Putin Paşinyana Azərbaycanla razılaşmanın yerinə yetirilməsinin vacibliyini xatırlatdı
Rusiya Dağlıq Qarabağda sabitliyin təmin olunması üçün vasitəçilik səylərini davam etdirəcək.
Bildirilir ki, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında cümə axşamı baş tutan telefon danışığının yekunlarına dair Kremlin mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.
"Dağlıq Qarabağla bağlı fikir mübadiləsi zamanı Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb. Rusiya tərəfi regionda sabitliyin təmin edilməsinə yönəlmiş fəal vasitəçilik səylərini davam etdirəcək", - məlumatda bildirilib.