Azərbaycan ağırlıqqaldıranı olimpiadada gümüş medal qazanıb
Azərbaycan ağırlıqqaldıranı Tarmenxan Babayev Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
"Report"un məlumatına görə, 85 kq çəki dərəcəsində yer alan 16 yaşlı atlet birdən 142 kq, təkanla 174 kq ağırlıq qaldırıb. Nəticədə o, iki hərəkətin cəmində 316 kq nəticə göstərib və yalnız italiyalı Kristiano Cüzeppe Fiççodan 9 kq geri qalıb.
Babayev həm birdən, həm də təkanla qaldırmada da ikinci yeri tutub. Bürünc medalı isə 299 kq (130 kq + 169 kq) ümumi nəticə ilə Səudiyyə Ərəbistanı təmsilçisi Ali Yusef Alotman əldə edib.
Qeyd edək ki, Tarmenxan Babayev, 2002-ci ildə Naxçıvanda anadan olub. “Təhsil” İdman Mərkəzinin nümayəndəsidir. Şəxsi məşqçisi Şəfi Hüseynovdur. Yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi (2017, 2018), 6 qat rekordçusudur.