AMEA-da COP29-a həsr olunmuş kitab sərgisi açılıb
Açılış mərasimində çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə təşkil olunan COP29 tədbirlərinin uğurla davam etdirildiyini bildirib. Dünyanın ən böyük tədbirlərindən biri olan COP29-un ölkəmizdə keçirilməsini Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin hərtərəfli və sürətli inkişafı, beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlərin nəticəsi olduğunu vurğulayan akademik İsa Həbibbəyli qlobal tədbirin elmi əhəmiyyətindən danışıb. Bakıda keçirilən COP29 tədbirlərinin tarixi əhəmiyyət kəsb etdiyini vurğulayan AMEA rəhbəri qeyd edib ki, COP29 tədbirlərində Akademiya da yüksək səviyyədə təmsil olunur, elmi konfranslarda fəal iştirak edirlər. AMEA-da açılışı keçirilən kitab sərgisində Akademiyanın Humanitar və İctimai Elmlər bölmələri ilə yanaşı, digər elmi bölmələr tərəfindən də nəşr olunan kitabların nümayiş olunduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli sərginin COP29 tədbirlərinin sonunadək davam edəcəyini bildirib.
Sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova və AMEA-nın müşaviri akademik Adil Qəribov çıxış edərək Akademiyanın elmi bölmələri tərəfindən sərgidə təqdim edilən kitabların “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a layiqli töhfə olduğunu vurğulayıblar.
Sərginin açılışında AMEA Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və əməkdaşları iştirak ediblər.
AMEA Rəyasət Heyəti aparatının
İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi