Xoşbəxt gələcəyimizi təmin edəcək pullara göz tikən çoxdur
“Transanadolu” (TANAP) və “Transadriatik” (TAP) qaz kəmərlərinin tam gücü ilə işə salınmasından sonra Azərbaycan bu layihələrdən neftin qiymətindən asılı olaraq hər il 10 milyard dollara yaxın vəsait əldə edə biləcək.
İstiPress-ə bu barədə müsahibə verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, TAP-ın gerçəkləşdirilməsindən sonra Azərbaycan Avropa bazarına 10 milyrad kubmetrə qədər qaz çıxaracaq:
“Azərbaycan qazı Avropa bazarına 2020-ci ildə çatacaq. Qaz qiymətləri, adətən neftin qiymətinə 6 aydan sonra uyğunlaşır. Əgər 2019-cu ildə neftin barrelinin qiyməti 70 dollara qalxarsa, qazın min kubmetrinin qiyməti 280 dollara qalxacaq. Bu isə Avropada ildə təxminən 3 milyard dollarlıq Azərbaycan qazının satılması deməkdir”.
Lakin İlham Şabanın sözlərinə görə, Azərbaycanın gəlirləri təkcə bununla kifayətlənməyəcək: “TANAP-ın gerçəkləşdirilməsindən sonra Azərbaycan Türkiyəyə də qaz satacaq. Bu, il ərzində təxminən 12 miyard kubmetr olacaq. Türkiyədə təbii qazın Avropaya nisbətən müəyyən qədər ucuz olması nəzərə alınarsa, bu ölkədə də hər il 3 milyard dollarlıq Azərbaycan qazının satılacağını ehtimal etmək mümkündür”.
TANAP və TAP qaz kəməri layihələri Azərbaycanın iri qaz yatağı “Şahdəniz”in işlənməsinin 2-ci mərhələsi çərçivəsində mümkün olacaq. İlham Şabanın sözlərinə görə, 2022-ci ildən sonra Azərbaycan hər il “Şahdəniz”dən 6 milyon tona qədər kondensant əldə edəcək, bu isə hər il 3-4 milyard dollar vəsait deməkdir.
“Təbii ki, bu vəsaitlərin hamısı Azərbaycana çatmayacaq. İlk dövrlərdə gəlirlərin 30 faizi, yəni təxminən 3 milyard dolları Azərbayana çatacaq. Sonradan bu, 80 faizə qədər qalxa bilər”, - deyə İlham Şaban vurğulayıb.
Göründüyü kimi, “Azəri - Çıraq - Günəşli” yataqlarının istismarı ilə böyük neft gəlirləri əldə edən Azərbaycan “Şahdəniz 2”, TANAP və TAR layihələrinin gerçəkləşdirilməsində yeni böyük gəlirlər əldə edəcək. Özü də geofiziklər Azərbaycanın qaz gəlirlərinin neft gəlirləri ilə müqayisədə daha uzunömürlü olacağını, yüz illərlə davam edəcəyini vurğulayırlar. Əgər neftin qiyməti proqnozlaşdırılandan daha yüksək olarsa, Azərbaycanın gəlirləri daha da çox olacaq, rəsmi Bakı digər sosial problemlərin həlli ilə yanaşı, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün daha yeni imkanlar əldə edəcək.
Məhz bu səbəbdən Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistanın rəsmi dairələrinə yaxın KİV-ləri aprel ayında İtaliyada TAP-la bağlı yaranmış problemləri xüsusi canfəşanlıqla dərc edirdilər. Məsələ bundadır ki, İtaliyada Latsio regional inzibati məhkəməsi aprelin 6-da TAP-ın tikintisini dayandırmışdı. Yəni, İtaliyanın Apuliya regionunun Melendunyo şəhərinin yerli hakimiyyəti zeytun bağlarının kəsiləcəyini və çimərliyin ekologiyasının pozulacağını bəhanə edərək məhkəməyə müraciət edib, layihə üzrə işlərin aprelin 19-a kimi dayandırılması barədə qərar çıxarılmasına nail olmuşdu.
Beləliklə, Azərbaycan qazını Avropaya çıxarmağı nəzərdə tutan və toplam dəyəri 45 milyard avro və uzunluğu 3,6 min kilometrdən böyük olan qaz kəməri layihəsi tarixə qovuşa bilərdi. Layihə ilkin olaraq ildə 10 milyard kubmetr Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasını nəzərədə tutsa da, sifarişdən və tələbdən asılı olaraq 20 milyard kubmetrə qədər genişləndirilə bilər. Avropanın qaza olan tələbatı isə il ərzində 550 milyard kubmetr səviyyəsindədir. Bunun yalnız 300 milyard kubmetri boru kəməri ilə verilir, qalanı isə tankerlərlə gətirilən sıxılmış qaz hesabına təmin edilir.
Göründüyü kimi, Azərbaycanın Avropa bazarına alternativ kimi təklif etdiyi qaz həcmləri yetərincə kiçikdir. Lakin buna baxmayaraq, qərb mətbuatının yazdığına görə, bazarın aparıcı oyunçuları, əsasən də Rusiya bundan narahat olur. “L'Espresso” qəzetinin yazdığına görə, İtaliyanın müxalifətçi “Beş ulduz” partiyasının lideri Beppe Qrillo Rusiya mətbuatına müsahibə verərək bildirib ki, Azərbaycan qazının Avropaya girməməsi üçün əlindən gələni edəcək. Bu siyasətçilər hətta “No TAP” komitəsi yaradaraq tikinti meydançasını mühasirəyə almışdılar.
Lakin məqsədlərinə nail ola bilmədilər və yuxarı instansiya İtaliya məhkəməsi Latsio regional inzibati məhkəməsinin qərarını ləğv etdi. Yəni, TAP-ın tikintisi qrafik üzrə davam edir. Lakin “TAP” əleyhdarları boş dayanmırlar və layihə əleyhinə kampaniya aparmaqda davam edirlər. Məsələn, “L'Espresso” qəzeti TAP-ın tikintisinə icazə verən məhkəmə qərarından dərhal sonra geniş məqalə dərc edərək layihəni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailə biznesi kimi dəyərləndirib. Məqalə Rusiya KİV-ləri tərəfindən də həvəslə yayılıb.
Bu durum Moskvanın layihəyə maneçilikdən əl çəkməyəcəyini göstərir. Yəni, Azərbaycan bu məsələni daima nəzarətdə saxlanmasını vacib sayır.