azia.az
azia.az

Əkrəm İmamoğlu üçün çətin sınaq: Ya siyasətdən uzaqlaşmaq, ya da siyasi olimpi fəth etmək...

15-12-2022, 13:44


"Bu hadisə Əkrəm İmamoğlunun gələcək siyasi fəaliyyətində ona kifayət qədər divident gətirəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural Rzayev Türkiyə məhkəməsinin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barədə çıxarılan məhkəmə qərara münasibət bildirərkən deyib.

"Türkiyə kimi cəmiyyətlərdə bu olayın neqativ deyil, əslində daha pozitiv bir şey doğuracağını düşünürəm. Çünki Türkiyədə cəmiyyət həmişə siyasətdə haqsızlığa düçar olan şəxsləri yüksək qiymətləndirir. Ola bilsin ki, İmamoğlu barəsində çıxarılan həbs qərarı daxili və ya xarici təzyiqlər nəticəsində ləğv olunsun. İstənilən halda bu olay İmamoğlunun gələcək siyasi fəaliyyətində ona kifayət qədər divident qazandıracaq. Türkiyədə liderlərin həbsdə yatması məsələsi xüsusi məşhurluq qazanır. Ərdoğanın hakimiyyətə gəlməsində də onun vaxtilə həbsdə yatması xüsusi rol oynamışdı. Digər tərəfdən, Ərdoğan da Əkrəm İmamoğlu kimi Qara dəniz klanına mənsub şəxs sayılır. Ola bilsin ki, Qara dəniz klanı növbəti mərhələ üçün İmamoğlunun timsalında özünün növbəti namizədini hazırlayır".
Ekspertə görə, yaranmış vəziyyətdə Türkiyədə müəyyən gərginliklər yaşana bilər:
 
"Belə gedişat da istisna edilmir. Əsas məsələ İmamoğlunun da üzvü olduğu CHP rəhbərliyinin ona dəstək verib-verməyəcəyilə bağlıdır. Hələlik görünən odur ki, CHP rəhbərliyi nəinki İmamoğluna siyasi dəstək vermək, daha çox Kılıçdaroğlunun namizədliyi üzərindən prosesi davam etdirməyə çalışır. Kılıçdaroğlu İmamoğlu və Mansur Yavaşı deyil, əksinə, özünü CHP-nin birləşmiş namizədi qismində görür. Belə olan halda İmamoğlunun müdafiəsi məsələsində CHP rəhbərliyinin var gücü ilə çalışacağını düşünmürəm. Amma CHP lazımi dəstək versə, ölkədə İmamoğlunun müdafiəsi istiqamətində güclü aksiyalar keçiriləcək ”. 

Qeyd edək ki, Türkiyə məhkəməsi Əkrəm İmamoğlunun Yüksək Seçki Komissiyasının sədrini və üzvlərini təhqir etməsi iddiası ilə 2 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. Türkiyə Cinayət Məcəlləsinin 53-cü maddəsi ilə cəzalandırılan İmamoğlu barəsində siyasi fəaliyyətin qadağan edilməsi prosesi başladılıb. Qərar Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilərsə, Ali Məhkəməyə təqdim olunacaq. Ali Məhkəmə də qərarı təsdiq edərsə, İmamoğlu siyasətdən uzaqlaşdırılacaq.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi