azia.az
azia.az

Dövlət qurumlarındakı cinayətkar şəbəkələr və kriminal jarqonlar...

24-11-2016, 09:16

Dövlət qurumlarındakı cinayətkar şəbəkələr və kriminal jarqonlar...
Müxalifət baş verənləri yalnız seyr edir: “Düşünmürəm ki, müxalifət bu baş verənlərdən hakimiyyətə qarşı istifadə etməlidir”

Rabitə və keçmiş MTN çetesinin üzə çıxan cinayətləri, qara para dövriyyəsi haqda danışılarkən kriminal aləmin jarqonlarından istifadə edilir.

Məsələn, “kotyol”, “obşak” və s. Nazir müavinlərindən biri ifadəsində nazir Əli Abbasovun “obşiy katyol”dan ona ayda 50 min manat “paket” verdiyini, başqa biri 30 min manat “paket” aldığını deyir. Bəziləri isə daha böyük məbləğli rüşvət faktlarının üstünü açıb.

Məsələn, BTRİB-in keçmiş rəisi Beytulla Hüseynov ifadəsində deyib ki, nazir müavini İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat verib. Ümumiyyətlə, MTN işi ilə bağlı məhkəmə proseslərində də dəhşət saçan məlumatların yer aldığı ifadələr verilir. O ifadələr ki, hakimiyyətin ictimai nüfuzuna şübhəsiz zərbə vurur. Yəni vəziyyət o həddə çatıb ki, cinayət dosyeləri kriminal jarqonlara bürünüb. Hansı ki, uzun illərdir biz hüquqi dövlət quruculuğundan danışırıq...

Müxalifət isə bu faktordan hakimiyyətə qarşı istifadə etmir. Məhkəmələrdə ortaya çıxan dövlət vəsaitlərini talama faktları ilə bağlı dəyirmi masalar təşkil etmək, hakimiyyətdən həmin ifadələrlə bağlı ciddi araşdırmalar aparılması tələb etmək kimi addımlar da atılmır.

Bu barədə “Yeni Müsavat”a açıqlamasında AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bildirdi ki, “MTN işi” ilə əlaqədar keçirilən məhkəmə proseslərindən yazılan reportajları, o cümlədən də istintaqa verilən ifadələrin mətbuata sızan hissələrini oxuduqca həqiqətən də şok effekti verə biləcək faktlarla rastlaşırıq: “Həqiqətən də ölkənin milli təhlükəsizliyinə sorumlu olan bir təşkilata rəhbərlik etmiş insanların tam 10 il ərzində əslində dövlətin dayaqlarını sarsıtmaqla məşğul olduğunun fərqində olduqca, bütün baş verənlərdən dəhşətə gəlməmək mümkün deyil. Bu adamlar cinayətkar birliklər yaratmaqla eyni zamanda biznes strukturlarına, həmçinin bank və maliyyə sisteminə elə öldürücü zərbə vurublar ki, bunun fəsadlarını bu gün hər birimiz hiss edirik və yaxın gələcəkdə həmin acı nəticələri aradan qaldırmaq da çox çətin olacaq. Əlbəttə ki, bütün baş verənlər dövləti cinayətlər olmaqla yanaşı, ilk növbədə mövcud iqtidarın nüfuzuna ciddi zərbədir.

Image result for Arzuxan Əlizadə

Odur ki, hakimiyyət həmin şəxslərin barəsində çox sərt hökmlər çıxarılmağında maraqlı olmalıdır. Hələ də həbs edilməyənlər isə həbs edilməlidir. Çünki dövlətə bu qədər zərər vurmuş adamlar cəzasız buraxılmamalıdır. Amma hesab etmirəm ki, müxalifət bu baş verənlərdən hakimiyyətə qarşı istifadə etməlidir. Əvvəla, baş verənlərlə əlaqədar istintaq və məhkəmə araşdırmaları davam edir və bu dönəmdə atılan addımlar həmin orqanların işinə müdaxilə kimi qiymətləndirilə bilər. İkincisi, bu ölkə iqtidarlı müxalifətli hamımızın vətənidir. Baş verənlərə öz məqsədlərimiz üçün deyil, ümumilikdə ölkəmizin inkişafı üçün nə edə bilərik prizmasından yanaşsaq daha doğru olar. Hakimiyyət isə törədilmiş cinayət əməllərinin obyektiv araşdırılmasında maraqlı olmalı, baş verənlərdən ciddi nəticə çıxarmalı və yaranmış vəziyyətdən çıxış yollarını müxaliflərlə birlikdə müzakirə etməkdən çəkinməməlidir. Hesab edirəm ki, bunun alternativi yoxdur”. (musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi