına nail olunub. Məmməd Musayev həmçinin, sahibkarlığın inkişafı istiqamətində atılan məqsədyönlü addımlar barədə məlumat verib, iqtisadiyyatın inkişafında kiçik və orta sahibkarlığın önəmini qeyd edib.

“Hazırda ölkəmiz Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi nəhəng enerji və infrastruktur layihələri həyata keçirir. Hesab edirəm ki, Qara Dəniz hövzəsi ölkələri bu dəmir yolu xəttindən səmərəli istifadə edərək ticarət dövriyyələrini artırmaqla yanaşı mədəni və sosial əlaqələrin genişləndirilməsinə də nail olacaq,”- deyə M.Musayed bildirib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər, aparılan islahtalar barədə danışıb, həyata keçirilən tədbirlər nəticəsində özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin artdığını vurğulayıb.

“Sahibkarlığın inkişafına dəstək məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziya və icazələr sistemi təkmilləşdirilib, "Lisenziyalar və icazələr” portalı yaradılıb, ixracın və investisiyaların təşviqi mexanizmi tətbiq edilib, sənaye parkları və məhəllələri yaradılıb, “Made in Azerbaijan” brendinin təşviqi tədbirləri ardıcıl olaraq davam etdirilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, ölkəmizin beynəlxalq reytinq agentliklərinin hesabatlarında mövqeyi davamlı olaraq yaxşılaşır. Bu günlərdə açıqlanan Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın öz mövqeyini yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerə yüksəlməsi və ən çox islahat aparan 10 ölkədən biri olması bunun daha bir göstəricisidir”- deyə nazir müavini qeyd edib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında QDİƏT-nin Biznes Şurasının üzv ölkələrin biznes dairələri arasında əməkdaşlığı təşviq edən səmərəli platforma olduğunu, bugünkü forumun biznes qurumları arasında tərəfdaşlıq münasibətlərinin genişlənməsi baxımından əhəmiyyətini qeyd edib. Bildirilib ki, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Azərbaycanda uğurlu islahatlar həyata keçirilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti barədə məlumat verən Orxan Məmmədov artıq Agentlik tərəfindən Masallıda “KOB Dostu” mərkəzinin yaradıldığını, hazırda “KOB evləri”nin yaradılması ilə bağlı işlərin aparıldığını vurğulayıb. Diqqətə çatdırılıb ki, sahibkarlara “KOB evi”ndə bir məkan prinsipi əsasında dövlət təşkilatlarının xidmətləri, çoxsaylı dəstək tədbirləri göstəriləcək. Eyni zamanda, elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək “e-KOB Evi” portalının yaradılması ilə bağlı işlər aparılır. Agentlik rəhbəri qurumun sahibkarlar, investorlar, dövlət qurumları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcəyini, bu baxımdan QDİƏT-na üzv ölkələrdə tətbiq olunan yeniliklərin mübadiləsinin faydalı olacağını qeyd edib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsində belə tədbirlərin önəmini qeyd edib, “Vakıf Bankı”ın İdarə Heyətinin sədri Mehmet Özcan isə kiçik və orta sahibkarlığa dəstək tədbirləri və bu sahədə bankın gördüyü işlərə dair fikirlərini bölüşüb.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə başa çatıb.

Biznes forum çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, eləcə də Rumıniya Ticarət və Sənaye Palatası ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb.

Tədbir “Kiçik və orta sahibkarlığın inkişafı naminə Qara Dəniz ölkələrinin əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, regional dəyər zəncirinin yaradılması” və “Regional enerji layihələrinin QDİƏT-in üzv ölkələrində qeyri-neft sektorunun inkişafındakı rolu” mövzularında panel iclaslarla davam edib.
“Kiçik və orta sahibkarlığın inkişafı naminə Qara Dəniz ölkələrinin əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, regional dəyər zəncirinin yaradılması” mövzusunda paneldə çıxış edən KOBİA-nin İdarə Heyəti sədrinin müavini Nadir Adilov, Türkiyə-Azərbaycan Biznes Şurasının rəhbəri Selcuk Akat, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, ASK-nın Turizm, mədəniyyət və mətbuat təşkilatları ilə iş komissiyasının sədr müavini Ceyhun Aşurov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ramil Hüseyn, Rumıniya Ticarət və Sənaye Palatasının Beynəlxalq əlaqələr Departamentinin rəhbəri Virgin Goaga, "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin sədr müavini Fərid Əliyev, Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov, kiçik və orta biznes subyektləri arasında əlaqələrin genişləndirilməsinə dair fikirlərini bildirib, biznes dairələri arasında əlaqələrin qurulmasında və inkişafında QDİƏT-nın yaxşı platforma olduğunu vurğulayıblar.

Xatırladaq ki, biznes Forumun tərəfdaşları "Ziraat Bank Azərbaycan" ASC , Azərsun holdinq və Vitam reklam həlləri şirkətidir.
"Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin sədr müavini Fərid Əliyev forumda bildirib ki, çox yaxın zamanlarda Azərbaycanın regionlarında, o cümlədən, Gəncə şəhərində Bankın filialları açılacaq.

Vüsal Əzizov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi