Nazirlər Kabineti “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, dəyişiklik müfəssəl planın tərkibi ilə bağlıdır.
İndiyə qədər tikinti ilə əlaqədar müfəssəl planda nəzərdə tutulan parklar göstərilməli idi. Dəyişikliyə əsasən, bu sahədə normanın nəzərə alınması tələb edilir. Başqa sözlə, müfəssəl planın tərkibində nəzərdə tutulan yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun parklar əksini tapmalıdır.
Bu tələb “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 11 noyabr tarixli qanunda əksini tapıb. “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nda dəyişiklik edilməsi ilə bu tələbin həyata keçirilməsi proseduru müəyyənləşir.
Qeyd edək ki, “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı” yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kəndlərin) ərazilərinin və ya onların ərazi hissələrinin, o cümlədən yaşayış məntəqələrinin hüdudlarından kənarda yerləşən ərazilərinin (yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulan) müfəssəl planlarının hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydalarını, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısını müəyyən edir. Bu Qaydaların tələbləri şəhərsalma və tikinti fəaliyyəti ilə məşğul olan bütün subyektlər üçün mütləqdir. Müfəssəl plan yaşayış məntəqəsinin qüvvədə olan Baş planı əsasında hazırlanır. Baş plan olmadığı halda və ya Baş planın hesabat müddəti bitdikdə, kəndlərin, qəsəbələrin və perspektivdə hesabi əhalisi 50 minədək olan şəhərlərin bütün ərazisi üçün müfəssəl planın hazırlanmasına yol verilir. Müfəssəl plan planlaşdırılan struktur elementlərinin yerləşdirilməsini, onların inkişaf parametrlərini müəyyən edən ərazi planlaşdırılması sənədidir. Müfəssəl plan yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin sifarişi ilə hazırlanır. Ərazi üçün yalnız bir müfəssəl plan olmalıdır. Müfəssəl plan torpaq sahələrinin məqsədli istifadəsi, həmçinin torpaq servitutlarının tətbiq edilməsi barədə qərarların qəbul edilməsi üçün əsasdır.