"2016-cı ilin aprelində Qarabağda hərbi əməliyyatların kəskinləşdiyi dövrdə erməni lobbisi fəal şəkildə saxta xəbərlər yayaraq Ermənistanın xeyrinə təhrif edilmiş məlumatlar verirdi"
"2016-cı ilin aprelində Qarabağda hərbi əməliyyatların kəskinləşdiyi dövrdə erməni lobbisi fəal şəkildə saxta xəbərlər yayaraq Ermənistanın xeyrinə təhrif edilmiş məlumatlar verirdi".
Bu barədə "Report" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Avropa Qəzetlər Konqresində çıxışı zamanı bildirib.
"Bir neçə il bundan əvvəl saxta xəbərlər problemi həllolunmaz kimi görünürdü. Çünki oxucular sosial şəbəkələrdə gördükləri hər cür xəbərlərə inanırdılar. Bundan əlavə, xəbər portalları böyük auditoriya cəlb etmək üçün bəzən məlumatları saxtalaşdırırdılar. İnternetə qoşulmanın tamamilə sərbəst olduğu digər ölkələrdə olduğu kimi, Azərbaycanda da insanların faktları yoxlamağın, yəni "fact checking"in zəruri olduğunu anlaması üçün çox zaman və səy lazım gəldi", - M.Əliyev deyib.
O xatırladıb ki, Azərbaycanda qanuni səviyyədə saxta xəbərlərin qəsdən yayılması halında saytların bağlanması imkanı yaranıb.
Onun sözlərinə görə, cəmiyyətin özü dezinformasiyaya qarşı tənqidi yanaşma ortaya qoymalıdır.
"İnsanların çoxu səs-küylü başlıqlardan, sensasiyalı ehtimallardan yorulub. Belə vəziyyətdə saxta xəbərlərə operativ reaksiya verməkdə və həqiqəti axtarmaqda əsas yük ənənəvi mətbuatın, informasiya agentliklərinin üzərinə düşür", - baş redaktor bildirib.
M.Əliyev həmçinin münaqişə zonalarından yalan, saxta xəbərlərin yayılmasının təhlükəli olduğunu qeyd edib.
"Kiminsə haqqında yalan məlumatlar onun siyasi karyerasına zərər vurursa və ya yalan xəbərlər biznesin zəifləməsinə gətirib çıxarırsa, müharibə zonasından həqiqətə uyğun olmayan məlumatların yayılması yüzlərlə insanın həyatını təhlükə altına salır. Məsələn, Qafqazda Qarabağ münaqişəsinin kəskinləşdiyi zaman, 2016-cı ilin aprelində erməni lobbisi fəal şəkildə saxta xəbərlər yayaraq Ermənistanın xeyrinə təhrif edilmiş məlumatlar verirdi. Yalnız "Reuters", "Associated Press", "Anadolu", İran televiziyası, RİA "Novosti", "Sputnik" kimi aparıcı KİV nümayəndələrinin sərhədyanı rayonlara səfərləri təşkil olunduqdan sonra çox sayda saxta xəbərin əsassız olduğu müəyyənləşdi", - "Report"un baş redaktoru fikirlərini tamamlayıb.
Rusiyanın "Znak.com" nəşrinin baş redaktor müavini Dmitri Kolezyov saxta xəbər probleminin Avropa və ABŞ KİV-i üçün aktual olduğunu, Rusiyada isə bunun bir nömrəli mövzu olmadığını qeyd edib.
"Ötən əsrin 80-ci illərinin sonlarından 90-cı illərinin əvvəllərinə qədər azad mətbuatın olduğu çox qısa dövr olub. Lakin, təəssüf ki, azadlığımızı tam qoruya bilmədik. KİV ardından böyük biznesin təsiri altına düşdü", - D.Kolezyov söyləyib.
Öz növbəsində, Ukraynanın "Tsenzor.net" nəşrinin baş redaktoru Sergey Qolovnov saxta xəbərlərin hazırda Ukraynada mövcud olan daha qlobal problemlərin nəticəsi olduğunu vurğulayıb.
"Ukraynada azad KİV-in rəqabət aparması çox çətindir. Çünki oliqarxların KİV-i pul qazanmır, pul qazanmağa ehtiyac da yoxdur. Həmin iş adamları yaratdıqları inhisarlardan pul qazanır, sonra da pulu öz maraqlarını müdafiə edən və dəstəkləyən media vasitələrinə buraxırlar", - o deyib.
Qazaxıstandan olan bloqer Denis Krivoşeyev bildirib ki, müasir
dövrdə xəbəri istənilən şəxs yarada bilər, KİV isə təbiətinə və qanunun məhdudiyyətlərinə görə, sadəcə, onlara reaksiya verməyə vaxtı çatmır.