Azərbaycan boksçusu Avropa Olimpiya Təsnifat Turnirində 1/8 finala yüksəlib
Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turniri davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə Azərbaycan millisinin daha iki üzvü mübarizəyə qoşulub.
Boksçularımızdan Cavid Çələbiyev (63 kq) debütdə Kiril Rusinovla (Bolqarıstan) üz-üzə gəlib. 1/16 final mərhələsi çərçivəsində baş tutan görüş gərgin alınıb. Qarşılaşma 4:1 (29:28, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə dünya çempionumuzun xeyrinə yekunlaşıb.
Çələbiyev növbəti döyüşündə irlandiyalı George Batesi sınağa çəkəcək. Görüş martın 17-də olacaq.
Ondan fərqli, Rauf Rəhimov (91 kq) Mücahit İlyasla (Türkiyə) qarşılaşıb və məğlubiyyətə üzülüb.
Qeyd edək ki, turnirin üçüncü günündə 4 boksçumuz gücünü yoxlayacaq. Onlardan Rüfət Hüseynovla (52 kq) Lorenzo Sotomayor (69 kq) ilk görüşünə çıxacağı halda, Tayfur Əliyev (57 kq) və Kamran Şahsuvarlı (75 kq) ikinci qarşılaşmasını keçirəcək.