Qalmaqallı MİDA: Qərar kimləri vəzifədən məhrum edəcək? - GƏLİŞMƏ
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) proqram təminatlarının satın alıması ilə bağlı tenderə yekun vurub.
Tenderin qalibi "Farah Innovations" MMC seçilib. MİDA 18 proqram təminatı üzrə bir illik lisenziya və abunələrin alınmasına 191 859 manat ödəyəcək. Qeyd edək ki, sözügedən şirkət- "Farah Innovations" MMC-nin 15 983 manat cari vergi borcu yaranıb. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin nəinki qalib seçilməsini, tenderdə iştirakını belə istisna edir.
Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksindəki mənzillərin bir neçə saniyə satılması böyük qalmaqala səbəb olmuşdu. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ilkin araşdırmalar aparılmış və bir neçə şəxs həbs edilmişdi. MİDA həmin mənzillərin aqibəti ilə bağlı bildirmişdi ki, hazırda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri hüquqi prosedur tədbirlər davam etdirilir . Qurum qeyd etmişdi ki, MİDA-nın növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 30.03.2022-ci il tarixində satışa çıxarılmış 442 güzəştli mənzilin yenidən seçimi həyata keçirilməyib. Onu da qeyd edək ki, baş verən proses mənzil sahibi olmaq istəyən digər vətəndaşların hüquqlarının pozulmasıdır.
Eləcə də vergi borcu olan şirkətin tenderdə qalib gəlməsi nə dərəcədə doğrudur? Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, vergi borcu olan şirkətin tenderdə qalib gəlməsi qanun pozuntusudur:
“Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə görə, vergi borcu olan sahibkarlıq subyekti dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə, o cümlədən tenderlərdə iştirak edə bilməz. Onlar satınalmanı keçirən quruma arayış təqdim etməlidirlər və orada görünürsə ki, şirkətin borcu var, dövlət qurumu ümumiyyətlə, onu satınalmaya buraxmamalı idi. Əgər satınalmaya buraxıb və qalib elan edibsə, həmin dövlət təşkilatı qanunu pozub. Onun barəsində, o cümlədən rəhbər şəxsləri barəsində müvafiq olaraq tədbirlər görülməlidir. Bəlkə də əksi ola bilər ki, həmin orqana saxta sənəd verilibsə, yəni orada vergi borcunun olmaması göstərilibsə, o zaman bu saxtalaşdırmanı edən şəxslərə qarşı tədbirlər görülməlidir. Hər bir halda bu tenderin nəticələri etibarsız elan edilməli, yeni tender keçirilməlidir. “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsi var və bu maddənin adı “Malgöndərənlərin, podratçıların ixtisasına dair tələblər” adlanır. Orada göstərilir ki, satınalmalar prosedurunda iştirak etmək üçün malgöndərənlərin, podratçıların ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir. O meyarlardan biri də “Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması”dır. Burada aydın şəkildə öz əksini tapıb. Eləcə də vergi borcunun neçə, istər 1 qəpik olmasının heç bir fərqi yoxdur”.
Ekspert onu da bildirdi ki, nəticələri ləğv edilən qalmaqallı satışla bağlı yenidən seçim keçirildikdə hamı yenidən iştirak edə bilər.