“Yalnız bu halda iqtisadiyyat neft gəlirlərinin azalmasından sığortalana bilər”
Vüqar Bayramovun bu təklifi həm bankları, həm də vətəndaşları xilas edə bilər
Manatın devalvasiyasından sonra yaranan problemlərin həlli üçün dövlət tərəfindən bir çox islahatlar keçirilsə də, hələ ki tam nəticə əldə edilməyib.
Problemli kreditlərin, qaytarılmayan əmanətlərin həcmi gündə-günə artır, bazarlarda bahalaşma davam edir. Neftin qiyməti isə müsbət heç nə vəd etmir. Belə olduğu halda ekspertlər, dövlət rəsmiləri ölkə iqtisadiyyatını bu problemlərdən xilas etməyin yolları ilə müzakirələr aparırlar.
Biz də ölkəni narahat edən iqtisadi problemlər və onların həlli yolları ilə bağlı iqtisadçı ekspert Vüqar Bayramovla söhbət apardıq.
- Vüqar bəy, Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb ki, ləğvetmə prosesində olan “Parabank”, “Zaminbank”, “Kredobank” və “Dekabank” ASC-lərin qorunan əmanətçilərinin təxminən 55%-nin, yəni 17 786 nəfərin bank hesablarındakı vəsaiti 1 manatdan çox deyil. Vəsaiti qəpiklə ifadə olunan bu qədər əmanətçinin olmasının səbəbi nədir?
- Mənim fikrimcə, bu onunla bağlıdır ki, vətəndaşların bir qismi əmanətlərini geri götürüblər, lakin hesablarını bağlamayıblar. Onların bir qismi bankın müflis olacağından ehtiyatlanaraq öz vəsaitlərini geri çəkib. Lakin həmin hesablar bağlanmayıb, orada bir neçə qəpik pul qalıb. Hesabların bağlanmamasına gəlincə, bank onlara təklif edir ki, hesablarını bağlamasınlar. Çünki daha sonra əmanət yerləşdirmək istərlərsə, yeni hesab açmaq məcburiyyətində qalmazlar, daha qısa müddətdə əmanət yerləşdirə bilərlər. Hesab edirəm ki, səbəb budur. Başqa heç bir halda vətəndaşın bank hesabı açması və oraya bir neçə qəpik pul qoyması inandırıcı görünmür. Ona görə də böyük ehtimalla söhbət bank müflis olmamışdan qabaq vəsaitini çəkən, lakin hesabı aktiv olan şəxslərin hesab nömrələrindən gedir.
- Ümumilikdə, əmanətlərin qaytarılması ilə bağlı yaşanan problemlərin həllini nədə görürsünüz?
- Əmanətlərin qaytarılması ilə bağlı bizim müəyyən təkliflərimiz var idi. Vəsaitlər qaytarılan zaman əmanətlərin hesablanması üzrə faizlərin dəyişdirilməsini təklif edirdik. Mövcud qaydalara əsasən əgər bank müflis olubsa, sığorta hadisəsi baş verdiyi an artıq əmanətlər üzrə faiz dərəcələrinin hesablanması dayandırılır, ancaq kreditlərin faizlərinin hesablanmasını davam etdirirlər. Mən təklif edirəm ki, əmanətlər üzrə faizlərin hesablanması qaytarılan günədək davam etsin. Qaydalara əsasən, fond bank tərəfindən əmanətlərin qaytarılması ilə bağlı müddət təyin edib. Hətta vətəndaş bir neçə ay gözlədilə bilər.
Bu isə ona gətirib çıxarır ki, sığorta hadisəsi daha tez baş verir, lakin vətəndaşın əmanətinin faizi hesablanmır, vəsait isə əmanətçiyə gec qaytarılır. Kompensasiya 90 gün ərzində Fond tərəfindən ödənilir. İstisna hallarda Fond bu müddəti 90 gün də artıra bilər. Bu isə o deməkdir ki, əmanətlərin ödənilməsi 6 aylıq bir dövrü də əhatə edə bilər.
O baxımdan əmanətlər üzrə faizlərin hesablanması vətəndaşa qaytarıldığı günədək davam etməlidir. Vəsaitlərin qaytarılması ilə bağlı əmanətçilərə konkret müddət də müəyyənləşdirilməlidir. Bütün hallarda 4 bankın müflis olması Əmanətlərin Sığortalanması Fondunun da yükünü artırdı. Son monitorinqlər də göstərir ki, fond əmanətlərin qısa zamanda qaytarılmasını təmin etməyə çalışır.
“Növbəti illərdə də hasilatdakı azalmalar davam edəcək, neftin qiyməti isə ölkəmiz üçün əhəmiyyətli olacaq”
- Vüqar bəy, problemli kreditlərin həcminin artması da gündəmdədir. Dollar hər gün qəpik-qəpik artdıqca, problemli kreditlərin həcmi yüz manatlarla artır. Bundan çıxış yolu nədir?
- Mən dəfələrlə mətbuatda dollarla olan kreditlərə güzəştlərin verilməsini təklif etmişdim. Bu, təkcə vətəndaşlar üçün deyil, bankların özü üçün də vacibdir. Dolların məzənnəsində artımlar ödənişlərin də miqdarına təsir göstərir. Dolların bahalaşması xarici valyutada kredit götürən şəxslərin xərcini artırır. Dollarla olan bütün kreditlərə görə vahid məzənnənin müəyyənləşdirilməsi çətin məsələdir. Ancaq hökumət 5000 dollara qədər olan kreditlərə görə konkret məzənnə müəyyənləşdirə bilər, məsələn, 1.05 ola bilər. Bu məsələ Mərkəzi Bank tərəfindən müzakirə olunsa da sonradan qərar qəbul edilmədi . Eyni zamanda xarici valyutada olan kreditlərdə dolların bahalaşmasından yaranan fərqin vətəndaş, bank və hökumət arasında bölüşdürülməsi daha məqsədəuyğundur. Hökumət rolunda Mərkəzi Bank və ya Maliyyə Nazirliyi çıxış edə bilər, kredit fərqlərinin müəyyən hissəsini öz boynuna götürə bilər. Nəticədə isə problemli kreditlərin həcmi azalacaq, vətəndaşlar artıq borcun üçdə birini öz boynuna götürəcək. Digər hissəsini bank və hökumət götürəcək. Banklar üçün də bu addım çox vacibdir. Problemli kreditlərin həcmi artdıqca depozitlərin qaytarılması ilə bağlı problemlər yaşana bilər. Bank bir vətəndaşdan aldığı depoziti digərinə kredit kimi verir. Bu baxımdan, kreditlər geri qaytarılmalıdır ki, əmanətlər də verilə bilsin. Kreditlərin qaytarılması həm bankların taleyi, həm də əmanətlərin qaytarılması baxımından olduqca vacibdir. Bununla bağlı müzakirələr davam etdirilməlidir.
- Neftin qiyməti Azərbaycan iqtisadiyyatına nə vəd edir? Qiymətin və istehsalın paralel olaraq azalması hansı nəticəyə gətirib çıxaracaq?
- Neftin dünya bazarındakı qiyməti Azərbaycan iqtisadiyyatı üçün olduqca vacibdir. Azərbaycanda qısa zamanda neftin dominantlığını azaltmaq mümkün deyil. Qeyri-neft sektorunun qısa zamanda aparıcı sektora çevrilməsi nəinki praktiki, heç nəzəri baxımdan da mümkün deyil. Bunun üçün bir neçə il tələb olunur. İslahatlar bir neçə ili əhatə etməlidir ki, yalnız müəyyən müddətdən sonra həmin islahatların təsirlərini hiss etmək mümkün olsun. Qısa müddətli dövrdə Azərbaycan üçün neftin qiyməti həlledici olacaq və iqtisadiyyatdakı inkişaf tempini müəyyənləşdirən əsas faktor olacaq. Neftin ucuzlaşması ilə yanaşı, Azərbaycanın neft hasilatında da azalmalar var. OPEC-in qiymətləndirmələrinə əsasən 2017-ci ildə Azərbaycanda neft hasilatının azalması proqnozlaşdırılır. Proqnoza görə ölkədə neft istehsalı gündəlik olaraq 40 min barel azalacaq. OPEC 2016-cı il üçün Azərbaycanda neft hasilatının gündəlik olaraq 10 min barel azalmasını proqnozlaşdırır.
2017-ci il üçün neft sektorunu gözləyən azalma daha yüksəkdir. ARDNŞ-in rəsmi rəqəmlərinə əsasən aparılan təhlil də göstərir ki, son illər neft hasilatında azalmalar qeydə alınıb. Əgər 2010-cu ildə Dövlət Neft Şirkətinin məlumatında 50 milyon 791 min ton neft hasil edildiyi qeyd olunurdusa, 2011-ci ildə bu rəqəm 45 milyon 625 min tona, 2012-cu ildə 43 milyon 389 min tona, 2013-cü ildə 43 milyon 483 min tona, 2014-cü ildə 42 milyon 22 min tona, 2015-ci ildə isə 41 milyon 586 min tona qədər azalıb. Yəni son 5 ilin tendensiyasına diqqət yetirsək görürük ki, azalma tendensiyası qeydə alınıb. 2010-cu illə müqayisədə 2015-ci ildə neft hasilatı 9 milyon ton azalıb. Bu, ARDNŞ-in rəsmi statistikasıdır. Növbəti illərdə də hasilatdakı azalmalar davam edəcək, neftin qiyməti isə ölkəmiz üçün əhəmiyyətli olacaq. Mənfəət neftinin əldə edilməsi, eyni zamanda neft satışından əldə edilən mənfəət birbaşa neftin dünya bazarındakı qiymətindən asılı olacaq. Çünki hasilat azalırsa, kompensasiya edəcək faktor neftin qiyməti olmalıdır. Növbəti illərdə də neft 50 dollara satılacaqsa, bu zaman ölkənin gəlirləri azalacaq. Bu isə onu göstərir ki, Azərbaycan qeyri-neft sektorunun inkişafına çalışmalıdır və islahatların miqyasını genişləndirməlidir. Yalnız bu halda Azərbaycan iqtisadiyyatı neft gəlirlərinin azalmasından sığortalana bilər.
- Vüqar bəy, ərzaq bazarlarında bahalaşma davam edir. Hazırkı dövrdə bu prosesi sürətləndirən amillər hansılardır?
“Hökumət 5000 dollara qədər olan kreditlərə görə konkret məzənnə müəyyənləşdirə bilər, məsələn, 1.05 ola bilər”
- Bahalaşmaya təsir edən ən önəmli amil dolların məzənnəsinin bahalaşmasıdır. Çünki rəsmi statistikaya görə, Azərbaycan istehlak etdiyi malların təxminən 75 faizini xaricdən gətirir. Deməli, dolların məzənnəsi qiymətlər üçün çox vacibdir və bu valyutanın bahalaşması qiymətləri də qaldırır. Bir nüans da odur ki, may ayında dolların ucuzlaşması qeydə alınanda iş adamları qiymətləri endirmədi. Yəni Azərbaycan bazarı bahalaşmaya daha tez reaksiya verir. Belə ki, dolların məzənnəsi yüksələn zaman bu, istehlak bazarına daha tez təsir edir. Mayın əvvəllərində 100 dollar almaq üçün 149 manat lazım idisə, indi təxminən 170 manat lazımdır. Bu da o deməkdir ki, yalnız son 3 aya yaxın müddətdə dollar manata nisbətən 13 faizə yaxın dəyər qazanıb. Bu da idxal olunan məhsulların 13 faiz bahalaşması deməkdir.
- Başqa nə kimi səbəblər var?
- Təbii ki, dolların möhkəmlənməsi yeganə səbəb deyil. Bu gün ərzaq məhsullarının qiymətlərinə diqqət yetirsək paytaxtla bölgələr arasında kəskin fərq var. Bəzi hallarda paytaxtda qiymət fərqi dəfələrlə ölçülür. Bu da onunla bağlıdır ki, fermerlərin bazarlara birbaşa çıxış imkanları məhduddur. Fermerlər məhsullarını birbaşa bazara çıxara bilmədikləri üçün rayonda daha ucuz qiymətə işbazlara satırlar. Onlar isə məhsulları Bakıda daha baha satışa çıxarır. Nəticədə nə fermer qazanır, nə də vətəndaş. Qazanan fermerlə vətəndaş arasında vasitəçilik edən bir qurum və ya şəxslərdir.
Bunun üçün fermerlərin bazara çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var. Qeyri-rəsmi olaraq Bakının bəzi bazarlarında fermerlərin birbaşa bazara girişi ilə bağlı baryerlər var. O baryerlər imkan vermir ki, daha ucuz qiymətə öz məhsullarını satacaq fermerlər bazara çıxa bilsinlər. O baxımdan bazara çıxışla bağlı qoyulan qeyri-rəsmi baryerlərin aradan qaldırılmasına ehtiyac var. Əgər buna nail olunsa, yerli istehsal olan kənd təsərrüfatı məhsullarının qiymətlərində azalmalar ola bilər.
- Xidmət sektorunda və daşınmaz əmlak bazarında son günlər canlanma qeydə alınıb. Bu məsələdə isə ərəb turistlərin rolu vurğulanır. Sizcə, ərəb amili bahalaşma yarada bilərmi?
- Hələlik ərəb ölkələrindən gələn turistlərin əmlak bazarına elə ciddi təsirlərinin olacağını gözləmirəm. Məsələn, İstanbulda, eləcə də Türkiyənin digər şəhərlərində ərəblər, o cümlədən digər ölkələrin vətəndaşları mənzil bazarının əsas alıcıları hesab olunsa da, bu bazarın əsas iştirakçıları arasında Azərbaycan vətəndaşları da var idi. O baxımdan, düşünmürəm ki, ərəblərin mənzil bazarına təsiri yüksəkdir. Həmçinin ərəb turistlərin ərzaq və ya məişət malları bazarında da qiymət artımına səbəb olacağını düşünmürəm. Məlumatlar var ki, Sədərək bazarının alıcıları arasında ərəblərin saylı artıb və bu da müəyyən qədər canlanma yaradıb. Ancaq bu faktın özü də qiymət artımı üçün yetərli deyil. Ərəb turistlərin gəlişi yalnız xidmət sektorunda müəyyən qədər bahalaşmaya səbəb olub.(musavat.com)