Medalın birini İsrailə, birini Azərbaycana həsr etdi
Səid Mollayi - azərbaycanlı əsilli Monqolustan cüdoçusudur. Bu il Tokioda keçirilən Yay Olimpiya oyunlarında iştirak edən Səid 2018-ci ildə dünya çempionu titulunu aktivinə yazıdırıb.
İran hakimiyyəti 2019-cu ildə Yaponiyada keçirilən Dünya Çempionatının yarımfinalda ona qəsdən məğlub olmağı əmr edib ki, finalda israilli Saqi Muki ilə qarşılaşa bilməsin. Dünya Çempionatında qəsdən məğlub olması üçün İran hakimiyyətinin təzyiqini ifşa edib, tənqid etdikdən sonra ölkəsinə qayıtmaqdan qorxduğunu deyərək Almaniyaya gedib. Həmin ilin dekabrında Monqolustan vətəndaşılığını qəbul edərək beynəlxalq yarışlara bu ölkənin bayrağı altında çıxmağa başlayıb.
Azərbaycana həsr edilmiş medal
Səid Mollayi 1992-ci il yanvarın 5-də Tehranda anadan olub.
Cüdoçu 2015-2016-cı illərdə Asiya Çempionatında bürünc, 2017-ci ildə isə gümüş medalını qazanıb. 2017-ci ildə Budapeştdə keçirilən Dünya Çempionatında bürünc , 2018-ci ildə Bakıda Dünya Çempionatında qızıl medalların sahibi olub.
2016-cı ildə keçirilən Yay Olimpiya Oyunlarında 81 kq çəkidə iştirak etsə də, medal qazana bilməyib.
Bakıdakı dünya çempionatında 81 kq çəki dərəcəsində dünya çempionu olan cüdoçu milliyyətcə azərbaycanlı olduğunu deyib. Güney Azərbaycanın Xoy şəhərindən olduğunu bildirib.
Səid qazandığı qızıl medalı Azərbaycana həsr edib: "Bakıda dünya çempionu oldum və qızıl medalı bütün Azərbaycan xalqına həsr etdim. Mənim çəkimdə Azərbaycandan heç kim yox idi. Bu səbəbdən öz medalımı bütün azərbaycanlılara həsr etdim. Yaxşı məşq edib 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmaq istəyirəm”.
Səid Mollayi 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanıb.
Səid Mollayi 2019-cu ildə Tokioda keçirilən Dünya Çempionatının final döyüşlərində İsrail idmançısı Saqi Muki ilə qarşılaşmalı idi. Mollayi ona Rusiya cüdoçusuna qarşı döyüşdən geri çəkilmək əmrinin verildiyini açıqladı. Onun sözlərinə görə, İran hakimiyyəti yarımfinalda qəsdən məğlub olmağı əmr edib ki, israilli idmançı ilə qarşılaşa bilməsin. O, finallardan birində dünya çempionu Saqi Muki ilə qarşılaşa bilərdi. İran hakimiyyətinin "məntiq”inə görə, Səidin atacağı bu addım İsrailin "boykot” edilməsi demək olacaqdı. Amma bu baş tutmadı. Səid buna cavab olaraq, Muki ilə potensial döyüşdən qaçmaq üçün İran hakimiyyəti və idman federasiyalarından təzyiq olunduğunu açıqlayaraq bunu ifşa etdi. Açıqlamasında İran hakimiyyətini tənqid edən cüdoçu bundan sonra ölkəsinə getməkdən qorxduğunu deyərək, 2019-cu ilin avqustunda iki illik viza ilə Almaniyaya getdi.
Mollayi Beynəlxalq Cüdo Federasiyasına verdiyi açıqlamasında bunları deyib: "Mən istədiyim yerdə rəqabət apara bilmək istəyirəm. Mən qanunun mənə bunu etməyə icazə vermədiyi bir ölkədə yaşayıram. Seçimimiz yoxdur, bütün idmançılar bu qanuna riayət etməlidir. Bu gün etdiklərimin hamısı yeni həyatım üçündür. Mənim köməyə ehtiyacım var. Ölkə rəsmilərinin mənə geriyə qayıtdıqda heç bir problemlə qarşılaşmayacağımı deməsinə baxmayaraq qorxuram”.
Cüdoçunun açıqlamasından sonra Beynəlxalq Cüdo Federasiyası İranın idman nazirinin müavini Davar Zaninin Səid Mollayiyə yarışdan çəkilməsini əmr etdiyini bildirib. Federasiyasının açıqlamasında o da qeyd olunmuşdu ki, İran Olimpiya Komitəsinin prezidenti Rza Salehi Amiri Səid Mollayiyə zəng edərək, İranın təhlükəsizlik xidməti işçilərinin onun valideynlərinin evində olduğunu deyib.
İranın davranışları Beynəlxalq Cüdo Federasiyasının (IJF) bu ölkəni beynəlxalq yarışlardan qeyri-müəyyən müddətə uzaqlaşdırmasına səbəb oldu. İşi araşdıran IJF-nin intizam komissiyası İranın bu qurumun nizamnaməsini, qaydalarını, prinsip və məqsədlərini ciddi və kobud şəkildə pozduğunu müəyyən etdi. Qadağa İran Beynəlxalq Cüdo Federasiyasına inandırıcı zəmanətlər verənə və IJF-nin nizamnaməsinə hörmət və idmançılarının İsrail idmançıları ilə mübarizə apardıqlarını qəbul edənədək davam edəcək.
Mukinin mesajı
Almaniya 2019-cu il noyabrın 1-də Səid Mollayiyə sığınacaq verməyə razı oldu. Həmin ay IJF-nin qaçqınlar komandasında Osakada keçirilən beynəlxalq yarışa qatıldı. Muki onu cüdoya qayıtması və Tokiodakı Dünya Çempionatından sonra ilk yarışda iştirak etdiyinə görə sosial şəbəkədə təbrik etdi. Öz növbəsində Mukiyə təşəkkür edən Səid israillini "ən yaxşı dostu” adlandırdı.
Səid onunla birlikdə olan fotosunu paylaşaraq bunu yazdı: "Bu, əsl dostluqdur, idman və cüdo üçün siyasət üzərində qələbədir”.
İsrailə həsr olunmuş medal
2019-cu il noyabrın 16-da Yaponiyada verdiyi bu çətin qərara görə Krans Montana Forumun qızıl medalını aldı. Səid mükafatı qəbul edərkən bunları demişdi: "Daha yaxşı dünya yaratmağa çalışmalıyıq. Sülhün olduğu, insanların bərabər yaşadığı, daha dostcanlı və ədalətli bir dünya...”.
2019-cu ilin dekabrında Monqolustanın dönəm prezidenti, eləcə də bu ölkənin cüdo federasiyasının prezidenti Xaltmaaqin Battulqa ona vətəndaşlıq təklif etdi. Səid bu təklifi geri çevirmədi.
Səid Mollayi 2021-ci ilin fevral ayında Təl-Əvivdə Böyük Dəbilqə turnirində yarışmaq üçün İsrailə gəldi. Bundan bir il əvvəl Macarıstanda keçirilən beynəlxalq yarışda Monqolustanı təmsil edərək, bürünc medal qazanmışdı.
Cüdoçu Tokio Yay Olimpiya oyunlarından bir neçə ay əvvəl İsrail millisi ilə birlikdə İsraildə məşq edib. Səid Tokio olimpiyadasının gümüş medalını qazanıb. O, medalı İsrailə həsr etdiyini açıqlayıb. Qeyd edək ki, Səid Tokio 2020-nin 1/8 finalında Azərbaycan təmsilçisi Murad Fətiyevi məğlub edib.