“Orta dəhliz” ölkələri fəallaşıb - səbəb
Sürətli olan daha çox pay alacaq
Qırmızı dənizdə gəmilərin hərəkətinə yaranan məhdudiyyətlər Avropanın ənənəvi ticarət yollarından kənarda, həm də Rusiyadan keçməyən marşrutlara diqqətini artırıb. Yanvarın son günlərində Brüsseldə keçirilən “Aİ-Mərkəzi Asiya nəqliyyat investisiya forumu” çərçivəsində açıqlanan məlumatdan aydın olur ki, Avropa İttifaqı Çindən Avropaya yükdaşımalar üçün Mərkəzi Asiya, Xəzər dənizi Azərbaycan, Gürcüstandan keçən Transxəzər nəqliyyat dəhlizinin inkişafına 10 milyard avro vəsait ayırır. Bu addım “Orta dəhliz” də adlandırılan layihənin perspektivlərinə dair gözləntiləri daha da artırır.
Avropa İttifaqının layihəyə dəstəyi açıqlandıqdan sonra dəhliz iştirakçısı olan ölkələr də inkişafa mane olan amillərin aradan qaldırılması üçün fəaliyyətləri intensivləşdiriblər. Bugünlərdə Azərbaycan və Qazaxıstan 2022-2027-ci illər üçün “dar boğazlar”ın aradan qaldırılması və “Orta dəhliz”in (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı üzrə Yol Xəritəsinin icrasının fəallaşdırılması barədə razılığa gəliblər. Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətininin bununla bağlı yaydığı məlumatda qeyd olunur ki, bu məsələ Dəmir Yolu və Su Nəqliyyatı Komitəsinin sədr müavini Kasım Tlepovla Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri arasında aparılan danışıqlarda müzakirə olunub.
Qeyd edilib ki, danışıqlar zamanı tərəflər ikitərəfli əməkdaşlığın əsas məsələlərini müzakirə ediblər. Tərəflər həmçinin üçüncü ölkələr üçün icazə kvotasının artırılması, Kurık limanında dibdərinləşdirmə işlərinin aparılması zərurəti, vaqonların yüklənməsini və boşaldılmasını təmin edən lokomotivlərin sayının artırılması məsələlərini də müzakirə ediblər.
“Dar boğazlar”ın aradan qaldırılması və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə Yol Xəritəsinin icrası çərçivəsində tərəflər dəhlizin imkanlarının genişləndirilməsi üzərində fəal işləyirlər. Qazaxıstan rəsmisi bildirib ki, ölkəsi regionda nəqliyyat və tranzit potensialının inkişafı və nəqliyyat dəhlizlərinin müasirləşdirilməsi üçün səylər göstərir.
Xatırladaq ki, “Orta dəhliz” 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Daha sonra layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut üzrə vahid tarif yaradılıb və “bir pəncərə” prinsipi tətbiq edilir.
Rusiyanın Ukraynaya hücumundan sonra daha da aktuallaşan Transxəzər dəhlizinin inkişafı istiqamətində atılan addımlar öz bəhrəsini veriri. Belə ki, rəsmi məlumata əsasən, 2023-cü ildə Azərbaycanın dəmir yolları ilə 18 milyon tondan çox ümumi yük, 7 milyon tona yaxın tranzit yükü daşınıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumata görə, 2022-ci illə müqayisədə Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi 80 faizə yaxın artıb.
Beynəlxalq nəqliyyat bağlantısı olan “Orta dəhliz” üzrə tranzit yüklərin həcminin artırılması və səmərəli idarə olunması məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolları arasında Birgə Müəssisə yaradılıb. Çin mənşəli yüklərin Orta dəhlizlə Azərbaycan üzərindən daşınması bərpa olunub. Bu məqsədlə konteyner daşımalarının blok qatar şəklinə salınması və təyinatı üzrə birbaşa göndərilməsi təmin olunub. Çindən idxal və tranzit yükü ilə yola düşən konteyner blok qatarlar Orta dəhlizlə ortalama 8-10 gün ərzində ölkəmizə çatıb ki, bu da ənənəvi marşrutlarla çatdırılma vaxtından təxminən iki dəfə (15-18 gün) azdır.
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) kredit ayırıb. İqtisadiyyat naziri Mikayıl Cabbarovun “X” sosial şəbəkəsindəki hesabında yaydığı məlumata görə, bankla QSC arasında imzalanmış sənədin icrası “regional kommunikasiyaların və ticarət əlaqələrinin gücləndirilməsinə, tranzit yüklərinin daşınmasının artırılmasına və marşrut istiqamətlərini şaxələndirməklə rəqabətqabiliyyətliliyin yüksəlməsinə töhfələr verəcək”.
EBRD-dən verilən məlumata görə, ASCO-ya 42 milyon ABŞ dolları (38,71 milyon avro) məbləğində kredit ayrılıb. Layihənin ümumi dəyəri 60 milyon ABŞ dolları təşkil edir.
Bildirilir ki, EBRD bu vəsaitin ayrılması ilə Asiya və Avropa arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsinə töhfə verir: “ASCO ayrılan krediti beynəlxalq sularda quru yüklərin daşınması və ticarət donanmasının fəaliyyətini genişləndirmək üçün iki ədəd "Handysize" tipli quru yük gəmisinin alışına sərf edəcək. Məqsəd regional dəniz əlaqələrinin və ticarətinin gücləndirilməsinə dəstək verməkdir. Yeni gəmilər Mərkəzi Asiya və Cənubi Qafqazı qlobal bazarlarla birləşdirən genişləndirilmiş Orta dəhliz boyunca Azərbaycanın həlledici halqa kimi ölkə mövqeyini möhkəmləndirməyə dəstək olacaq".
EBRD həmçinin gəmiçilik sektorunda dekarbonizasiya problemlərini daha yaxşı həll etmək və ASCO-nun dayanıqlılıqla əlaqəli ilk maliyyələşmə alətlərinə yol açmaq üçün şirkətin iqlim yönümlü korporativ idarəçiliyini və iqlimlə əlaqəli açıqlama siyasətlərini təkmilləşdirməkdə ona dəstək verəcək.
Bank hesab edir ki, ASCO regionun ən böyük gəmiçilik şirkətlərindən biri olaraq bu mühüm ticarət marşrutu boyunca dəniz əlaqələrinin gücləndirilməsində mühüm rol oynayır.
Azərbaycan yük donanması ilə yanaşı, Ələtdə yerləşən beynəlxalq dəniz ticarət limanının ötürücülük gücünün artırılması istiqamətində də fəal işlər görür. Belə demək olar ki, Transxəzər dəhlizi boyunca artan yük həcmlərini ötürmək üçün infrastruktur baxımından Azərbaycan ən öndə olan ölkələrdən biridir.
Dünya SAKİT