azia.az
azia.az

Obama Putinə cavab zərbəsi “vura bilər”: “Reyqan əməliyyatı” nə vəd edir?

19-12-2016, 15:16

Obama Putinə cavab zərbəsi “vura bilər”: “Reyqan əməliyyatı” nə vəd edir?
Ötən həftə, ilin son mətbuat konfransında ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinin cavabını verəcəklərini bəyan etdi

Hökm qətidir: prezident də, ABŞ kəşfiyyat xidməti də Rusiyanın Birləşmiş Ştatlarda seçkiyə müdaxilə etdiyini, Donald Trampın qələbəsinə şərait yaratdığını təsdiqləyir və prezidentin dediyinə görə, gərəkən vaxtda, gərəkən yerdə Rusiyanın cavabı veriləcək. Bəs cavab zərbəsi haraya dəyə bilər? Bu suala «Reuters» agentliyi cavab axtarıb. (Azadlıq radiosu)

“QIFILLI” PLANLAR

Müəllif Tim Veiner yazır ki, Ağ ev, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin ən gizli şöbələrində fövqəladə hallardan ötrü «qıfıllı» planlar var. Yəni Vaşinqton istəsə, Moskvadakı liderləri, kəşfiyyat xidmətlərini, oliqarxları ağrıdan yerindən vura bilər. Birləşmiş Ştatlar da rusların kompüterlərinə, ofşor pullarına hücum edə, hətta Putinin casus şəbəkəsinə zərərli proqram təminatı yükləyə, onun siyasi maşınını alt-üst edə bilər. Bundan ötrü B.Obamanın geriyə – Soyuq müharibə tarixinə nəzər salması kifayətdir və o, prezidentlik dövrünün son kəşfiyyat əməliyyatı üçün yetərli layihə cıza bilər.

Tim Veiner 70-ci illərə qayıdır. V.Putin casus təyin olunduğu il – 1975-ci ildə Moskvada «Line X» adlı kəşfiyyat birliyinin fəaliyyətə başladığını yada salır. Birlik DTK-nın elm və texnologiya idarəsi, hərbi kəşfiyyat idarəsi (QRU) və Şərqi Avropadakı casus xidmətləriylə birgə işləyirmiş. Əsas missiyası ən son aparat və proqram təminatlarını, vətəndaşlar və hərbi qüvvələr haqda məlumatları ələ keçirməkmiş. O zaman SSRİ elmdə və texnologiyada Birləşmiş Ştatlardan 10 il geridəymiş. Yəni ya ABŞ-a çatmalı, ya da məhv olmalıymışlar.

Müəllif 1981-ci ildə ABŞ prezidenti R.Reyqanın Ottavada iqtisadi sammit çərçivəsində Fransa prezidenti F.Mitteranla ilə görüşünü yada salır. Tərcüməçiləri kəşfiyyat idarəsinin əməkdaşları olan görüşdə Fransa prezidenti R.Reyqana əvəzsiz bir hədiyyə –Sovetlərə qarşı ölümcül silah bağışlayır.

“GƏRƏKƏN BİLGİLƏR”

Fransa prezidenti amerikalı həmkarına DTK-da Vladimir Vetrov adlı casusları olduğunu söyləyir. V.Vetrov Qərbə «Line X»in fəaliyyətini göstərən 4 min sənəd ötürübmüş. Sənədlərdə radar sistemləri üçün proqram təminatlarının oğurlanması əməliyyatları, müharibə təyyarələri və raketlərdən müdafiə sistemləri dizaynları, kosmik gəmilərdən tutmuş, enerji istehsal edən zavodlara qədər müxtəlif sahələri əhatələyən kompüter sistemləri təsvir olunubmuş.

Müəllifin yazdığına görə, həmin sənədlə Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uliyam Kasey, MKİ-nın daha öncə rəhbəri olmuş, vitse-prezident Corc Buş, milli təhlükəsizlik müşaviri Richard Allen də tanış olur və nəticədə heyət üzvlərindən Qas Veissə uzunmüddətli cavab hücumu planı hazırlamaq barədə tapşırıq verilir.

Q.Veiss sonralar—1996-cı ildə həmin planın nəticələri haqda da yazıb. 20 il sonra həmin plandan danışan Richard Allen deyir ki, sənədlə tanışlıqdan sonra onlar Sovet kəşfiyyatını «gərəkən bilgilər»lə, yəni əslində ABŞ-ın bilərəkdən ötürdüyü bilgilərlə təmin etməyə başlayıblar. Federal Təhlükəsizlik Bürosunun (FBI) agentləri özlərini rüşvətxor casuslar kimi apararaq, Sovet hökumətinin müəyyən sahələrə əl uzatmasına, Rusiyaya baha başa gələcək defektli şeyləri ələ keçirməsinə imkan veriblər. Və cəmi bir neçə ildən sonra ABŞ-ın atdığı toplar «partlamağa» başladı. Tələfat olmadı, amma Sovet hökuməti maddi itki verirdi. Və «Soyuq Müharibə kontekstində bu, ədalətli oyun adlandırıla bilərdi”, – deyə müəllif qeyd edir.

ÖZ SİLAHIYLA CƏZALANDIRMAQ

Rusiyanın bugünkü kəşfiyyat əməliyyatlarına qarşı bu örnəkdən necə yararlanmaq olar?

Müəllifin fikrincə, B.Obama, sadəcə, rus hakerlərinin əməlləri barədə kəşfiyyat materiallarını dərc etdirməklə Moskvaya cavab verə bilər.

Amma B.Obamanın Putini cəzalandırmağa çalışdığı da ehtimal olunur. Bu, amerikalıların gözlə görə bilmədiyi, ancaq Putinin gördüyü və hiss etdiyi addım ola bilər. Məsələn, Vaşinqton elə Moskvanın yararlandığı silahı ona qarşı çevirərək, Rusiya rəsmilərinin, oliqarxlarının şəxsi, siyasi bilgilərini, şəxsi hesabları barədə məlumatları ortaya qoyar.

“Putinin Amerikanın siyasi sisteminə hücumundan öyrənə biləcəyimiz bir şey varsa, o da informasiyanın nüfuzudur. Biz onun öz acı dərmanının dadını bəyənib-bəyənmədiyini çox yaxında öyrənə bilərik”, – T.Veiner belə yazır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi