Rusiyadan Paşinyana XƏBƏRDARLIQ: Bizdən xəbərsiz...
Rusiyadan Paşinyana XƏBƏRDARLIQ: Bizdən xəbərsiz...
Kreml Ermənistanın Azərbaycanla problemlərini həll edib, Türkiyə üzərindən Qərbə inteqrasiya cəhdlərinin qarşısını almaq istəyir.
Bu barədə Türkiyənin “Diriliş Postası” qəzetində dərc olunan məqalədə bildirilib.
Məqalədə Rusiyanın Ermənistan baş naziri Nikol Paşinyanın xarici siyasətindən narahat olduğu diqqətə çatdırılıb:
“Ara-sıra Türkiyə əleyhinə çıxışlar etsə də, diaspor ermənilərindən çox uzaq profil nümayiş etdirən Paşinyan keçmiş baş qərargah rəisi Onik Qaqsparyanın çevriliş cəhdinə baxmayaraq, 2021-ci ilin iyununda keçirilən seçkilərdən sonra da öz hakimiyyətini qoruyub-saxlamağı bacardı. Qasparyan və yüksək rütbəli hərbçilər Azərbaycanın Qarabağ zəfərindən sonra ötən il fevralın 25-də bəyanat yayaraq, Paşinyanı istefaya çağırmışdılar.
Xalqın 54 faizinin dəstəyini alan Paşinyanın xüsusilə son dövrdə müstəqil siyasət yürütməsi diqqət çəkir. Paşinyanın Avropa İttifaqı (Aİ), Azərbaycan və Türkiyə ilə qurduğu dialoq Rusiyanın narahatlığına səbəb olub. Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı şurasının prezidenti Şarl Mişellə görüşən Paşinyan regionda gərginliyin azaldılması istiqamətində atdığı addımlarla sülh mesajları verir. Sözügedən üçtərəfli görüşdə sülh sazişinin hazırlanmasına başlanılması və sərhədlərin müəyyən edilməsi üçün birgə komissiyanın yaradılması barədə razılıq əldə olunub.
Ekspertlərin fikrincə, regionda həlledici rolunu itirmək istəməyən və Paşinyanın “açılış siyasəti”ndən narahat olan Rusiya hakimiyyət dəyişikliyi planını masada saxlayır. Paşinyan əleyhinə küçə nümayişlərinin davam etdiyi Ermənistanda müxalifət Paşinyana qarşı çox sərt mövqe sərgiləyir”.
Məqalədə bildirilib ki, Paşinyan Brüsseldəki görüşdən sonra verdiyi açıqlamada beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olduğuna dair xəbərdarlıq etdiyinə diqqət çəkib və razılaşmaya yaxın olduğuna eyham vurub:
“Paşinyan açıqlamasında ad çəkmədən bəzi dövlətlərin Ermənistandan istifadə etdiyini bildirib və “Erməniləri qurbanlıq qoyun statusundan çıxarmalıyıq” açıqlamasını verib. Paşinyanın belə bir bəyanat verməsi ilk olmaqla yanaşı, prosesin necə irəliləyəcəyinə dair işarələr vermək baxımından da mühüm əhəmiyyət kəsb edir.
Türkiyə ilə normallaşma danışıqlarını sürətləndirmək istəyən Ermənistanın baş naziri klassik erməni tezislərinə möhkəm bağlı olan müxalifət, diaspor erməniləri və regionda nüfuzunu itirmək istəməyən Rusiya ilə üz-üzədir.
Ermənistanın aparıcı qəzetlərindən biri olan “Hraparak”ın yazdığına görə, Azərbaycanla Ermənistan arasındakı moderator rolunu itirməkdən narahat olan Kreml Paşinyana diplomatik dillə xəbərdarlıq edib. Aprelin 20-də Kreml sarayında Putinlə görüşən Paşinyana “Bizdən xəbərsiz heç bir addım atmayın” mesajı verilib.
İki liderin görüşündən sonra Kreml tərəfindən qələmə alınmış 30 bəndlik bəyanat da dərc olunub. Bəyanatda Rusiyanın bölgədəki böhranda aktiv rolunu itirməmək istəyi, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrupunun fəaliyyətinin aktivləşdirilməsinin vacibliyi vurğulanıb”. (teleqraf.com)